Muğam və futbol... - - Tahir Süleymanov yazır..

Muğam və futbol... - Tahir Süleymanov yazır..

www.facebook.com/groups/1110444829106515/

 

Müasir dünyada hər bir xalqın, dövlətin inkşafında, formalaşmasında, özünütəsdiqində, təbliğində, tanınmasında incəsənət, idman mühüm yer tutur. Artıq Olimpiya oyunları, dünya və Avropa çempionatları idmanla yanaşı mədəniyyət simvoluna çevrilib. Açılış mərasimlərində incəsəntlə idmanın, ölkələrlə xalqların sintezi, yarışlarda yüksək ustalıq, mübarizəliklə yanaşı nümunəvi davranışlar möhtəşəm atmosfer yaradır...

15 ilə yaxındır televiziya muğam müsabiqələri keçirilir. Seçim turları bölgələrdən başlayaraq Sumqayıt, Bakıda yekunlaşır. Muğam ustadları qarşısında yüzlərlə gənc özlərini sınayırlar. Ən yaxşıları final mərhələsinə vəsiqə qazanır, qaliblər müəyyənləşir...

Xırda nüansları çıxmaq şərtilə yüksək səviyyədə təşkilatçılıq, sənətkarlara verilən dəyər, onların gənclərə göstərdikləri qayğı, verdikləri qiymət...

Bu illər ərzində ustad tələbkarlığı ilə neçə-neçə istedadlar üzə çıxıb, mükəmməl səslər kəşf edilib...

Layihəni ərsəyə gətirənlər, maddi, mənəvi dəstək verənlər muğam sahəsinin bilicilərinə, illərin təcrübəlilərinə güvənirlər, şərait yaradırlar...

"Zər qədrini zərgər bilər"!

Yaxın illərə kimi muğam sənəti davamlılığını itirirdi, gənc istedadlar itib-batırdı, yeni leyli-məcnunlar tapılmırdı. Muğam müsabiqəsinin nəticəsi olaraq 10-dan çox layiqli gənc ifaçıların yolu Opera və Balet teatrına açılıb.
Eyni zamanda mahir tarzənlər, musiqiçilər yetişib...

Televiziya muğam müsabiqələri ilə yanaşı Beynəlxalq Muğam festivalları da keçirilir. Muğam bütün dünyaya tanıtdırılır, təbliğ edilir.
Hərtərəfli səviyyəni təmin etmədən bunları həyata keçirmək mümkünsüzdür...

Eyni paralelliklə 15 ildi futbola da olmazın qayğı göstərilir. Müqayisə olunmayacaq dərəcədə yatırımlar edilib, maddi-texniki baza yaradılıb. Muğam sənətində olduğu kimi futbolda da istedadlılarımız yetərincədi. Fərq isə işə yanaşmadadır...

Bölgələrimizdə səslər axtarışına çıxılanda, futboldakılar top çiləməklə dəlləklik edib festivallar keçirirdi. "Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" prinsipi ilə muğamdan fərqli futbol dost-tanış yığınına çevrilib.
Uğurun təməli getdiyin yolu bilməyindədir.
Hər sahənin öz yolunu isə, ancaq ustadlar bilər. Muğam sənətində olduğu kimi...

Futbolun bu sarıdan heç bəxti gətirmədi. Muğamdakılar bölgələrə üz tutdular, futboldakılar xaricə. Muğamdakılar 10-la, 100-lə istedadları, bacarıqlıları tapıb püxtələşdirdilər, futboldakılar 100-dən çox əcnəbini milliləşdirdilər. Muğamdakılar xalqımızın dəyərini bildilər, futbol başbilənləri istedadlarımıza qənim kəsildilər, bölgələrimizə düşmənçilik etdilər...

Muğamın zəfərləri göz oxşayır, futbolun qara günlərinin sonu bilinmir. Beşikdə boğulan, üzə çıxmadan məhv edilən futbol istedadlarımız fəryad edir, muğamdakı qardaş-bacılarına həsədlə baxır... Baxır, ürəkləri çırpınır, düşünür...Bizim nə günahımız var?!

Onların nə günahı var?!

İncəsənət, idman mədəniyyətin bir parçasıdır. Futbol isə idmanın şahıdır. "Peşka"lıq bataqlığına çevrilən idmanın şahı isə futbol vəzirlərinin özbaşınalığı əlində boğulur...

Muğamın səsi zilə qalxdıqca, futbolun səsi bəmdən də aşağı düşüb, xırıldayır, Abşeron yarımadasına sıxışdırılıb can verir...

Futbolun yad "ustad"ları 15 ildi "xoruz" buraxa-buraxa futbola "zilə çıxma" deyir...

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !