Rufiz Qonaqov: - Azərbaycan istənilən beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir

Rufiz Qonaqov: Azərbaycan istənilən beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir

Azərbaycan dəfələrlə sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Lakin bunu qəbul edə bilməyən ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Budəfəki qarayaxma kampaniyası isə mayın 29-da Bakıda keçiriləcək UEFA finalı ilə bağlıdır.

 

AZpress.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, qərəzli dairələr ölkəmiz əleyhinə idmanla heç bir aidiyyəti olmayan, reallıqdan uzaq subyektiv mülahizələr irəli sürməklə beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmaması barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisini və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş “Qarabağ” – “Çelsi” oyununu qeyd etmək olar. Bu idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlik mühitindən və bu kimi irimiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.

 

R.Qonaqov əlavə edib ki, bəzi dairələr insan hüquqları, qanunun aliliyi məsələsini qabardırlar. Lakin Azərbaycan dəfələrlə sübut edib ki, bu iddiaların heç bir əsası yoxdur. Qərb ölkələrinin özündə belə hallar kifayət qədərdir. Azərbaycanın sülhsevər ölkə, xalqımızın qonaqpərvər xalq olmasını ölkəmizə gələn qonaqlar dəfələrlə etiraf ediblər. Qeyd etmək lazımdır ki, erməni idmançıların Azərbaycandakı yarışlarda iştirakı birinci dəfə deyil. Həmin yarışlar ərzində erməni idmançılar üçün heç bir problem və ya çətinlik baş verməyib. Təkcə bu faktı qeyd etmək lazımdır ki, “Bakı 2015” birinci Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı məhz dövlətimizin başçısı İlham Əliyev təqdim edib. Bu gün Azərbaycan dünyada ən sabit, kriminogen durumun aşağı səviyyəsinə görə lider ölkələrdən biri kimi tanınır. Bundan başqa, iddia olunur ki, viza rejimi problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır.

 

Politoloq qeyd edib ki, bütün bunlar xaricdəki maraqlı dairələrin Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. İrəli sürülən əsassız iddialar növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )