Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə Əqli mülkiyyət və idman mövzusunda seminar keçirilib - (+FOTOLAR)

“Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə “Əqli mülkiyyət və idman” mövzusunda seminar keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 26 aprel tarixində dünya ölkələrində Ümümdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) elan etdiyi «Beynəlxalq əqli mülkiyyət günü»nü qeyd edilir.

Bu əlamətdar gündə keçirilən müxtəlif növ tədbirlər, görüşlər, masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin dərinləşdirilməsinə dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.

Cari ildə ənənəvi olaraq “Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təçkilatçılığı ilə 26 aprel tarixində “Əqli mülkiyyət və idman” mövzusunda seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov artıq 19 ildir ki, ölkəmizdə 26 aprel «Beynəlxalq əqli mülkiyyət günü»nün geniş qeyd olunduğunu demişdir.

Onun sözlərinə görə, hər il aprelin 26-da keçirilən bu tədbirlər fərqli mövzulara həsr olunur və “bugünkü seminarın mövzusu: “Əqli mülkiyyət və idman”dır və onun xüsusi mənası vardır”: “Belə ki, ÜƏMT-nın “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə builki açıqlamasından görünür ki, bu il keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyətin idmanın inkişafına təsirinin göstərilməsidir. Bu, eyni zamanda əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq imkanı yaradır”.

Bu ilin “Beynəlxalq Əqli Mülkiyyət Günü”nün “Qızıl uğrunda” devizi altında keçirildiyini deyən K.İmanov əlavə etmişdir:”ÜƏMT-nın müraciətində qeyd olunduğu kimi, “minilliklər boyu idman insanlarda doğurduğu heyranlıqla yanaşı, öz qüvvəsini sınamaq səylərinə, yarışların cəlbediciliyinin artmasına və insanları daha yüksək nəticələr əldə etməyə ruhlandırmağa xidmət edir”.

Bu sözlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan K.İmanov Azərbaycanın idman ölkəsi olduğunu, idmançılarımızın yüksək səviyyəli yarışlarda qalib çıxaraq, xalqımızı və hər birimizi ruhlandırdığını bildirib. O, demişdir:”“Cənab Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışındakı sözlərlə desək: “İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq”.

Azərbaycanın bu günkü reallıqlarından danışan K.İmanov ölkəmizin yeniləşdiyini, qüdrətləndiyini, nüfuzunun beynəlxalq miqyasda artdığını xüsusi qeyd etmiş və cənab Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyasının yeni uğurlu nəticələr verdiyini, Azərbaycan iqtisadiyyatında artım olduğunu, 2019-cu ilin yanvar-fevral aylarında ÜDM-un nəticələrinin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% artdığını, sənayenin qeyri-neft sektorundakı artımının isə 15,5%-ə çataraq dünya rekordu səviyyəsində olduğunu diqqətə çatdırmışdır. O vurğulamışdır ki, “bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur: minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır və cənab Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərilə desək, “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…”.

Çıxışını davam edərək, K.İmanov qeyd etmişdir ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir və bu fikrini nüfuzlu beynəlxalq təşkilatın verdiyi məlumatla təsdiq etmişdir: “Fransanın «Opinion Way» şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını cənab Prezident İlham Əliyevin siyasətinin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1%-i isə son bir ildə görülən işlərə müsbət qiymət verir”.

Onun sözlərinə görə, heç də təsadüfi deyil ki, Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasındadır. “Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır”.
Mövzunu davam edən K.İmanov bildirilmişdir ki, “dövlət başçımızın yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrələrini verir”: “Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son Hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir. Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı-dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət sahəsində geniş miqyasda həyata keçirilir”.
2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklərin baş verməsini bildirən K.İmanov qeyd etmişdir ki, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

O, demişdir: “Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti sahəsində səlahiyyətləri, onun tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinə verilmiş və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, yeni Nizamnamələri təsdiq edilmişdir. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətinə başlamışdır”.

“Yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasıdır, elektron, rəqəmli kitabxanaya çevrilməsidir”, - deyən Əqli Mülkiyyət Agentliyinin rəhbəri fikrini belə tamamlamışdır: “Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır”.

Daha sonra K.İmanov qarşıdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsipin cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etmək olduğunu bildirmişdir.

Üç gün öncə Moskva şəhərinə fəxri qonaq və spiker qismində dəvət edildiyini qeyd edən K.İmanov çox mötəbər beynəlxalq konfransda dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən islahatların çox müsbət qarşılandığını, hətta Rusiyanın əqli mülkiyyət üzrə tanınmış rəhbərləri və alimləri tərəfindən bu təcrübəmizi öyrənmək üçün təkliflər irəli sürüldüyünü diqqətə çatdırmışdır.

Tədbirin əsas mövzusuna keçən Agentliyin rəhbəri qeyd etmişdir ki, əqli mülkiyyəti idmanla bağlayan çoxsaylı tellər mövcuddur: “Təsəvvür edin, siz stadiona və ya hansısa bir idman meydançasına daxil olmaq ərəfəsindəsiniz, yarış hələ başlamayıb və siz hansı mənzərələrlə qarşılaşırsınız? İlk gözümüzə toxunan – azarkeşlərin sevdiyi idman klubunun və ya idmançıların adları və ya şəkilləri olan köynəklər, papaqlar və digər geyimlərdir. Bu isə o deməkdir ki, yarışdan öncə brendinq, brendlər – komandanın əmtəə reklamı artıq işdədir. Bu brendlərin çərçivəsində bir sıra ƏM obyektləri qorunur. İdman meydançasına daxil olduqda görürük ki, meydança hər hansı bir komandanın, klubun adlarını və loqotiplərini təmsil edir, yaxud tanınmış idmançının adını daşıyır, üstəlik, burada sponsorların da adlarını görmək olur. Bütün bunlar əmtəə nişanlarının nümayişidir. Yarış başlanır, meydançadakı televiziya kameralarının işığı güclənir, kommentatorlar, yayım təşkilatları tamaşaçılar və dinləyicilər auditoriyasını salamlayır və rabitə texnologiyalarının yaratdığı yeni imkanlar hesabına milyardlarla insanları meydançadakı yarışa qovuşdurur”.

O vurğulamışdır ki, “bütün bunların arxasında müəlliflik hüququ və əlaqəli hüquqlar durur”.
“Yarışların gedişində idmançılar müxtəlif idman növlərindən asılı olaraq, toplardan, beysbol alətlərindən, raketkalardan və s. ekipirovka vasitələrindən istifadə edirlər”, - deyən K.İmanov bunların isə sənaye nümunələri, yəni dizaynın nümayişi olduğunu diqqətə çatdırdı.

“Fasilə zamanı, daha diqqətli olsaq, idmançını, məsələn futbolçunu müxtəlif rəngli butslarla da müşahidə etmək mümkündür. Bu idman çəkməsi bir sıra əqli mülkiyyət növlərini özündə nümayiş etdirir, o cümlədən texnologiyasını qoruyan patentləri, zahiri görünüşünü – əmtəə nişanını və onlara aid olan reklamı – müəlliflik hüququnu”, - deyərək, K.İmanov qeyd etmişdir ki, idman milyardlarla dollarlıq qlobal sənayeyə çevrilmişdir və bu, obyektlərə (idmandan yayım təşkilatlarına qədər) investisiyalar gətirir, dünyada milyonlarla insanı işlə təmin edir və çoxlarına sevinc bəxş edir.

Çıxışına davam edən K.İmanov bildirmişdir ki, bu gün idman getdikcə daha çox idman-tamaşa tipli şou-biznes tədbirləri və müvafiq fəaliyyətlə önə çıxır, yəni idman yayımının həyata keçirilməsi, idman sponsorluğu, idman infrastrukturunun işləməsi, idman mallarının industriyası, idman təchizatı və ekipirovkası, idman lotereyaları və s. Bununla da əqli mülkiyyət nəticələrinin istifadəsi idman sahəsində idman fəaliyyətini, idman tədbirlərini ən qüdrətli maliyyə mənbəyinə çevirir.

O, həmçinin qeyd etmişdir ki, dünyada idman industriyasından əldə edilən ümumi gəlirlər, o cümlədən sponsorluq, keçirilən yarışlarda tamaşaçı ödənişləri və daxil olmaları, KİV-lərin hüquqları ilə bağlı və onların kommersiyalaşmasına aid rüsumlar və s. 150 mlrd. ABŞ dollarını ötüb. Digər tərəfdən geyim və ayaqqabılarla bağlı idman ləvazimatı, yəni idman mallarının qlobal dövriyyəsi 300 mlrd. ABŞ dollarını keçib. K.İmanovun sözlərinə görə, Avropa Komissiyasının araşdırmalarına əsasən, Avropada kütləvi idman növləri üzrə yalnız KİV-lərə hüquqların verilməsindən əldə olunan illik gəlir 500 mln. avrodan çoxdur.

İdmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarınına əsaslanan işgüzar əlaqələri gücləndirir. Bu isə öz növbəsində, idman təşkilatlarının bizim həzz aldığımız tədbirləri maliyyələşdirməsi və idmanın təşviqinitəmin etməsi ilə bu sahənin inkişafını stimullaşdırır.

Avropa Komissiyasının məlumatına əsasən, dünya ÜDM-in 2%-i idman sektoru tərəfindən yaradılır. Son tədqiqatlar isə göstərir ki, dünya idman industriyasının 2023-cü ilə qədər inkişafı illik 7-11% artımla müşahidə olunacaq. Fikrini davam etdirən K.İmanov qeyd etmişdir ki, “Beləliklə, idman sahəsində daha geniş şəkildə istifadə olunan əqli mülkiyyət formalarından biri universallığı və geniş tətbiqi baxımından fərqlənən əmtəə nişanıdır. Çünki istənilən ƏM obyekti, o cümlədən idman klublarının adları, açar ifadələr və digər adlar əmtəə nişanı formasında qeydiyyatdan keçirilə bilər”.

O əlavə etmişdir ki, idman təşkilatlarının malik olduğu ən qiymətli aktivlərdən biri onların adları, loqotipləri, xarakteristikasını müəyyən edən digər vasitələrdir ki, ictimaiyyət tərəfindən nisbətən asanlıqla identifikasiya olunur və bunlarla həmin təşkilat ictimaiyyət arasında tanınır. “Elə buna görə də göstərilən fərqlənmə nişanlarına olan hüquqlarını mühafizə etmək üçün idman yarışlarının təşkilatçıları və idman təşkilatları onları müvafiq qaydada daha çox əmtəə nişanı qismində qeydiyyatdan keçirirlər”.
K.İmanov idman sahəsində geniş yayılan əmtəə nişanları – loqotiplər olduğunu, üstəlik, loqotiplərin müəlliflik hüququ ilə də qoruna bilinməsini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, idmanda yazılmış vizual təsvirlərinə və ya idman yarışlarının reportajlarına, tədbirlərin, komanda və idmançıların şəkillərinə, idman sahəsində idarəetmənin həyata keçirilməsi üçün istifadə olunan qaydalar, hesabatlar və digər materialların toplusuna, həmçinin idmanın təbliği, kompüter proqramlarının qorunması və idman yarışlarının dərc olunmuş nəticələrinə münasibətdə görürük ki, bunlar müəllif-hüquq obyektləri qismində qorunurlar.

Çıxışda həmçinin bildirilmişdir ki, idman industriyası üçün müasir müəlliflik hüququ konsepsiyasından irəli gələn və ən çox gəlir gətirən ƏM formalarından biri yayım hüququ, yəni əlaqəli hüquqlardır. Oyunların radio və televiziya ilə yayımlanması idman yarışlarının canlı auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Onun idman sahəsi üçün üstünlükləri təkcə idman azarkeşlərinə idman yarışlarının keçirildiyi yerlərdə şəxsi iştirakının alternativini təqdim etməklə məhdudlaşmır, eyni zamanda azarkeşlərin coğrafi yerindən asılı olmayaraq sayını artırır.

ƏM-in müxtəlif növlərindən biri olan patentlər də idman sahəsində hüquqların qorunması üçün istifadə olunur, lakin məhdud və müəyyən kontekstdə, məsələn, müxtəlif idman ləvazimatı və avadanlıqlarına, idman ekipirovkalarına münasibətdə texnologiyaların qorunmasıdır.

O, daha sonra əlavə etmişdir ki, əqli mülkiyyət hüquqlarının qorunması eyni dərəcədə həm individual, həm də komanda idman növlərində həyata keçirilir. Kommersiya hüquqlarının və kütləvi informasiya vasitələri ilə bağlı hüquqların verilməsi idman komandalarına və idman liqalarına, idmançılara imkan verir ki, müstəqil ticarətin faydalarını görsünlər və özlərini reklam etsinlər, həmçinin öz populyarlığını istifadə etsinlər.

İdmançılarımızın parlaq qələbələri ilə yanaşı, bu gün Azərbaycanın dünya səviyyəli yarışları ən yüksək səviyyədə təşkil edən idman ölkəsi imicini qazandığını qürur hissi ilə qeyd edən K.İmanov bütün dünyanın idman həvəskarlarının yüksək qiymətləndirdiyi Birinci Avropa oyunları, bütün İslam dünyasında böyük əks-səda doğurmuş “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”, dördüncü ildir ki, ən yüksək səviyyədə ölkəmizin Milli Gimnastika Arenasında keçirilən İdman gimnastikası üzrə Dünya Kuboku yarışları, Bakıda uğurla keçirilmiş 17 yaşınadək qızlar arasında futbol üzrə dünya çempionatı, artıq bir neçə ildir ki, dalbadal Bakıda çox uğurla təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisi və s. yarışları diqqətə çatdırmışdır.

Hazırda Bakı şəhəri 2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir final oyunlarının və üç qrup qarşılaşmasının bir neçə oyununun təşkilinə, həmçinin bir çox digər dünya və Avropa səviyyəli idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda, çovqan kimi qədim oyunumuzun UNESCO tərəfindən qeyri-maddi irs incisi kimi qorunması da hər birimizdə qürur hissləri doğurur.
Bu cür mötəbər idman yarışlarını sadalamaqda əsas məqsədin sadəcə onları xatırlatmaq olmadığını qeyd edən K.İmanov bu yarışların əqli mülkiyyətlə sıx bağlı olduğunu, Agentliyin rəsmi müraciətlər əsasında təşkilatçılar və yarışlar zamanı istifadə olunan əsərlər və tərkibində əqli mülkiyyət olan məhsulların hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsində, bununla bağlı lisenziya sazişlərinin bağlanmasında ortaya çıxan məsələlərin həllində köməklik göstərdiyini bildirmişdir. “Bu heç də təsadüfi deyil, çünki Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin apardığı tədqiqatlar göstərir ki, saxtakarlıq və kontrafaksiya nəticəsində idman industriyası hər il satışların 6,5%-i miqdarında itkilərə məruz qalır, bu isə 500 mln. avro və itirilən 5800 iş yerləri deməkdir”.

Çıxışının sonunda K.İmanov ÜƏMT-nin builki müraciətində hamını idmanın ruhlandırıcı və canlandırıcı imkanlarını birgə qeyd etməyə, yeni innovasiya fəaliyyətləri yaratmağa və insanları yeni yüksəkliklər əldə etmək üçün birləşməyə, dünya idmanında bizi daha çox heyrətləndirən innovasiyalar haqqında danışmağa və idmanın gələcəyi ilə bağlı baxışlarımızı birgə bölüşməyə çağırdığını diqqətə çatdırmışdır.

O, hamını bu tədbirlərin fəal iştirakçısına çevrilməyə, həm idman yarışlarında, həm də innovasiya və yaradıcılığın inkişafında fəal iştirak etməyə çağırmış, bu yolda hamıya uğurlar arzulamışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !