Yaz gəlsə də...Futbol oyanmır ki, oyanmır... - - Tahir Süleymanov

Yaz gəlsə də...Futbol oyanmır ki, oyanmır... - Tahir Süleymanov

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Yaz gəlsə də futbolumuzda yarpaq tökümü davam edir. Ətrafda torpağın oyandığını, gül-çiçəyin açdığını görəndə, qəribə mənzərə yaranır. Futbol oyanmır ki, oyanmır...

Yazın qan qaynayan vaxtında futbolumuz qış yuxusuna gedib, heç Avroliqanın Bakı finalı da bölgələrimizdə böyüklü-kiçikli başı qarlı Qafqaz sıra dağlarının ətəklərini isidə bilməz.

Baharın istisindən Qəbələdəki dağlar da qoynundakı "Qəbələ" üçün sel yağışından göz yaşı tökür. Şahdağ, Kəpəz, Göyəzən, Talış dağlarının futbol göz yaşları quruyub artıq...

Böyük futbol elmdir, təhlillərə söykənir, söykənməlidir. Nə yazıq ki, Azərbaycan futbolunu dağıdanlar və üzdənyanaşmalar ölkə futbolunu Abşeron çərçivəsinə salıb. Futbolu idarə edənlərə də belə durum sərfəlidir. Problemlərin kökü yaddan çıxsın, çıxarılsın və istədiklərini etsinlər...

Son günlər "Qəbələ" klubunun prezidentinin istefası geniş müzakirə olunur. Hətta şok effekt kimi qələmə verilir. Hər bir insanın istefa vermək hüququ var və buna heç kim qarışa bilməz. Gələcək fəaliyyətilə bağlı öz planları, addımları ola bilər. Futboldakı ümümi durum isə daha geniş müzakirə olunmalıdır...

Qəbələdə mükəmməl futbol infrastrukturu yaradılıb, milyonlarla vəsait xərclənib. Bölgədə dünya standartlarına cavab verən baza, akademiya, ideal təbii ot örtüklü meydançalar göz oxşayır...

"Qəbələ" qruplarda Azərbaycanı təmsil etmiş 3 klubumuzdan biridir. Nəzərə alaq ki, bu klub yeni yaradılıb və futbolda heç bir tarixi kökü olmayıb. Bu amil, görülən işlərin, göstərilən nəticələrin mahiyyətini daha da artırır. Sıfırdan bu günlərə gəlinib...

Ölkə futbolunda əməli nəticələr göstərən, futbola qulluq edən, gələcəyi düşünənlər gec-tez yad simalara çevrilirlər. İllərdi dəqiq təhlilərlə, arqumentlərlə bunları deyirik və növbədə "Qəbələ"nin olacağını bildirir(d)ik. İstefa niyə təəccüblə qarşılansın ki?! Mövcud futbol təsərrüfatında olmalı idi, oldu da...

"Karvan", "Kəpəz", "MKT Araz", "Turan", "Xəzər Lənkəran", "Bakı", "İnter", "Simurq", AZAL....və onlarla digər klub/komandalar... Məgər bu "davamlığın" növbəti ünvanı "Qəbələ" olmalı deyildimi?! Növbədə hələ bir-iki klub da var...

İllər öncə dəfələrlə iddialı klub rəhbərləri, rəsmiləri ilə söhbətlərim, təkliflərim olub. Belə gedişlə bütün müstəqil klubların dağılacağı ilə bağlı fikir bildirilib, ümumi futbol adına birləşməyin mütləq olduğu vurğulanıb. Əks halda, tək-tək klubların axırına çıxılacağı ilə bağlı detallı sübutlar gətirilib. Sadəlövhlükdən, futbolun incəliklərini bilməməkdən və ya nədənsə buna gedilməyib. Təəssüf ki, şəxsi və klub maraqları üstün gəldi. Əsl, həqiqi Klublar Komitəsi o vaxt yaradılmalı, meydanda rəqabət, kənarda ümumi futbol adına birlik olmalı, təmin edilməli idi.

Bu missiyanı vəzifələrinə, cavabdehliklərinə görə federasiya məsulları etməliydi. Futbol klanının məqsədi, məramı fərqli olduğu üçün, futbolun xilası yolunda klubların birliyi xilas yolu ola bilərdi. Başqa çıxış yolu yox idi. İddialı klubların nüfuzu, maliyyə imkanları dağıdıcı, məkrli prosesin qarşısının alınmasına imkan verirdi...

"Parçala - hökm sür" prinsipi ilə klublar məqsədli şəkildə qarşı-qarşıya qoyulurdu. "Təbliğat maşını" 24 saat çalışır, klubların arxasında olan azarkeş ordusu da bu istiqamətə sürükləndirilirdi. Millinin fiaskoları fonunda ara qarışmalı, hədəf oliqarxlar və onların himayəsində olan klublar olmalı idi...

Son 15 ildə imkanlı şəxslərin heç biri öz istəyi ilə futbola gəlməyib. Dövlətin qayğısı sayəsində şirkətlər futbola cəlb edilib. Biriləri birbaşa bank və ya dövlətə bağlı rəsmi qurumlar idisə, digərləri şəxsi şirkətlər olsa da, gəlir gətirəcək müqavilələr və başqa imtiyazlarla futbola cəlb edilirdi.

Ölkə futbolunun özü də ölkənin ən böyük neft şirkətinə həvalə edilmişdi. Məqsəd, böyük yatırımlarla futbolun inkişafının təmin olunması idi...

Futbol idarəçiliyindəki naşılıq, bacarıqsızlıq, şəxsi məqsədlər, sel kimi axan dövlətin, xalqın vəsaitinin mənasız layihələrlə havaya, ciblərə axıdılması oldu. Futbolda dərəbəylik ildən-ilə artırdı. Futbola böyük yatırımlar etmiş, müasir stadion-baza ərsəyə gətirmiş "Karvan"ın dağılması artıq ilk siqnal idi...

Futbol təsərrüfatında olan başıpozuqluq klublara da siraət etmişdi. Yaradılmış "futbol sisteminin" davamı olaraq əksər klublarda da başlar böyük pullara qarışmışdı. Bu "sistemə" qarşı çıxanlar aradan götürülürdü...

Bütün bunlara baxmayaraq, çempionatın səviyyəsi orta Avropa səviyyəsinə yaxınlaşırdı.
"Qızıl oyun", "Böyük oyun"lar, 6-7 klubun çempionluq iddiaları rəqabəti artırmışdı. "Birlik kuboku"ndakı nəticələr artıq azarkeşləri qane etmirdi. Futboldakıların çoxu təsadüflər olduğu üçün, qruplar xəyal kimi görünürdü. Məğlubedici anti-təbliğat öz işini görmüş, futbol ictimaiyyətinin iliyinə kimi işləmişdi. Baxmayarq ki, çempionatımızda hər tur 2-3 qrup oyunları səviyyəsində görüşlər keçirilidi.
Yaradılmış futbol xofu, qorxusu, inamsızlığı çoxlarında bunu görməyə imkan vermirdi.
Təbliğat da bu yöndə aparılırdı. Futbol başbilənlərinə, klublarda olan əksər təsadüflərə belə durum sərfəli idi...

Yaradılmış bu xof da aradan götürüldü. Xəyal görünən qruplar reallığa çevrildi. Avroliqa qruplarından Ç.L.-ə kimi yol qət edildi. Ölkə futbolundakı durum, milli və klublar arasında nəticə uçurumu yaratdı. Belə vəziyyətdə ya ölkə futbolunda ciddi islahatlar aparılmalı, dəyişiklər baş verməli idi, ya da ki...

Tək klubların deyil, ümumi Azərbaycan futbolunun "fatihəsi" 2013-cü ildə Icraiyyə Komitəsinin məlum şuralaşma qərarı ilə verilib. Ya özləri getməli, ya da çempionatı, futbolu, klubları dağıtmalı, zəiflətməli idilər. Klan savaşları, klubların birləşmək əvəzinə çəkişmələri də bu məkrli gedişə təkan verdi.
Dərk olunmadı ki, onlar üçün bu şəraiti yaradan dövlət idi və ümumi futbolun inkişafı şəxsi maraqlardan üstün olmalı idi...

Proses hələ uzun çəkdi. İki klub sponsorlarının dirəşməsi, mənasız qərara qol qoymaması, qalmaqallardan uzaq olmaları, incə davranmaları və rəhbər, məşqçi, futbolçu, azarkeş fədakarlıqları davamlı olaraq qrup uğurlarını təmin etdi. Yoxsa, məsələlər maksimum 2015-də bitəcəkdi...

Az qalmışdı...Klub reytinqində ölkəmiz demək olar ki, ilk 20-də idi. Daha 5 pillə irəliləməklə əlavə bir komandamızın da yolu Avropaya açılacaqdı. Artıq rəqabətsiz çempionatda bunu etmək mümkünsüzdür. 15-ci yerə doğru irəliləmək əvəzinə, geri, 30-a yaxınlaşmışıq.
Futbol bataqlığında klubların fədakarlıqla qazanmış qızıla bərabər reytinq xalları 1-2 ilə su kimi buxarlandı, yox oldu. Bunun fəsadları altından uzun illər ölkə futbolu çıxa bilməyəcək. Ali futbol qurumu "yetim" ölkə klublarını böyük futboldan uzaqlaşdırır artıq...

Afrikada veteranlarla şou oyuna dəvət alan peşəkar statuslu Essyen, yeni klublarımızın dünyada reklamı ilə məşğul olur. "Bibisi" başda olmaqla "xalası", "əmisi", "dayısı", "qaynı", "bacanağı", "bibioğlusu", "xalanəvəsi" vasitəsilə bütün Avropada futbolumuzun çiçəklənməsindən danışırlar...

Əsl reklam, əsl futbol 7 ildir ki, klublarımızın Ç.L. Avroliqa qruplarında nəhənglərlə qarşılaşmaları, böyük Avropa futbol ailəsinin üzvləri olmalarıdır, "İnter", "Çelsi", "Atletiko", "Borussiya", "Roma", "Totenhem", "Arsenal" və digər məşhur klubları Azərbaycan azarkeşinin ayaqlarına gətirmələridir...

Azərbaycanda futbol təfəkkürü, düşüncəsi irəli getmək əvəzinə xarab saat əqrəbləri kimi geri fırlanır. Futbol fırlana-fırlana zirzəminin dibinə sürüklənir...

Artıq rəqabətsiz, boş tribunalar önündə keçirilən "Bakı birinciliyi"ndə Azərbaycan çempionluğunu qazanmaq prioritet məsələyə çevrilib. Ölkə futbolu kimi iddialar da kiçildilib, futbol ictimaiyyətinə sırınıb. Əsas, futbol klanının füsunkar yaşaması, "baş üstə"lərin bir parça "çörək"ləridir.

"Qəbələ" də iddiasından çəkilə və ya digərləri kimi dağıla bilər. Ölkə futbolunda yenilik deyil, artıq qanunauyğunluqdur. Bakı, Lənkəran, Imişli, Yevlax, Zaqatalada 100 milyonlara başa gələn, inşa edilən müasir stadion-bazalar böyük futbolsuz qalıb. Bundan sonra Qəbələ qalsa nə olacaq ki?!

Futbol böyük qüvvədir. Xalqın sağlamlığı, özünə inamı, birliyi, qalibiyyət ruhunun aşılanması, dünyada ölkə olaraq özünütəsdiqi baxımından böyük rol oynayır. Bunun üçün əsl futbol, qələbələr lazımdır...

Yazın gəlişi ilə Avroliqa finalı gözəldir, təqdirəlayiqdir. "Əcnəbi sevgisi" isə ruhlardan yox edilməlidir. Klubların dağılması, dağıdılması fonunda Azərbaycan xalqını əcnəbiləri seyr etdirməyə məhkum edilməməlidir. Azarkeşlərimizlə yanaşı əcnəbilərin seyr etməsi üçün Azərbaycan futbolunun inkişafı təmin edilməlidir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !