Vaxt tez keçir... - - Tahir Süleymanov

Vaxt tez keçir... - Tahir Süleymanov

https://www.facebook.com/groups/458090628035596/ 

 

Deyirdim ki, darıxma, Böyük, 60-illik yubileyini gözləyirik. Artıq 61 oldu.

Böyükağa Hacıyev haqqında keçmiş zamanda danışmaq olmur. Buna sağlığında özü imkan verməyib. Gülərüz, zarafatcıl, ünsiyyətçil, böyüklə böyük, kiçiklə kiçik kimi, nəvazişlə davranardı...

Nə qədər gərgin anlarımız, məsuliyyətimiz olsa da, xoş əhvalı, zarafatları ilə kollektiv arasında müsbət aura yaradar, stresi götürərdi...

Arada zarafatları ilə bizdən "qisasını" da alardı...

Antalyada təlim-məşq toplanışlarında olarkən digər komandaların məşqçilər korpusu, Türkiyə millisinin, "Antalyaspor"un veteranları, arada öz gənc oyunçularımızla asudə vaxtlaımızda futbol oynayardıq. Bu, komanda daxilində gözəl atmosferin yaranmasını təmin edirdi, eyni zamanda ağır iş rejimindən sonra psixoloji bərpa prosesinə köməklik göstərirdi. Belə dostluq oyunlarının təşəbbüskarı hər zaman Güloğlan Cabbarovla ikimiz olurduq...

"Neftçi" ilə yanaşı Yuranın rəhbərliyi altında "Simurq" da yardımçı meydançada məşqlərini keçirdi. Razılığa gəldik ki, özümüz də oynayaq. Yuranın məşqçilər korpusu çox güclü idi. Özü, qardaşı, fiziki hazırlıq üzrə məşqçisi, İqor Getman və s. Biz də zəif deyildik, Bəxtiyar Musayev, Tərlan Əhmədov, Kamal Quliyev və digərləri...

Böyük, dərhal, zarafatyana bir "plan" qurdu. Bizi, yəni rəhbərliyi uduzdurmaq üçün məşqçilərimizi, axşam planlaşdırma var, adıyla, "aradan götürdü". Məqsəd, çay süfrəsi arxasında bizim necə böyük hesabla məğlub olacağımızın müzakirəsiydi. Rəqibə baxanda heyətimiz xeyli zəifləmişdi. Bir Kamal Quliyev bizimlə idi...

Bir tərəfdə podsovet məkanının ən güclü futbolçularından olmuş Yuran öz dəstəsilə, digər tərəfdə isə demək olar ki, inzibati heyətlə biz. Üstəgəl də yaş fərqi...

Başqa yolumuz yox idi. Oyunu müdafiədən qurduq, dözülməz rəqabətdə matçı 4:4 bitirə bildik. Canımız çıxsa da, bu, şəraitə uyğun qələbədən artıq idi. Məğlubiyyəti həzm edə bilməzdik. Oyunun gedişində elə anlar yaşanırdı ki, sanki "naqruzka"dan Kamalı indi xərəyə qoyub ikinci ürək əməliyyatına aparacayıq...

Böyük, çay süfrəsi arxasında bizi gözləyirdi. Nəticəni eşidib, inanmadı. Dəqiqləşdirəndən sonra Yuranı bir partiya "yüklədi", "bu da mənim dünya səviyyəli futbolçum, indi gəl rəhbərliyin qabağında dur, söz de. Dərhal başlayacaqlar, heç yuranlar bizimlə bacara bilmir".

Böyük, ikinci, "B" planı hazırlamasaydı, Böyük olmazdı...

İkinci oyunumuzun vaxtını müəyyənləşdirmişdik. Bu dəfə tam məşqçilər korpusu ilə. Qələbə qazanmağa köklənmişik. Vaxtı-vədəsi yetişdi, formanı geyinib, hazırlaşıb gəlmişəm stadiona, meydana. Böyük də məşqçiləri yığıb məni gözləyir. Meydana daxil olan kimi, alqış sədaları ətrafı bürüdü. Baxıram ki, rəqib yoxdu....

Böyük məşqdə Yurana yaxınlaşıb və mənim adımdan üzrxahlıq edərək, "v.-prezident dedi ki, bu gün oyun olmayacaq, təcili klubla bağlı işləri var. Dedi, qalsın sonraya"... Təbii ki, Yuran da inanıb, məşqdən sonra komandasını götürüb çıxıb gedib...

Axşam Yurana deyirəm ki, baş məşqçimiz sizi məğlubiyyətdən xilas edib, dostluq görüşünü təxirə salıb, biz hazır idik...

Hamılıqla bir xeyli söhbətləşib, zarafatlaşıb, xoş əhval-ruhiyyə yaradaraq işimizə davam edirdik...

Böyükağa Hacıyev həmişə deyirdi, "biz gülə-gülə çempionluqları qazanırıq".

Ad günün mübarək!
Ruhun şad olsun, Böyük!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !