Şərəfli ömür yolu... -

Şərəfli ömür yolu...

https://www.facebook.com/groups/458090628035596/ 

 

Latviyanın Vilyana şəhərinin fəxri vətəndaşı, 9 orden və medalın, o cümlədən 3 – cü dərəcəli Şöhrət, 1 – ci dərəcəli Vətən Müharibəsi ordenlərinin, “1941 – 1945 – ci illər Almaniya üzərində Qələbəyə görə” medalının sahibi, 2 – ci Dünya müharibəsinin od – alovundan çıxmış Hüseyn Rüstəm oğlu Heydərov həmkəndliləri və qohumları üçün “Hüseyn müəllim”, övlad və nəvə - nəticələri üçün isə “Mirzə” (uşaqları onu belə çağırardılar) kimi yaddaşlarda qalıb.
Hüseyn Heydərov nadir hallarda ciddi və olduqca təvazökar idi, heç vaxt özünün xidmətləri ilə öyünməz və bu barədə danışmazdı.
Hüseyn müəllim bibim Fəxrinin həyat yoldaşı idi. Mən onlara tez – tez gedərdim. Hər görüşdə ondan müharibə xatirələrini danışmağı xahiş edərdim. O, mənim tarix sahəsinə olan meylimi görüb, nəhayət, günlərin birində xatirələrini həvəslə danışmağa başladı...
... Hüseyn müəllimgil ailədə altı uşaq, beş qardaş və bir bacı olublar. Atası Rüstəm kişi və anası Nisə arvad kolxozda fəhlə işləyirdi. Müharibə başlananda Hüseyn müəllimin 19 yaşı yenicə tamam olmuşdu. O, Lənkəran Pedaqoji Texnikumunu bitirib, Masallı rayonundakı Şatroba kənd yeddillk məktəbində dərs deyirdi. Yay məzuniyyəti vaxtı olduğu üçün kəndə qayıdıb, ata – anasına taxıl biçinində kömək edirdi. Böyük qardaşları Əliheydər, Fayaz və Əbdülrza müharibənin ilk günlərində cəbhəyə getdilər.
Hüseyn müəllim 1941 – ci ilin noyabr ayında cəbhəyə çağrıldı. O, 235 – ci piyada diviziyasının 732 - ci atıcı polkunda xidmət etməyə başladı. Bu ərəfədə (27 dekabr 1941 – ci ildə) Novosibirsk şəhərində diviziyanın ikinci dəfə formalaşması prosesinə başlanılmışdı. 1942 – ci ilin fevralın 19 – da diviziya tam heyəti ilə Hovosibirsk şəhərindən çıxaraq, yeni dislokasiya yerinə gəldi və 1942 – ci ilin martın 10 – da Voloqda vilayətinin Qryazovetsk rayonunda 58 – ci ehtiyat ordusunun tərkibində döyüş hazırlıqlarına başladı.
Aprel ayının əvvəllərində 235- ci piyada diviziyası Suxiniçi yük boşaltma məntəqəsindən Şimal- Qərb Cəbhəsi istiqamətinə, Çernı Dvor, Ostaşkov yük boşaltma stansiyasına göndərildi və buradan da, 1942- ci il mayın 6- na qədər olan müddətdə 120 km yürüş edərək, Demyansk rayonunun 30 km cənubunda- Kojino, Melixovo, Kadnikovo və Laptevo kəndləri istiqamətində yerləşdirilməklə 53 – cü Ordunun ixtiyarına verildi.
Diviziya ilk döyüşə 1942-ci il mayın 19- 24- ü tarixində başladı. Bu döyüşdə məqsəd Kulotino kəndinə hücum etmək və onu ələ keçirmək, sonradan isə döyüşə davam edərək cənubdan Demyanska yaxınlaşmaq idi.

235 – ci piyada diviziyası Kulotino kəndinin azad olunması məqsədilə 1942 – ci il iyulun 19 – dan 23 – dək olan tarixdə növbəti dəfə hücuma başladı. Bu dəfə birinci olaraq, 732 - ci atıcı alayı döyüşə atıldı.
Düşmən yenidən güclü müqavimət göstərməyə başladı. Əsgərlərimizin igidliklə döyüşmələrinə baxmayaraq, Kulotinonu bu dəfə də ələ keçirmək mümkün olmadı. Bu döyüşlərdə Hüseynin əsgər dostları Sergey Zubkov, Stepan Kresan, Vasiliy Lisixin, Georgi Ovçinnikov və Qriqoriy Ukrainets qəhrəmanlıqla həlak oldular.
Diviziya 1942 – ci il iyulun 24 – dən 1943 – cü ilin fevralın 16 – dək olan müddətdə düşmən ordusu ilə müdafiə vəziyyətində qaldı.
Nəhayət, fevralın 16 – dan martın 12 – dək olan tarixdə 235 – ci piyada diviziyası 53 – cü Ordunun tərkibində olmaqla, qəti hücuma keçərək düşmənin Demyansk qruplaşmasını darmadağın etdi. Bu döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi məhv edildi və döyüş sursatı qənimət götürüldü.
Düşmənin Demyansk qruplaşması darmadağın olunandan sonra, diviziya əvvəlcə Step Cəbhəsinə, daha sonra isə Bryansk Cəbhəsinə, “Kursk çıxıntısı”na göndərildi. Burada diviziyanın qarşısına başlıca vəzifə kimi Oryol şəhərinin alınması qoyulmuşdu. Diviziya bu vəzifəni şərəflə yerinə yetirdi, avqustun 5 – də Oryol şəhəri düşməndən azad olundu.
Bu döyüşlərdən sonra diviziya yenidən formalaşması üçün ehtiyata, Tula şəhərinin yaxınlığındakı Şekino dəmiryolu stansiyasına göndərildi.
Sentyabr ayında isə diviziya Belorusiyaya, Kalinin cəbhəsinə göndərildi. Burada diviziyanın əsgər və zabitləri qəhrəmanlıqla döyüşərək, Rudno, Qorodok və Nevel şəhərlərini düşməndən azad etdilər.
Gənc Hüseyn 1943 – cü ilin noyabr ayının 10 – da Kalinin (indiki Pskov) vilayətinin Nevel şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralandı və İvanovo hərbi hospitalında 4 ay müalicə alıb sağalandan sonra yenidən cəbhəyə qayıtdı.
Bu ərəfədə, 1944 – cü ilin əvvəlində 1 – ci Pribaltika Cəbhəsi yaradıldı və 235 – ci piyada diviziyası 43 – cü ordunun tərkibində olmaqla, bu cəbhəyə daxil edildi. Qarşıda yeni ağır döyüşlər dururdu.
1944 – cü il iyunun 22 – də 235 – ci piyada diviziyası Qərbi Dvina çayını keçdi və Vitebsk – Polotsk istiqamətində müdafiə istehkamı qurdu. İyunun 23 – də səhər saat 09. 00 – da başlanan ordumuzun iki saatlıq güclü top atəşindən sonra diviziyanın 732 – ci atıcı polku düşmənin ön mövqelərinə qarşı hücuma keçdi və tezliklə almanların ön müdafiə səddi yarıldı. Bu döyüşdə düşmənin 300 əsgər və zabiti öldürüldü, 240 əsgər və zabiti isə əsir götürüldü. Xeyli döyüş sursatı qənimət alındı.

Düşməni təqib edən alay Murojnitsa, Zatişe və Ujlyatino məntəqəsində almanların güclü və möhkəm təşkil olunmuş pulemyot və top atəşi ilə qarşılaşdı.

Bitebck vilayətinin Şumilinsk rayonunun Ujlyatino yaşayış məntəqəsində düşmənin müdafiə səddinin yarılması uğrunda gedən döyüşlərdə 22 yaşlı Hüseyn əl pulemyotu ilə almanların iki pulemyot dzotunu və 13 alman əsgərini məhv etdi. Gənc Hüseynin bu qəhrəmanlığı nəticəsində piyadalarımızın irəliyə doğru hərəkəti təmin olundu və son nəticədə düşmənə yeni müdafiə istehkamı qurmağa imkan verilmədi.

Hüseyn Heydərov bu döyüşdə göstərdiyi şücaətinə görə, komandanlığın əmri ilə 3 – cü dərəcəli Şöhrət ordeni ilə təltif olundu.

İyunun 26 – da beş günlük ağır döyüşlərdən sonra Vitebsk vilayəti bütünlüklə düşməndən azad olundu. Bu döyüşlərdə 2 – ci atıcı batalyonun komandiri, baş leytenant Volodin və 4 – cü atıcı taqımın komandiri, baş leytenant Yakovlev qəhrəmancasına həlak oldular. Döyüşdə ağır yaralanmış Gürcüstandan olan azərbaycanlı Məmməd isə Hüseynin qolları üstə can verdi. Bu, onunla yaxın dost olan Hüseyn üçün çox ağır itgi idi. 235 - ci atıcı diviziyası uğurlu döyüş əməliyyatına görə, “Vitebsk” fəxri adına layiq görüldü.

Vitebskdən sonra diviziyanın qarşısına şimala doğru irəliləməklə Riqaya hücum etmək vəzifəsi qoyuldu. Diviziya Riqaya doğru gedən yolda, Lielupe çayının ətrafında düşmənin güclü müdafiə səddini yarıb çayı keçdi və döyüşə - döyüşə irəliləyərək Bausk və Mitava şəhərlərini ələ keçirib, Riqa ətrafında döyüşə başladı.

Riqa şəhəri uğrunda gedən döyüşlərdə H. Heydərov yenidən ağır yaralandı və ilin sonunadək Riqa hərbi hospitalında müalicə olundu. Hüseyn ürək, qaraciyər və sağ qolundan ağır yara almışdı. O, ömrünün sonunadək qaraciyərində qəlpə gəzdirdi. Onu müalicə edən milliyətcə yəhudi həkim demişdi ki, sən öz əcəlinlə olməyəcəksən. Səni bu qəlpə oldürəcək.

Hüseyn Heydərov 1945 – ci ilin yanvarında 2 – ci qrup əlil kimi boya – başa çatdığı doğma Boladi kəndinə qayıtdı. Onun üç böyük qardaşı isə müharibədən qayıtmadı.
Hüseyn müəllim kənd məktəbində pedaqoji işinə davam etdi. O, 1947- ci ildə APİ-nin tarix fakultəsinə qəbul olundu və oranı qiyabi yolla 1953-cü ildə bitirərək, məktəbdə tarix fənnini tədris etməyə başladı.

Hüseyn müəllim 1948- 1978- ci illərdə Boladi kənd 1 saylı orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışdı. O, yuxarı siniflər üzrə tədris işinə rəhbərlik edirdi.

Müəllimlərin səmərəli fəaliyyəti, tədrisə vicdanlı münasibəti sayəsində həmin dövrdə Boladi kənd orta məktəbinin adı Respublikada öncüllər sırasında idi.

Məktəbi bitirən məzunların sorağı nəinki ölkə, eləcə də, Moskva, Sankt - Peterburq, Kiyev, Saratov və digər şəhərlərin ali təhsil ocaqlarından gəlirdi. Hazırda onların əksəriyyəti rəhbər vəzifələrdə çalışır.

Uzun müddət səmərəli pedaqoji fəaliyyətinə görə, Hüseyn müəllim “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” və 1981 – ci ildə isə Qırmızı Əmək Bayrağı ordeninə layiq görüldü. Bu ordenin şəxsən Ulu Öndər Heydər Əliyevin onun yaxasına sancmasından daim qürur hissi duyurdu.

Hüseyn müəllimin həyatında unudulmaz iz buraxan hadisələrdən biri də onun Vilyana şəhərində cəbhə dostları arasında keçirdiyi günlər oldu. Həmin vaxt latviyalılar öz xilaskarlarını qonaq kimi görüşə dəvət etmişdilər. Bu görüşdə Hüseyn müəllimə Vilyana şəhərinin fəxri vətəndaşı pasportu təntənə ilə təqdim olundu. Sonra “Döyüş şöhrəti” muzeyinin açılışı oldu. Muzeydə Hüseyn müəllimə bölmə həsr edilmişdi. Bölmədə onun döyüş yolunu əks etdirən xeyli eksponat vardı.

Hüseyn müəllim ömür- gün yoldaşı Fəxri xanımla birlikdə 7 övlad böyüdüb ərsəyə yetirib. Oğlanlardan Arif o zamankı S.M. Kirov adına ADU-nun “Mexanika və riyaziyyat” fakultəsini əla qiymətlərlə başa vurmuş və uzun illər bu mötəbər tədris ocağında müəllim işləmişdir. Neçə- neçə fəxri fərmanlara layiq görülmüş, fizika- riyaziyyat elmləri namizədi alimlik dərəcəsinədək ucalmışdı. Təəssüf ki, Arif Heydərov az yaşadı. Onun vaxtsız ölümü həm doğmaları, həm də elmi ictimaiyyət üçün ağır itki oldu.

Hüseyn müəllimin ikinci oğlu Rauf Texniki Universiteti, Sərraf İqtisad Universitetini, Afərin Kiyev Politexnik Universitetini, qızları Mahirə APİ- nin riyaziyyat fakultəsini, Gülmirə və Nəfisə isə İnşaat Mühəndislər İnstitutunu bitirmişlər.

Oğlu Sərraf Heydərov 1990- cı ildə indiki Bakı İdarəetmə Akademiyasını da bitirib və hazırda rəhbər vəzifədə çalışır.


Hüseyn müəllimin qaraciyərində uzun illər gəzdirdiyi qəlpə onu ömrünün ahıl çağlarında haqladı. Müharibədə onu müalicə edən yəhudi həkimin dedikləri düz çıxdı. Hüseyn müəllim 1997 – ci il iyulun 7 – də həmin qəlpədən dünyasını dəyişdi.

 


Nizami Hüseynov

Azərbaycan Jurnalistlər Birliyi
Lənkəran təşkilatının sədri

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !