Dollar kompensasiyası - - Adı siyahıda olmayanlar nə etsin?

“Dollar kompensasiyası” - Adı siyahıda olmayanlar nə etsin?

Dollar kreditlərinə görə kompensasiyaların ödənişinə start verildi; problemlərlə üzləşənlər Apelyasiya Komissiyasına müraciət edə bilər


Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.

Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev ilk tranş məbləğini açıqlayıb: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. Tranşın məbləği 350,8 milyon manatdır".

Qeyd edək ki, kompensasiyanın ödənilməsi prosesində yaranan problemlərin həlli üçün Apelyasiya Komissiyası da yaradılıb. Prezident tərəfindən bu il fevralın 28-də təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə MBNP-də Apelyasiya Komissiyası yaradılıb.

Fəaliyyətə başladığı dövrdən Apelyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Qeyd edək ki, problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi ətrafında çoxsaylı suallar qalmaqdadır.

Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar Apelyasiya Komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraciətə baxıb cavablandırmalıdır. Digər tərəfdən, kompensasiya almaq hüququ olduğunu iddia, edən amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlar da eynilə Apelyasiya Komissiyasına müraciət etməlidirlər. Əgər Apelyasiya Komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman Azərbaycan qanunvericiliyinə uyğun olaraq, vətəndaşların məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

İqtisadçı onu da qeyd etdi ki, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılsa da, vətəndaşın artıq ödədiyi faiz və cərimələr qaytarılmır: “Qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaş bankdan 10 min dollar kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Digər vətəndaş isə 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınmır. Bu baxımdan da bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənzimlənməsi məqsədəuyğundur”.

V.Bayramov həmçinin 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təklifləri martın əvvəllərində hökumətə təqdim etdiklərini bildirdi: “Ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik. Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də məhkəmə qərarı ilə kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi prosedurları keçməyə çalışmalıdırlar”.

Başqa şəxslərin adına kredit götürüb ödəyənlərə gəlincə, iqtisadçı vurğuladı ki, belə halların sayı az deyil: “Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, kompensasiya ilə bağlı problem yaşayanlar, adını siyahıda tapa bilməyənlər apelyasiya şikayəti verə bilərlər. 10 min dollardan artıq olan problemli kreditlərin taleyinə gəlincə, Palata sözçüsü, fərmanın yalnız 10 min ABŞ dollarına qədər kreditlərə şamil edildiyini bir daha vurğuladı.

 

Allahverdiyev qeyd etdi ki, may ayının sonuna qədər kompensasiyaların ödənilməsinin tam yekunlaşması nəzərdə tutulur: “Bağlanan bankların müştərilərinə, eləcə də BOKT-ların müştərilərinə kompensasiya ”Azərpoçt" vasitəsilə ödənilir. Kompensasiya yalnız əsas kredit borcuna görə hesablanır".

Bank hüququ üzrə mütəxəssis Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında prezidentin fərmanını və kompensasiya mexanizmini yüksək qiymətləndirdiyini açıqlayıb: “Bu fərmanın dilindən və üslubundan da hiss olunur ki, onu hüquqşünaslar deyil, iqtisadçılar hazırlayıblar. On görə də üslubunda bir qədər problem var. Ancaq bunu ciddi problem hesab etmirəm. Məsələn, fərmanın icrası ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq qaydalar qəbul edib. Qaydaların adından elə yalnız dollar kreditlərindən söhbət gedir, mətndə isə qeyd edilir ki, həm də milli valyutada olan kreditlərdən söhbət gedir. Bu kimi nüanslar var. Digər tərəfdən, banklara az qala göstəriş verilir ki, restruktruzasiya etsinlər, prezident isə banklara belə bir tapşırıq verməyib, tövsiyə edib. Bu məsələnin sırf hüquqi və texniki problemləri var, lakin bunlar vətəndaşları elə də maraqlandırmır”.

Hüquqşünas hesab edir ki, hazırda əsas problem 10 min dollardan və ya 17 min dollardan çox krediti olan şəxslərə aiddir: “Elə şəxslər var ki, 2014-cü ildə 12 min dollar kredit götürüb, 2015-ci ilin 21 fevral devalvasiyasında 10200 dolları qalmışdı. 200 dollara görə bu kompensasiya məbləği həmin şəxsə şamil edilmir. Lakin elə adam var ki, 50 min dollar götürüb, devalvasiya ərəfəsində 10 min dollardan az borcu olduğuna görə ona kompensasiya düşür. Yaxşı olardı ki, kompensasiya 50 min dollara qədər kredit götürənlərin 10 min dollarına şamil edilsin. Bu baxımdan bəzi vətəndaşlar özlərini ayrı-seçkiliyə məruz qalmış kimi hiss edirlər”.

Kompensasiyanın mexanizminə gəlincə, bəzi vətəndaşlar adlarını Palatanın yaratdığı portalda tapa bilmirlər. Onlara tövsiyə edirik ki, MBNP-yə müraciət etsinlər, orada Apelyasiya Komissiyası yaradılıb. Burada problem həllini tapmasa məhkəməyə müraciət edə bilər. Bəziləri adlarını portalda tapsalar da, güzəşt məbləği ilə razı deyillər. Qısa vaxtda proses getdiyinə görə bu səhvləri anlamaq olar. Bu halda vətəndaşlar Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Digər problem isə cərimələrlə bağlıdır. Çünki ödənilən vəsaitlərin böyük bir qismi cərimələrin ödənilməsinə yönəldilib. Ancaq indiki halda vətəndaşın ödədiyi məzənnə fərqi qaytarılır, amma bankın tutduğu amansız cərimələr qaytarılmır. Bu halda belə çıxır ki, borcunu gec də olsa ödəyən və vəsaitinin bir qismi cəriməyə çıxılan vətəndaşlara həmin pul qaytarılmır, əsas borca sayılmır. Ancaq borcu ödəməyən vətəndaşların borcuna hesablanan cərimələr və faizlər tam silinir. Bu, gələcək üçün pis bir siqnaldır. O zaman hamı düşünəcək ki, borcu verməmək daha yaxşıdır, çünki verməyənlərə daha çox güzəşt edilir. Buna yol vermək olmaz. Ümumilikdə hesab edirəm ki, yaxın aylarda bu proses tam bitəcək".

 

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat” 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !