TƏLƏBƏ YOLDAŞLARIM - - Şirinxanım Kərimbəyli ŞADİMAN

TƏLƏBƏ YOLDAŞLARIM - Şirinxanım Kərimbəyli ŞADİMAN

TƏLƏBƏ YOLDAŞLARIM

 

(Tələbə yoldaşlarıma ərmağan)

 

Ötüb keçən illəri zamanla sığalladıq,
Sabahlara yetməkçin ümidə bel bağladıq,
Bəzən qəh-qəhə çəkib, bəzən gizli ağladıq,
Heç də zənn eləmədik bir-birinə biz yadıq,
Sizlər mənə doğmasız, ey bacı-qardaşlarım,
Tələbə yoldaşlarım.

 

Mən unutqan deyiləm, bunu həyat öyrətdi,
Unutqanlıq özü də dünya boyda bir dərddi,
İçinizdən boylanan vicdanınız çox mərddi,
Ömrü dartıb aparan vaxt deyilən namərddi,
Sizlər mənə doğmasız, ey bilik sirdaşlarım,
Tələbə yoldaşlarım.

 

Otuz altı il keçib o təhsil illərindən,
Mehribanlıq hələ də düşməyir dillərindən,
Gəncliyin hərarəti tökülür əllərindən,
Xoş səadaları gəlir şükür ki, ellərindən,
Dünənki görüş vaxtı boğuldu göz yaşlarım,
Tələbə yoldaşlarım.

 

Bizim görüş yerimiz Qız qalasının yanı,
Qız qalası gizlədib orada hiss-həyəcanı,
Hərə öz sevdasının ən qiymətli mərcanı,
İsidir yuvasında uşaq, nəvəylə canı,
Siz dəyəri bilinməz qiymətli daş-qaşlarım,
Tələbə yoldaşlarım.

 

Mən o görüş yerinə gəlmədim neçə illər,
Necə etdiyim suçdan dolanıb keçə illər?!
Çəkdiyim acıları mənimlə biçə illər,
Universitet təhsilin yenidən seçə illər...
Çatılır həsrət ilən ötənlərə qaşlarım,
Tələbə yoldaşlarım.

 

Başladı müharibə, ağır keçdi günümüz,
Bağlandı yol-irizlər, içdə batdı ünümüz,
Göz yaşına büründü neçə toy-düyünümüz,
İşğala düçar olduq, yol tapmayır beynimiz!...
İnlədir bizi dövran beləcə soydaşlarım,
Tələbə yoldaşlarım...



Əziz müəllimlərin çəkdiyi cəfaları,
Bizlərə bala deyib, etdiyi vəfaları,
Bizim qazandığımız uğurlar- səfaları,
Həyat silir yaddaşdan vallah bivəfaları,
Tələbəlik illəri ömrümə sal daşlarım,
Tələbə yoldaşlarım.

 

Sizlər gənclik xatirəm heç unuda bilmədim,
Bilik elə gövhərdi başdan ata bilmədim,
Biliksiz ömür sürüb başı qata bilmədim,
Gündüzü xoş keçirib rahat yata bilmədim,
Bitməyir bu ömürlə hələ də savaşlarım,
Tələbə yoldaşlarım...

 

Dünənki görüş günü yaddaşıma həkk oldu,
Deyib, gülüb, danışdıq ömrümüzə rəng oldu,
Ötürdüyüm görüşlər öz-özümə sərk oldu,
Silkələndi yaddaşım zəlzələsi bərk oldu,
Ey könlümün evində qalan amal daşlarım,
Tələbə yoldaşlarım....


Şadimanı siz dünən xoş mərama çatdırdız,
Ürəkdə yuva qurmuş qəmi içdən atdırdız,
Ötən xatirələrlə başın yaxşı qatdırdız,
İçində haray salan təbini ucaltdırdız,
Ömrün gənclik çağına getdik yol yoldaşlarım,
Tələbə yoldaşlarım.


Tələbə yoldaşlarım.
11.05.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN