DAVAM EDƏN SOYQIRIMLAR... -

DAVAM EDƏN SOYQIRIMLAR...

https://www.facebook.com/groups/604248139738662/ 

 

XX əsrin ikinci yarısında Kamboca və Ruandada müdhiş soyqırımlar törədilib. Pol Pot rejimi tərəfindən gerçəkləşdirilmiş genosiddə 1, 5 milyon insan məhv edilib. 1994-cü ildə baş vermiş Ruanda soyqırımında hutu xalqının cəmi 100 gün ərzində tutsi xalqının 1 milyon nümayəndəsini öldürdüyü söylənilir. (1.52)

 

Ötən əsrin sonlarının ən dramatik proseslərindən biri də bizim ölkəmizdə yaşanıb.

“Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Mux­tar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilmiş, 20 min azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif dərəcəli xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşmüş, Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Müharibə nəticəsində 900-dən çox ya­şayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mülki əhalinin ümumilikdə 9 milyon m2 sahədə evləri, dövlət müəssisələri və sosial obyektlər dağıdılmış və yandırılmışdır.” (2.3)

 

Bu müdhiş proses irili-xırdalı soyqırım aktları ilə müşayiət edilib.

 

Xüsusi olaraq qeyd edilməlidir ki, azərbaycanlılar XX əsrin əvvəllərindən bəri soyqırıma məruz qalıblar.

 

21 il bundan əvvəl, 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış mühüm sənəddə, “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda deyilir: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.”(7)

 

Ötən əsrin sonlarında qanlı tarix yenidən təkrarlanmağa başladı.

 

21 oktyabr 1987-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov. İKP plenumunda vəzifəsindən azad edildi. Bu hadisədən bir neçə gün sonra Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A. Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Həmin il noyabrın 18-də A. Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı. (3.20)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda söylədiyi nitqdə bu hadisələrə toxunub: “1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.” (8)

 

Sovet İttifaqı dağıldıqdan sonra baş vermiş ən dəhşətli hadisə Xocalı soyqırımıdır. Ulu Öndər bu faciənin onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdi: “ Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi.” (4.21)

 

İngilis jurnalisti Tomas de Vaala müsahibəsində erməni hərbi komandiri Serj Sarkisyan ciddi bir etiraf edib. Bu şəxsin müsahibəni verdikdən bir neçə il sonra, 2008-2018-ci illərdə Ermənistana rəhbərlik etməsini nəzərə alsaq, sözügedən etirafın əhəmiyyətliliyi daha da artır: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar sadəcə olaraq bizimlə zarafat edirlər. Azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək adamlardır. Bütün bunları dəyişdirmək lazım idi. Belə də alındı.” (5.210)

 

Bu Xocalı soyqırımının planlı şəkildə həyata keçirilmiş, “ssenari”si xeyli əvvəl tərtib olunmuş bir aksiya olduğunu sübut edir. Azərbaycan tarixçisi Boran Əziz Xocalı soyqırımı haqqında yazır: “Bu hadisə, əslində, birdən-birə deyil, uzun illər ərzində diqqətlə hazırlanmış, ciddi siyasi-maliyyə dəstəyi alan partiya, sovet orqanları tərəfindən himayə edilən bir addım olmuşdur.” (6.26)

 

Xocalı soyqırımı onu həyata keçirən hərbi cinayətkarların bədnam planlarına əsasən Azərbaycan xalqında xof yaratmalı idi. Amma, bu hadisə nəticəsində azərbaycanlıların ruhu sarsılmadı, daha da gücləndi. Ermənistanın silahlı təcavüzü ilə bağlı şübhədoğurmayan informasiyalar dünyaya translyasiya edildi.

 

“Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.” (9.)

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsində yazır: “Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, sonrakı 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən diaspor qurumlarının imkanlarından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.

 

 

Hazırda:

dünyanın 13 ölkəsi parlament səviyyəsində,
ABŞ-ın 22 ştatı parlament səviyyəsində,
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır.” (10)
Qənaətimizcə bütün bunlar sübut edir ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzündə soyqırım elementi (Xocalı soyqırımı işğalçılar tətəfindən törədilmiş vəhşiliklərdən biridir ) barədə dünyanın məlumatlandırılması erməni faşizminin iş üzünün açılmasında müstəsna rol oynayıb.

 

7 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş Genosid haqqında Konvensiyanın qəbul edilməsinin 70-ci ildönümü münasibətilə çıxış edərək dünyanı soyqırım təzahürlərinə daha ciddi yanaşmağa çağırdı. (11.)

 

 

 

Fuad Babayev

siyasi elmlər üzrə fəlsəfə doktoru,

əməkdar jurnalist

 

 

 

 

İstifadə edilmiş ədəbiyyat

Большая актуальная политическая энциклопедия. М,. 2009, 422 с.
Süleymanov E., Süleymanov V. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri. B,, 2013. 176 s.
Xocalı yaddaşı. B., 2017. 336 s.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi. Xocalı-1992. B., 2012. 212 s.
де Ваал Т. Черный сад. Армения и Азербайджан между миром и войной. М., 2014. 392 с.
Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. B.,2014. 240 s.
az.wikisource.org
azertag.az
azertag.az
1905.az
ria.ru

 

 

“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

“31 mart – tariximizin faciəli səhifəsi”

Bakı – 2019

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !