BİR XƏFİFCƏ KÜLƏK ƏSDİ - - Ramiz Rövşən yazır..

“BİR XƏFİFCƏ KÜLƏK ƏSDİ” - Ramiz Rövşən yazır..

“BİR XƏFİFCƏ KÜLƏK ƏSDİ”

 

Bir xəfifcə külək əsdi
ürəyimin yanından.
Əsdi ətəyi yellənən
bir nazik qız donundan.


Bu nə gözəl qızdı, Allah,
lap qəbirdə sevməli.
Bir də, bir də doğulmalı,
bir də, bir də sevməli.


Gecələri səhərəcən
dizinə baş qoymalı.
Yuxuda da onu görüb
diksinib oyanmalı.


Əcəl günü, son nəfəsdə
son sevdaya düşməli.
Bir cüt quştək bir qəfəsdə
onunla sevişməli.


Sonra... sonra arxayınca,
kirimişcə ölməli.
- Bəsdi, kiri, axmaq qoca,
gülməlisən, gülməli!... 

 

                                                                             ***

 

“DARIXIR”


Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.


Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, evim-eşiyim.
Yol getsəm, yolum darıxır.


Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.


Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır.

 

***


“GEDƏK BİZ OLMAYAN YERƏ”

 


Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.


Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.


Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.


Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !