HEYDƏR ƏLİYEV - fədakarlıq və qətiyyət nümunəsi - - Oqtay Əsədov yazır..

HEYDƏR ƏLİYEV - fədakarlıq və qətiyyət nümunəsi - Oqtay Əsədov yazır..

https://www.facebook.com/groups/AZPRESS.AZ/ 

 

Bu günlərdə xalqımız onun ən ümdə istək və arzularını gerçəkliyə çevirmiş öz Böyük oğlu - Heydər Əliyevin 96-cı doğum gününü və siyasi fəaliyyətə başlamasının yarım əsrlik yubileyini böyük coşqu ilə qeyd edir.

Bütün şüurlu həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr etmiş ulu öndər xalqının bu tükənməz sevgisini özünün cahanşümul əməlləri ilə qazanaraq, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. Bu nadir düha milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Belə bir fövqəladə missiyanı müvəffəqiyyətlə həyata keçirmiş tarixi şəxsiyyət kimi Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimidir.

Dünya azərbaycanlılarının və bütün türk dünyasının fəxri olan Heydər Əliyevin siyasi fəaliyyətinin hər bir anı xalqının, Vətəninin taleyi ilə bağlı olmuşdur. O, respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, sonralar keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də Azərbaycanın tərəqqisi üçün səylərini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi, milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək prinsipial vətənpərvərlik mövqeyi sərgiləmişdir.

Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə hər iki gəlişi millətimiz, ölkəmiz üçün çox mürəkkəb dövrlərə təsadüf etmişdir. Müdrik siyasətçi kimi Heydər Əliyev hər dəfə xalqının ona bəslədiyi ümidləri doğruldaraq, qarşıya çıxan, çətin görünən problemləri müvəffəqiyyətlə həll etmiş, əsl fədakarlıq və qətiyyət nümunəsi göstərmişdir.

Heydər Əliyevin 34 illik siyasi hakimiyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq səhifəsini, ölkənin tərəqqisi, xalqın təbii haqqına sahib çıxması kimi şanlı bir mərhələni əhatə edir. Onun 1969-cu ildə respublikanın rəhbəri seçilməsi ilə əsası qoyulan və mahiyyətcə gələcəyə köklənmiş inkişaf strategiyasının əsas məğzini iqtisadiyyatın tezliklə dirçəldilməsi, Azərbaycanın təbii ehtiyatlarından, iqtisadi, elmi və mədəni potensialından xalqın bəhrələnməsi üçün ən əlverişli şəraitin yaradılması təşkil edirdi.

Yeni düşüncəli rəhbər qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Tezliklə respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasına başlandı. Ulu öndər böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla yanaşı, o, dəfələrlə SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı olmuşdu. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mühüm qərar qəbul etmişdi. Bu qərarların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittifaq fondundan külli miqdarda vəsait ayrılmasına əsas vermişdi.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində respublikamızda iqtisadi infrastruktur köklü surətdə dəyişdi. Azərbaycanın aqrar yönümlü respublikadan sənaye yönümlü respublikaya çevrilməsi üçün zəmin hazırlandı. İqtisadiyyatda böyük bir canlanma baş verdi. Yüzlərlə zavod və fabrik inşa edildi. Neft və neft avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə Azərbaycan keçmiş SSRİ-də ön sıraya çıxdı. Bu dövrdə 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Yeni maddi-texniki bazaya və sənaye xarakterli texnologiyalara əsaslanaraq kənd təsərrüfatının tərəvəzçilik, çayçılıq, tütünçülük, meyvəçilik, quşçuluq və digər sahələri dinamik inkişaf etdi, bağçılıq-bostançılıq sahələrində də güclü artıma nail olundu.

Məhz bu illərdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər gələcəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynadı. Prezident İlham Əliyev milli tariximizin bu dövrünü belə xarakterizə edir: "1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdi... O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir”.

1970-1982-ci illərdə Azərbaycan 12 dəfə müxtəlif ümumittifaq yarışlarının qalibi oldu, keçici Qırmızı bayraqlara layiq görüldü. 1970-ci ildə Oktyabr İnqilabı, 1972-ci ildə Xalqlar Dostluğu, 1980-ci ildə Lenin ordenləri ilə təltif edildi.

Heydər Əliyevin ilk hakimiyyəti dövründə yüksək ixtisaslı kadr hazırlığına böyük əhəmiyyət verilirdi, bu sahəyə olan ehtiyacı ödəmək üçün Azərbaycanın daxilində hazırlanan ali təhsilli mütəxəssislərlə yanaşı, Moskva və Leninqradın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocaqlarına 3500 azərbaycanlı oğlan və qız göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə respublika orta hərbi internat məktəbi təşkil edildi. Ulu öndər Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırırdı.

Ulu öndər mahir siyasətçi kimi Azərbaycanın maraqları naminə bütün imkanlardan bacarıqla istifadə edirdi. Məhz onun möhkəm iradəsi sayəsində 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası hazırlanarkən bədxahlarımızın Dağlıq Qarabağın statusu məsələsinə yenidən baxılması cəhdlərinin qarşısı qətiyyətlə alındı. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında isə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu. 1969-1982-ci illərdə, Sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev milli ruhun sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu yüksəltmək üçün məqsədyönlü addımlar atdı.

Heydər Əliyev Moskvada 1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı dövrdə də doğma Azərbaycanı unutmurdu, onun inkişafı üçün səylərini əsirgəmirdi. Onun təşəbbüsü ilə Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Azərbaycanın digər bölgələrində yeni zavodlar, fabriklər, milli memarlıq üslubu ilə fərqlənən yaraşıqlı inzibati və yaşayış binaları tikilirdi.

Ulu öndərin ittifaq mərkəzində siyasi hakimiyyətdə təmsil olunması Azərbaycana qarşı təxribatların qarşısının alınmasında əhəmiyyətli rol oynadı. 1987-ci ildə onun Sovetlər birliyinin yüksək vəzifələrindən uzaqlaşdırılması ilə ölkəmizə qarşı hazırlanmış məkrli planlara yenidən rəvac verildi. Bunun nəticəsi kimi 1990-cı ilin yanvarında Bakıda öz haqqını tələb edən dinc əhalinin qanı axıdıldı. Bu hadisə ilə əlaqədar sərt bəyanat verən Heydər Əliyev xalqla birlikdə olduğunu bir daha sübut etdi və tezliklə Vətənə - Naxçıvana döndü. Onun siyasi fəaliyyətinin Naxçıvan dövrü milli müstəqillik tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi. Ulu öndər buradan azadlıq simvolu - üçrəngli bayrağımızı qaldıraraq, Milli Qurtuluş savaşına başladı.

Ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra o dövrkü iqtidarın səbatsızlığı ucbatından məhv olmaq təhlükəsi ilə üzləşdi. Milli tariximizin belə bir çətin dönəmində xalq öz böyük oğluna səsləndi. Bütün şüurlu həyatı boyu həmişə xidmətində dayandığı xalqının çağırışına cavab verən Heydər Əliyev tezliklə Bakıya qayıtdı və 1993-cü il iyunun 15-də ölkənin Ali Sovetinə Sədr seçildi. Məhz bu dövrdən çağdaş müstəqillik tariximizdə keyfiyyətcə yeni mərhələ başlandı. Sonralar Milli Məclis bu tarixi qayıdışı Milli Qurtuluş Günü kimi dəyərləndirdi.

Ali Sovetin Sədri kimi Heydər Əliyev ölkənin gələcəyi naminə tezliklə xilaskarlıq fəaliyyətinə başladı, müstəqilliyimizin qorunması - Azərbaycanı Xalq Cümhuriyyətinin aqibətindən xilas etmək üçün çox mühüm təxirəsalınmaz tədbirlər həyata keçirdi. Azərbaycanın strateji maraqlarını nəzərə alaraq, ölkənin yeni daxili və xarici siyasət konsepsiyasını müəyyənləşdirdi.

Heydər Əliyev Prezident seçilənədək 4 ay parlamentə rəhbərlik etmişdir. Bu görkəmli dövlət xadiminin qanunverici orqana sədr seçilməsi parlamentin nüfuzunu yüksəltdi. Onu real hakimiyyət orqanı kimi bütün ölkə vətəndaşlarını narahat edən məsələlərin açıq şəkildə müzakirə edildiyi məkana çevirdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi.

1993-2003-cü illərdə, Heydər Əliyevin ölkədə ikinci hakimiyyəti dövründə gördüyü işlər həqiqətən heyrətamizdir. Bu, bir siyasi əzmkarlıq, Vətən, xalq qarşısında fədakarlıq nümunəsidir. O, xalqa arxalanaraq bütün qüvvə və bacarığını səfərbər edib ölkənin siyasi varlığı üçün real təhlükəyə çevrilmiş dövlət və hakimiyyət böhranına son qoydu. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ordu quruculuğu istiqamətində məqsədyönlü addımlar atdı. Separatizm meyllərinə son qoyuldu. Cəbhə xəttində atəşkəs elan edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün danışıqlara başlandı. Ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Dünyanın aparıcı neft şirkətləri ilə onlarca saziş imzalandı. Neft Fondu yaradıldı. Ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyində böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı.

Kənd təsərrüfatında ciddi islahatlar aparıldı. Torpaq onu becərənə verildi. Qədim İpək Yolunun bərpası istiqamətində görülən işlərin nəticəsi kimi Azərbaycan Xəzər regionunda əsas nəqliyyat qovşağına çevrildi. Beynəlxalq əhəmiyyətli yükdaşımalar və neft-qaz tranziti ölkəsi imici qazandı.

Prezident İlham Əliyev haqlı olaraq Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı - Qurtuluş Günü barədə belə deyir: "Qurtuluş gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi”.

Bu nadir tarixi şəxsiyyətin hakimiyyətə yenidən qayıdışı ilə ölkədə genişmiqyaslı hüquqi, iqtisadi, sosial islahatlara start verildi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün zəruri işlər aparıldı. Yeni Konstitusiya qəbul olundu. Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf seçki sistemi yaradıldı, dəfələrlə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Çoxpartiyalı, plüralist parlament işə başladı. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin tam sərbəst şəraitdə fəaliyyəti üçün hər cür şərait yaradıldı. Şərq-müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi ilə dövlətimizin dünya miqyasında nüfuzu xeyli artdı.

Ümummilli liderin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Ölkənin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Azərbaycanın haqq səsi dünyanın mötəbər kürsülərindən eşidildi.

Ulu öndərin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin inkişafı üçün düşünülmüş tədbirlər həyata keçirildi. Milli dövlətçilik ideologiyası, azərbaycançılıq məfkurəsi formalaşdı. Diaspor təşkilatlarının ümumi məqsədlər naminə fəaliyyəti üçün əməli addımlar atıldı. Dünya azərbaycanlılarının qurultayları keçirildi.

İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində Ümumi Daxili Məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu.

Bu nailiyyətlərin əldə edilməsində ölkənin Milli Məclisi həmişə ulu öndərin yanında olmuş, onun apardığı siyasəti dəstəkləmişdir. Heydər Əliyevin dönəmində formalaşmış yüksək səviyyəli Prezident-Parlament münasibətləri bu gün də xalqımızın rifahı və gələcəyi naminə uğurla davam etdirilir.

Ölkə parlamenti ulu öndərin təşəbbüsü ilə respublika əhəmiyyətli bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir. Ümumiyyətlə, 1500-ə qədər qanun, qərar və digər aktlar onun tərəfindən parlamentə təqdim edilmiş və müzakirələrdən sonra qəbul olunmuşdur. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın bütün sahələr üzrə möhkəm qanunvericilik bazası vardır. Ölkəmizin bu yolda ardıcıl inkişafı üçün bütün təminatlar yaradılmışdır desək, yanılmarıq.

Prezident İlham Əliyev ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri belə xarakterizə edir: "Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bugünə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı”.

Bu gün ulu öndərin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirmiş Prezident İlham Əliyev ümummilli liderin yolunu inamla davam etdirir. Məhz İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmiş, regionda liderliyi təmin edilmişdir.

Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir.

Xalqımızın qürurverici uğurlara imza atması, ölkəmizin kosmik kluba üzv olması, Bakının beynəlxalq əməkdaşlıq paytaxtına çevrilməsi dövlət başçısı tərəfindən ölkə qarşısındakı strateji hədəflərin və prioritetlərin düzgün müəyyənləşdirilməsinin və dünya dövlətlərinin Azərbaycana günbəgün artan inamının ifadəsidir. Reallaşdırılan siyasət nəticəsində bu gün "Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır və öz maraqlarını tam şəkildə qoruyur”.

Düşünülmüş siyasət, operativ dəqiq mexanizmlərlə icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, davamlı surətdə yaradılan müasir infrastrukturlar ölkənin daha yüksək mərhələyə çatmasına güclü və möhkəm zəmin yaradır.

Rəqəmlərə müraciət etsək görərik ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Bu göstəricilər iqtisadiyyatımızın dayanıqlı olduğunun göstəricisi olmaqla yanaşı, gələcəyə böyük ümidlərlə baxmağa əsas verir.

Uğurla həyata keçirilmiş neft-qaz sektoruna aid transmilli layihələr ölkənin real iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlıq üçün də möhkəm baza yaradıb. Təsadüfi deyil ki, məhz bu neft və qaz kəmərlərinin müvəffəqiyyətlə istismara verilməsi TANAP və TAP kimi qaz kəmərlərinin tikintisinə möhkəm zəmin olmuşdur.

Dövlət başçısı Azərbaycanın təşəbbüsçüsü olduğu transmilli layihələrin ölkəmizi regionun iqtisadi, tranzit və nəqliyyat mərkəzinə çevirdiyi barədə haqlı olaraq qeyd edir: "Bu gün "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb”.

Bu uğurların əldə olunmasında ölkə parlamenti həmişə dövlət başçısının yanında olmuş, mühüm əhəmiyyətli qlobal layihələrin reallaşmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Milli Məclis xalqımızın rifahı naminə bundan sonra da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətə öz səlahiyyətləri çərçivəsində dəstək verəcəkdir!

Doğma Azərbaycanımızın son illərdə əldə etdiyi bu nailiyyətlər, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi tərəfindən inamlı davamının nəticəsidir.

Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Heydər Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ uzun illər dünyanı heyrətləndirməkdə davam edəcək.

 


Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

AZƏRBAYCAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )