Onu gözümün qabağında vurdular - - Asəf Quliyev xatırladır

“Onu gözümün qabağında vurdular” - Asəf Quliyev xatırladır

https://www.facebook.com/groups/1110444829106515/ 

 

İki gün əvvəl Horadizdən qayıdırdım. Yol yoldaşım aprel döyüşlərinin qəhrəmanlarından biri idi. Taksi ilə Bakıya qədər birlikdə gəldik. Açığı, söhbətcil yol-yoldaşı deyiləm. Yollarda daha çox düşünürəm. Yəni, kimin nə danışmasını da bir o qədər maraqla dinləmirəm. Bu dəfə də Bakıya qədər demək olar ki, danışmadım. Amma yol-yoldaşımın söhbətlərini diqqətlə dinlədim. Bu, yaddaşımda iz buraxacaq söhbətlər idi. Aprel döyüşləri, cəbhə xəttinin reallıqları və yol-yoldaşımın sabah barədə nə düşündükləri çox maraqlı idi. Özümü təqdim etmədən, onun da adını soruşmadan sadəcə dinlədim.

 

Elə Əhmədbəylidən yenicə tərpənmişdik ki, ona zəng gəldi. Telefonu açan kimi dillənir:

- Haycan, mama. Narahat olma, uje gəlirəm. Ta qurtardı. (Xəttin o başında olanın dediklərini dinləyib, yenidən davam edir.) Ta qurtardı. Hər şey qurtardı...

Onun “hər şey qurtardı” kəlməsi məni diksindirdi. Və elə bu an dizinin üstünə qoyduğu sağ əlinə gözüm sataşdı. Cəmi üç barmaq... Sağ əlinin yarısı yox... Başımı qaldırıb üzünə baxdım. Telefonu söndürəndən sonra ekrana baxıb qəribə bir tərzdə gülümsədi, daha sonra isə baxışlarını aynadan çölə zillədi.

Başqa bir yol-yoldaşımız onunla söhbətə girişir və hansı hərbi hissədə qulluq elədiyini soruşur. O, hərbi hissənin nömrəsini deyir və davam edir.

- Lələ-təpəni biz götürdük.

Yol-yoldaşım əlini işarə edib yenə sual verir:

- Orada olub?

- Hə. Yanımıza minamyot düşdü. Mən yaxşı qurtardım. Yanımdakılar öldü... Bədənim bütün çapıq-çapıqdı. Qəlpə. Bir dənə də güllə.

- Bəs "bronejilet" yox idi?

- Var idi. Amma döyüş qızışanda soyundum. Hərəkət edə bilmirdim. Adam sıxılır. Soyundum. Dedim nə olar-olar. Allah saxlasa, saxlayacaq. Mənim yanımda ölənlərin əynində "bronejilet" vardı...

Söhbətə ara verir. Bir az keçir. Yenidən zəng gəlir. Telefonu açır:

- Haycan, papa. Gəlirəm. Uje çıxmışıq. Narahat olma. Hər şey qaydasındadı. Uje qurtardı. (Dinləyir və davam edir) Narahat olma. “20 Yanvar”da düşüb metroynan gələcəm...

Telefonu söndürüb davam edir:

- Narahatdırlar. Oradan sağ çıxmışıq... (gülümsəyir). Hərdən fikirləşirəm ki, indi, ya apreldən (aprel döyüşlərini nəzərdə tutur) əvvəl yanımda belə şeylər olsaydı, bir təhər olardım. Amma apreldə gözümüzü qan tutmuşdu. Qan heç nəydi. Girdik onların postuna, gördük erməninin biri yaralıdı. Xırıldayır. Gizirə dedik ki, bunu neynəyək? Öldürək? Dedi, toxunmayın. Sağa-sola baxdıq. Açığı, ərzaqları-zadı varıydı. Posta nə lazımdısa, hər şey. Leytenant dedi, ehtiyatlı olun, birdən sürpriz bomba-zad olar. Qumbara qoyurlar qaldıranda partlayır. Qəflətən erməni silahı götürüb giziri vurdu. Amma çiynindən dəydi. Yüngül yaraladı. Başından vurmaq istəyirdi, vura bilmədi. Şoka düşdük. Leytenant bıçağı çıxarıb... İndi fikirləşirəm ki, biz nələr gördük?..

Yenidən zəng gəlir:

- Hə, qaqa, qayıdıram. Uje mən qurtardım. Narahat olma, uşağı tapşırdım. Briqadada hamıya tapşırmışam. Yaxınlaşsın, dediyim adama desin ki, Qədirov deyən əsgər mənəm. Narahat olma. Harada olsa, mənim adımı versin.

Telefonu söndürüb danışır.

- Bu zəng vuran mənimlə hospitalda yatırdı. O da apreldə yaralanıb. İndi də Papanındə hospitaldadır. Qohumu bizim "çast"a düşüb. Dedi, ondan muğayat ol. Ta mən də evə gedirəm. Amma uşaqlara da, zabitlərə də tapşırdım. Əslində mən apreldə "uvolit" olmalıydım. 6 ay ləngidim. Apreldə yaralandım. Müalicə başa çatmamış buraxmırlar axı. Müalicə tam qurtardı. Papanin rəy verdi ki, "neqodnu"yam. Ondan sonra gəldim hərbi hissəyə, sənədlərimi yazdılar, buraxdılar. Başıma iş gəldi də. Dünən qərargah rəisinin otağında olanda telefonuma zəng gəldi. Tutuldum. Qərargah rəisi telefona heç nə demədi. Əksinə dedi ki, cavab ver. Dedim, bağışlayın, evdəndi. Narahatdılar. Heç nə demədi. Sağ olsun. Bilirsən, bizim... Mais biznən bərabər döyüşürdü... (Hərbi birləşmə komandiri Mais Barxudarovu nəzərdə tutur) Mais də, Şükür də...

Bu yerdə onu hərbi etiketi pozmaqda ittiham etmək olar. Hərbi birləşmə komandiri, general Mais Barxudarovu adı ilə təqdim etdiyi üçün. Amma mən bunu etmirəm. Çünki həmin an o, birləşmə komandiri, general Mais Barxudarov haqda yox, döyüş dostu Mais haqda danışırdı. Bəli, bəli məhz döyüş dostu, onunla çiyin-çiyinə döyüşən Mais.

Daha sonra eşitdiklərini danışır:

- Mais Barxudarov yaxşı zabitdir. Kəşfiyyatçıdır. Yalan-düz, deyirlər erməni əsirliyində olub. Altı ay. Oradan qaçıb.

Aprel döyüşlərində yaralanmış bir əsgərin yüksək komandir heyəti haqqında xoş sözlər söyləməsi sevindirici məqamdır. Adətən sıravi əsgərlər üçün yüksək komandir heyəti qınaq obyekti olur. Aprel döyüşləri bu sindromu da sındırdı.

Yol-yoldaşım komandirləri, daha sonra isə əsgər dostları barədə danışır:

- Apreldə bir dostumu da yanımda vurdular. Yaxşı oğlan idi. Ötən qış möhkəm qar yağmışdı. Gecə postda bir az yuxuladım. Birdən qulağıma səs gəldi. Silahı hazırladım. Postun qapısını qəflətən açıb çıxanda "çuçela" ilə üz-üzə gəldim. O moment adam karıxır. Özümüzün düzəltdiyimiz "çuçela" idi. Amma karıxdım, birini atdım. "Çuçela"nın başı düşdü. Manqadan dostum vardı. Qaça-qaça gəldi. “Nə olub? Nə olub?” Dedim, səngərdə erməni var. İndi düşüb səngərdə erməni axtarırıq. Erməni nə gəzir? Bu moment postu dəyişməyə gəldilər. Hadisəni danışdım. Postu təhvil götürən təsəvvür elə də necə oldu? Amma erməni-zad yox idi. O postdan erməni postuna məsafə yaxındır. Ən yaxın postdur. Ara məsafə 36 metrdir. Ən təhlükəli postdur. Belə şeylər olub. Mən güllə atanda səsə gələn oğlanı apreldə yanımda vurdular. Gülləylə...

Yenə susur... Baxışları aynadan yola zillənir. Yenidən zəng gəlir.

- Haycan, papa. Narahat olma, gələcəm. Yox, heç nə lazım deyil. Ver mamaya... Mama, papaya de ki, özüm nə lazımdır gəlib eləyəcəm. De, heç nə almasın. Özüm nə lazımdır, edəcəm...

Telefonu söndürür...

- İndi ən gözümə duran "voenkomat"a getməkdir. Qeydiyyata düşməyə gedəcəm. Sənədlərimi ləngitsələr, başım xarab olacaq da. Bax, buna görə heç istəmirəm "voenkomat"a gedim... Nə bilim ey. Görək nə olur...

 

Asəf Quliyev

 

P.S. Mən aprel döyüşlərindən keçmiş Qarabağ qazisinin ümumiləşdirilmiş obrazını yaratmaq istədim. Onun öz dili ilə. Amma onun söylədiklərinin hamısını yazmadım...

hafta.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !