BÜTÖV AZƏRBAYCANAM - - Nəcibə İlkin

BÜTÖV AZƏRBAYCANAM - Nəcibə İlkin

https://www.facebook.com/groups/250993438794052/ 

 

 

BÜTÖV AZƏRBAYCANAM


Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!
Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!
Əl tutan əllərimi biləyimdən qırdılar,
Əyilməyən boynumu neçə min yol vurdular.
Qamarlayıb aldılar, o boyda Çin səddimi,
Fəqət, bunlar əymədi əyilməyən qəddimi.
Yad əllərlə yazılmış tarixəm, “Gülüstanam”,
Şəhid qanlı torpağam, bütöv Azrbaycanam!
Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam.
Nizami, Füzuliyəm, Xəqani, Vaqifəm mən,
Şah İsmayıl Xətai, Hüseyin Cavidəm mən.
Hər an dara çəkilən, ərənlər ölkəsiyəm,
Otuz yeddinin ağlar qalan vətən səsiyəm.
Azadlığı uğrunda ürəyi dolu qanam,
Mən bölünə-bölünə, bütöv Azərbaycanam.
Güllələnmiş, odlanmış min əsir Qarabağam,
Laçın, Şuşa, Kəlbəcər, Füzuli adlı dağam.
Neçə dəfə soyqırım, Şamaxı, Bakı, Quba,
Yaddaşdan silinməyən, qanlı məzarlığım var.
Qan verən Xocalıyam, yaralı Ağdabanam,
Sünkgülərə keçilmiş bütöv Azərbaycanam.
Yetmiş il imperiyanın əsarəti altında,
İnildədi milllətim neçə min dərd qatında.
Nəhayət ki, qazandım müstəqillik adını,
20 yanvar ünvanlı qan yazdı muradımı.
Amma ki, sarsılmadım, qürur adlı cahanam.
Mən Odlar ölkəsiyəm, bütöv Azərbaycanam!!!!

 


MƏN HƏMİN XOCALIYAM


Bu gün həmin Xocalıyam...
Heç dəyişməmişəm.
Həmin küyüm, həmin səsim,
Kəsilməyib nəfəsim.
Tökülən qanım yerində,
Solan arzularım
Dağımda, daşımda,
Geydiyim qan yaddaşımda.
Qaysaq bağlamayan
yaralarım çat verir.
Qanı dayanmır.
Bu ah-nalədə uyuyub yatan
kəslər niyə oyanmır?!
Süngüyə keçirilmiş körpə fidanlıyam,
Şəhid qanlı Xocalıyam...
Hər gecə sinəmdəki
Qan dnizində boğuluram.
Hər gün sinəmdəki axan
qanla doğuluram.
Qara örpəyimi çəkib başıma,
Güc verirəm göz yaşıma...
Hıçqırtılarımı eşidən yox,
Dərdlərimə ikicanlıyam..
Mən həmin Xocalıyam.
Hardasınız,
ey məni ayaqyalın, başıaçıq
Köksü yaralı, can üstə
Qoyub gedənlər?!
Hardasınız?
Mən süngülərə keçirilən,
Ümidi, inamı daş alrında gizlədilən,
Ömür canlıyam...
Həmin Xocalıyam!
Körpə fidanları doğranmış,
Ümidləri talanmış,
Haqqı, ədaləti,
Arzusu gözündə qalanmış,
Qan ünvanlıyam,
Həmin Xocalıyam.
İyirmi altı ildir sizi gözlərəm.
Qanımla yeri, ahımla göyü bəzərəm.
Günün batan şəfəqində,
Ayın qövsi haləsində,
sizi gəzərəm.
Artıq 26 yaşım var...
Körpə deyiləm,
Kiminsə qabağında sınam, əyiləm.
Bir igid ərənəm,
Şəhid əsgərəm.
Bu gecə qanımı almaq istərəm,
Silahım köksümdə fışqıran,
Şəhid qanı....
Ehey...dünya, məni tanı!


Ağlama şəhid balası


( Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı)


Ağlama şəhid balası,
Ağlama gözümün nuru.
Təzə adın mübarəkdi,
Bu adı şərəflə qoru.

Atan sənə qoyduğu ad,
Ürəyincə olmamışdı.
Doyunca nazını çəkib,
Qayğına da qalmamışdı.

İtirdiyin ata yeri
Medalla əvəz olundu.
Arzuların, ümidlərin,
Bu medal üstdə qalandı.

İndi sənin “Medal” atan,
Hər gün könlünü alacaq,
Vaxt tapıb əl vurmadığı,
Başını sığallayacaq.

Dərdlərindən halı olub,
Səni hər gün qucacaqdır.
O qönçə arzuların da,
Çiçək-çiçək açacaqdır.

Sən dəcəllik eylədikcə,
Bir acı söz deməyəcək.
Nə narahat olma deyib,
Nə üzünə gülməyəcək.

Atalı dostlar görəndə,
Ürəyin tel-tel olacaq.
Gözlərin ata axtarıb,
Daş üstünə çaxılacaq.

O zaman sinən üstündə,
Olan atana baxarsan.
“Medal” atanın nurundan,
Tutub gəzməyə çıxarsan.

Asıb qəlbinin küncündən,
Dərdini ona deyərsən.
Nazını çəkən “atanın”
Qarşısında baş əyərsən.

Ağlama, yaşına qurban,
Ucadan ucadır adın.
Dağ boyda ata yerinə,
Əlinə bir medal aldın.

Sən anadan doğulanda,
Dedi keçilməz çəpərsən.
Atan yadına düşəndə,
“Medal” atanı öpərsən.

 


Bir körpə ağlayırdı


(Bir körpə anasının qucağında elə ağlayırdı ki, lap ürəyimin başı göynədi. Ondan təsirlənib bu şeiri yazdım)

 

Ağlama a körpə, ağlama belə,
Sən hələ nə görüb, nə götürmüsən.
Ömrün günlərini bir-bir ələyib,
Hələ ildən- ilə ötürməmisən.

Hələ keçməmisən dərd körpüsündən,
Hələ arzuların aşıb-daşmayıb.
Ömrün hər zilləti, hər bir zülməti,
Qəlbində, könlündə heç dolaşmayıb.

Haqlı ola-ola üstünə bəzən,
Haqsız əllərindən daş atılmayıb.
Cəlladlar əlinə keçməyib ömrün,
Yaşının üstündən yaş atılmayıb.

O zaman sən belə yanıqlı ağla,
Oysun ürəyini sözün xəncəri.
Yarda etibarı, dostda inamı,
Gözləyib sən neçə illərdən bəri.

Ardınca qaçdığın ümidlərinin,
Dizi qırılmayıb, könlü sınmayıb.
Kiminsə eşqindən qəlbin od tutub,
Sevda yollarında alovlanmayıb.

Yazmayıb bəxtini qara kürsülər,
Gözlərin tanımır bu kor dünyanı.
Hələ görməmisən ürək ağrıdan,
Üstünə atılan şəri, böhtanı.

Hələ ürəyinə eşqin harayı,
Saçına sevdaının dəni düşməyib.
Ağlayıb qəlbimi üzmə havayı,
Bəxtin ki, heç əldən-ələ düşməyib.

Hələ görməmisən könül dağını,
Qəlbin çəkilməyib min yerdən şişə.
Saxla, gələcəyə ağlamağını,
Ömrünü vaxt biçib, zaman dəyişər...

Hələ düşməmisən çətinə, dara,
Gözlərin dərd çəkib, yol aramayıb.
Gəzib tellərində fələk əlləri,
Saçını qəm yuyub, dərd daramayıb...

Saxta söz, saxta dost durub qarşında,
Açılan könlünü qıfıllamayıb,
Oyub ürəyini düz yalanıyla,
Səni öz mənindən oğurlamayıb....

Yurdunu dağıdıb, köçürməyiblər,
Qaçqın olmamısan doğma vətəndə.
O zaman hönkürüb ürəkdən ağla,
Tək-tənha qalmısan küçə tinində.

 


Bayquş yuxular


Yadımda nənəmin bir sözü qalıb,
Deyirdi bayquşun səsi gələndə,
O yerdən bir ölü çıxar, ay bala.
Bir uşaq marağı olardı məndə,
O gecə yatmazdım mən də az qala...


Eyvanda oturub qalardım elə,
Dinləyib bayquşun səsin sübhdək.
Axır yazıq nənəm gələrdi dilə,
O yerdə məni də tutardı əsnək...


Bir də oyanardım günorta vaxtı,
Baxırdım hər bir şey öz yerindədi.
Təkcə nənəmincə boş qalıb taxtı,
Soranda dedilər yas yerindədir.


Bayquşun əlləri boş qayıtmayıb,
Bir ölü aparıb demə, o gecə.
Mənimtək bəlkə də çoxu yatmayıb,
Alıbdı bir damcı çimir, o gecə.

Daha bayquşların səsi kəsilib,
Ortaya çıxıbdı yuxu bayquşlar.
İnsanın ömrünə qənim kəsilib,
Bayquş adamlarla, bayquş yuxular.

 

Dərdimin yorğanı qalın


Dərdimin yorğanı qalın,
Çək üstümə, üşüyürəm.
Arzularım ayaqyalın,
Daşımaqdan tövşüyürəm.

Xırda-xırda səpələdim,
İçimə haqqın qanını.
Üzümə tutub gedirəm,
Düzüb qoşduğum yalanı.

Fikirlərim qalıb çıplaq,
İçimdə sözüm talanır.
Düşüncələrim od tutur,
Qəlbimdə dözüm talanır.

Ömür sayım yarpaq-yarpaq,
Xəzəl olub can üşüdür.
Ruhum gəzir sınıq-salxaq,
Harayımı kim eşidir.

Qara kağızda ağ yalan,
Vətən, vətən dilək açır.
Haqsızlığa qalxan əllər,
Hər yetənə bələk açır.

 


Ümidlərim qalanır


Bu gecə intihara
Yol gedir ümidlərim.
Ogey baxışlarımda
Güzgülənir dərdlərim.

Azalır dodağımda
Gülüşümün sayları.
Bir-bir ölüb gedirlər,
Ürəyimin tayları.

Həsrətinə tül tutub,
Dərdinə yorğan salır.
Vətən göyərdən arzum,
Yarı yollarda qalır.

Daş üstündə açılır,
Axsama dönən sabah.
Vətən-vətən doğulan,
Vətənsiz ölən sabah.

Bu gecə Qarabağa,
Gedən həsrətim yanır.
Bu gecə ümidlərim,
Sözümdə qalaqlanır.

 


MƏNƏ BİR ŞEİR YAZ...


Mənə bir şeir yaz sevgi ünvanlı,
Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
Mənə bir şeir yaz, lap Məcnun kimi,
Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı,
Gözündən süzülən yaşı havalı,
Qayası havalı, daşı havalı,
Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz,
Od tutub alışır, çataq birimiz,
Aramızda qalan gizli sirrimiz,
Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə,
Doyunca ağlayım, gülüm bu gecə,
Sıxıb ürəyimin üstə beləcə,
Yuxuya getməyə qalmıyım sənsiz.

 

BİLMİRƏM


Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.
Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözün,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.
Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib, nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.
Deməyin, sərxoşam xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm.

 

Mən səni sevən deyiləm


Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.

Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.

Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon varın, sözün ola,
Mən səni sevən deyiləm.

Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.

Mən bir azca utancğam,
Könül isitməz ocağam,
Yaxın dursan yanacağam,
Mən səni sevən deyiləm.
Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi.
Sən məni sevdiyin kimi,
Mən səni sevən dyeiləm.

Özümüzə tale yazdıq
Üzülməyən sevgimizin,
Ürəyini niyə üzdük?!
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.
Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinıə acı süzdük.
Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq..

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !