İran nüvə sazişi üzrə öhdəliklərinin bir qismini yerinə yetirməyəcək -

İran nüvə sazişi üzrə öhdəliklərinin bir qismini yerinə yetirməyəcək

 İran nüvə sazişi ilə bağlı öhdəliklərinin icrasını qismən dayandırır. Bu barədə ölkə Prezidenti Həsən Ruhani məlumat vermişdir.

Hələ ki söhbət sazişin iki bəndindən – zənginləşdirilmiş uranın və ağır suyun satılmasından gedir. Satış 60 gün həyata keçirilməyəcək. Tehran bu möhləti Avropa ölkələrinə danışıqlar aparmaq üçün vermişdir. İran gözləyir ki, sazişin digər iştirakçıları da öhdəliklərinin icrası üçün tədbirlər görəcək.

Eyni zamanda Ruhani vurğulamışdır ki, saziş qüvvədən düşmür və İran sazişdən çıxmır. Tehran maraqlarının təmin olunacağı təqdirdə nüvə sazişi çərçivəsində öhdəliklərinin əvvəlki səviyyədə icrasına qayıtmağa hazırdır. Tehran bu barədə Rusiya, Fransa, Almaniya, Çin və Böyük Britaniya səfirlərini məlumatlandırmışdır.

2015-ci ildə imzalanmış nüvə sazişi BMT Təhlükəsizlik Şurasının sanksiyaları, habelə ABŞ və Avropa İttifaqının birtərəfli məhdudlaşdırıcı tədbirlərinin ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırırdı. Vaşinqton ötən il mayın 8-də nüvə proqramı barədə sazişdən çıxdığını və bütün sanksiyaların bərpa olunduğunu elan etmişdir. Həmçinin ABŞ Prezidenti Donald Tramp bütün ölkələri İran neftini almaqdan imtina etməyə çağırmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )