QOCAMAN DİKTORUN ONİLLƏRLƏ QORUDUĞU MƏKTUBLARDAKI SİRR - - Rafael Hüseyn yazır.. (+ViDEO)

QOCAMAN DİKTORUN ONİLLƏRLƏ QORUDUĞU MƏKTUBLARDAKI SİRR - Rafael Hüseyn yazır.. (+ViDEO)

Bir neçə dəfə söyləmişdi ki, sənə 40-45 il saxladığım vacib kağızları göstərəcəyəm, radionun əsl tarixi onlardadır.
Mən də səbirzisliklə gözləyirdim ki, Soltan müəllim vədinə haçan əməl edəcək və məni həqiqətən son dərəcə maraqlandırmış, az qala məxfi sənədlər kimi təsəvvür etdiyim o kağızları nə vaxt görəcəyəm.
Nəhayət ki, həmin gün də yetişdi və intizarında olduğum yadigar kağızları da gördüm.
Köhnə bir qovluqda əl xətti ilə yazılmış vərəqlər idi. Yanlarında da zərflər.
Bunlar müxtəlif insanların 1931,32,33,34,35,36-cı illərdə ayrı-ayrı ünvanlardan Azərbaycan Radiosuna yolladığı məktublar idi.
40-45 il saxlanmış bu məktublarda hansısa qeyri-adi gizlinləri tapmaq həvəsi ilə onları ard-arda tez-tələsik oxumağa başladım.
Və çox mütəəssir, bir az da pərttəhər oldum.
Elə bunlarımı neçə aylardır gözləyirəmmiş? Axı mən Soltan Nəcəfovu ciddi, hər sözünün yerini, çəkisini bilən adam zənn edirdim.
Bir neçə tay-tuşundan onun həm də şux, zarafatcıl insan olduğunu da eşitmişdim. Ancaq yaşı 70-ə çatan bir ağsaqqalın 18-19 yaşlı gənclə nə zarafatı?!
Məktubları kimlər yazmışdı və hansı mətləbləri xəbər verirdilər?
Heç bir xəbər-zad yox idi. Nə məxfi, nə qeyri-məxfi.Bütün məktublarda bir-birindən az seçilən xahişlər idi.
Filan mədəndən, filan fabrikdən, filan məktəbdən, filan idarədən filankəs.
Bəs yaxşı onlar nə istəyirlərmiş ki, radionu bütün qəlbiylə sevən, ömrünün yarım əsrini Azərbaycan efirinə həsr etmiş Soltan Nəcəfov bu məktubların üstündə əsirdi və onları 40-45 il idi ki, qoruyurdu?
İnanmazsınız, aşağı-yuxarı heç nə!
Məktublar hamısı qısa idi. Xahiş edirik Zülfi Adlgözəlovun “Zabul”unu verəsiniz. Yavər Kələntərli “Şikəstə” oxusun”, Qurban Pirimov “Çoban bayatı” çalsın...
Və bütün məktublar beləcə...
Qayıtdım ki, ay Soltan müəllim neçə aydır mənə deyirdiniz mühüm kağızlar göstərəcəksiniz, guya radionun əsl tarixi onlardadır. Mən də fikirləşirdim ki, nədirsə vacib arxiv sənədləri olacaq, heç kimin bilmədiyi, eşitmədiyi xəbərlər tapacağam orda. Bunlar ki adi dinləyici sifarişləridir.
Bizim indiki “Arzu” musiqi poçtuna hər gün Azərbaycanın dörd bucağından yüzlərlə belə sifariş məktubu gəlir. Bunların onlardan yeganə fərqi odur ki, 1930-cu illərin əvvəllərində yazılıblar, indiki məktublardan qırx neçə il köhnədirlər. Camaatımız dəyişməyib. O vaxt nə yazırdılarsa, elə indi də təxminən həminki istəklərdədirlər, təqribən eyni tərzdə yazırlar.
Soltan müəllim 1970-ci illərin ən ucuz və ən tünd siqaretlərindən olan “Avrora”sından birini də alışdırıb tüstünü ciyərlərinə çəkdi, fikirli-fikirli dilləndi: “Hə, düz deyirsən, camaatımız az dəyişib, ammma biz dəyişmişik, radiomuz çox dəyişib”.
Bir söz demədən sualedici nəzərlərlə baxdım ona.
“Bilirsən, indi də radioya bu cür qalaq-qalaq məktublar gəlir – orası düzdür. Həmin məktubları xahişlərin uyğunluğuna görə bölüşdürürlər, verilişdə məktub yazanların adlarını çəkirlər, sifarişlərini oxuyurlar, musiqləri səsləndirirlər.
Biz isə o vaxt başqa cür edirdik.
Tutalım ki, bir zavoddan hansısa fəhlə, ya hansısa kolxodan bir zərbəçi məktub göndərirdi. İxtiyarımız yox idi onun adını elə dərhal radioda çəkək. Həmin adamın iş yerinə radiodan rəsmi məktub göndərirdik, xahiş edirdik ki, bu işçini xarakterizə edən, onun nə dərcədə fərqlənən bir yoldaş olmasını bizə bildirsinlər. Müsbət cavab gələndən sonra dinləyici mıəktubları əsasında tərtib edilən konsertlərdə həmin adı çəkir, xahişini yerinə yetirirdik”.
...O çağlar Azərbaycan Radiosu ilk adddımlarını atırmış.
Bu möcüzə Azərbaycan insanının həyatına yenicə daxil olurmuş.
Və gənc Soltan Nəcəfov da, onunla birgə həmin 1930-cu illərdə Azərbyacan Radiosunun çalışanların hər biri də bu məkana müqəddəs yer kimi baxırmış.
Efirdə yalnız ən layiqli adların çəkilməsini, ən gözəl ifaların eşidilməsini, ən mötəbər sözlərin səslənməsini mümkün sayırmışlar.
...Düz deyirmiş, çox haqlıymış Soltan müəllim.
Gerçəkdən də bu məktubların heç biri sadə kağızlar deyilmiş və onları onillərlə qoruyub-saxlamağa dəyərmiş.
Bu məktubların hər biri Azərbaycan Radiosuna insanların elə sözün birbaşa mənasında sehr kimi yanaşdıqları və ən ali ehtirama layiq ünvan kimi məhəbbət bəslədikləri günlərin şahidləri idi.
Heç onlara adi kağızlar kimi baxmaq olardımı?

 

Mayın 14-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” unudulmaz diktorumuz Soltan Nəcəfovun xatirəsinə həsr ediləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )