Qarabağ danışıqları - "vaxtöldürücü oyun"dan başqa bir şey deyil

Qarabağ danışıqları "vaxtöldürücü oyun"dan başqa bir şey deyil

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Bahar ömürlərini Vətən uğrunda qurban verən şəhidlərin qisası düşməndən alınaraq ruhlarına gözü yolda qalan "Xarı bülbül"ün hədiyyə edilməsinin əsl zamanıdır!

Vyana görüşünü yalnız Qarabağ danışıqlarının əvvəlki formatda, yəni "dqr"sız Ermənistan və Azərbaycan tərəfləri arasında davam edəcəyini əsas tutaraq uğurlu hesab edən Azərbaycan politoloqları ilə heç cür razılaşmaq olmur. Məgər bundan əvvəlki illərdə keçirilən danışıqlarda Azərbaycan tərəfi əsaslı şəkildə nə əldə edə bilmişdir ki, budəfəki görüş də uğurlu sayılsın? Doğrudur, ötən illər ərzində Ermənistanın ölkə olaraq qismən blokadaya salınaraq iqtisadi vəziyyətinin iflic hala salınmasını, vətəndaşlarının pərən-pərən düşməsini uğur saymaq olar, amma nə qədər ki Dağlıq Qarabağ və ona bitişik 7 rayon ermənilərin işğalı altındadır, bunu yalnız onların uğuru hesab etmək olar.

Əlbəttə, əvvəlki "ermənibaşların" hakimlikləri dövründə Ermənistan cəmiyyəti ruhən kifayət qədər "sındırılmışdı" və şanlı Aprel döyüşləri onları bir qədər də çökdürmüşdü. Amma Ermənistan nazirlərinin "başı" olan Paşinyan hakimiyyətə gəlişi ilə canverməkdə olan erməni ruhunu, hətta Zori Balayandan da çox dirçəldib ona yenidən can vermiş oldu.

Əslində erməni "paşası" Vyana görüşünə getməmişdən əvvəl özünü "hücum diplomatiyası" üstündə kökləmişdi. Bunu Paşinyanın İranda Ararat klubundakı "selfisindən", Ermənistan müdafiə naziri Tonoyanın "Azərbaycana bir qarış da torpaq verilməyəcək" bəyanatından, Xankəndində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasından, İrəvanda erməni generalları ilə qapalı toplantısından, Vyanaya getdiyi gün öz partiyadaşlarından 30 deputatı Qarabağa göndərməsindən və hətta Ermənistan xarici işlər nazirinin gizli surətdə Moskvaya "uçub" həmkarı Lavrovla görüşündən də aydın görmək olur.

Vyana görüşündən çıxdıqdan dərhal sonra isə Paşinyanın yerli erməni icması və media nümayəndələri qarşısında çıxış zamanı kefinin "kök" olmasını, adəti üzrə şəkil çəkdirməsini istənilən halda onun bu görüşdən az qala qalib kimi çıxdığı gümanını yaradır.

Baxın, görüşün səhəri gün David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüşdə yeni müharibə anonsu verərək - "Mən müdafiə naziri kimi deyirəm: sülh əvəzinə ərazilər prinsipinin əksinə olaraq biz yeni ərazilər üçün yeni müharibə edəcəyik. Heç vaxt güzəşt olmayacaq. Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz səngər vəziyyətindən, daim müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi hərəkətləri rəqibin ərazisinə daşıya biləcək bölmələrin sayını artıracağıq" deməsini Azərbaycan siyasətçiləri "sərsəm" çıxış adlandırsalar da sözsüz ki, o, bu "sərsəmliyi" "yanı" Paşinyana bərk bağlı olmadan edə bilməzdi. Əgər belə deyilsə erməni "paşası" bu fikrə don geyindirərək - "Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, əgər müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır, əksinə sülh yolu ilə həllin vacibliyini vurğulayır" deyərdimi? Hərçənd, Tonoyanın bu "gedişini" onun ABŞ ermənilərindən Ermənistan üçün "cibxərcliyi" almaq üçün pafoslu çıxış kimi də qiymətləndirmək olar. Bu arada onu da qeyd edək ki, Ermənistan mediasına danışan erməni ekspertlər Tonoyanın ABŞ-a ola bilsin həm də silah bazarlığına getdiyini bildiriblər. Görünür ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfəri zamanı "silah bazarlığı" ilə bağlı dedikləri Ermənistanı müəyyən qədər Rusiyadan yan çevirməyə sövq edib.

Əlbəttə rəsmi Bakı Tonoyanın bu sözündən sonra ənənəvi olaraq - "Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir" deyə bəyanat versə də, nə fayda? Aydın olan odur ki, Bakı Ermənistandan qoşunları Azərbaycan ərazilərindən çıxarmağı, İrəvan isə Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir. Başqa sözlə desək, bu yerdə bıçaq hər iki tərəfdən sümüyə dirənib.

Xatırladaq ki, Helsinki Yekun Aktı 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi zamanı dövlət və hökumət başçıları tərəfindən imzalanıb və bununlada dünya birdəfəlik bölüşdürülüb. Bu yekun akta görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutublar ki, burada - Suveren bərabərlik; Zor işlətməmək; Sərhədlərin toxunulmazlığı; Dövlətlərin ərazi bütövlüyü; Mübahisənin dinc yolla həll olunması; Bir-birinin daxili işlərinə qarışmamaq; İnsan hüquqlarına və əsas azadlıqlara hörmət; Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ; Dövlətlər arasında əməkdaşlıq və Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləri öz əksini tapıb. Azərbaycan Respublikası isə bu Aktı 1992-ci ildə imzalayıb və Dağlıq Qarabağ ermənilərinə Madrid prinsiplərinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilməsinə razıdır.

Amma Ermənistan illərdir ki, "nird" edib "Sərhədlərin toxunulmazlığı" və "Dövlətlərin ərazi bütövlüyü" prinsiplərinə məhəl qoymadan, yalnız "Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ"nu əllərində bayraq tutub Azərbaycan ərazisində ikinci müstəqil erməni dövləti qurmaq istəyindən dönmürlər ki dönmürlər. Maraqlıdır ki, bu akta imza atan dövlət rəhbərləri də səslərini bir yerdə qaldırıb Ermənistana layiq olduğu sanksiya tətbiq edib "öl, öldüyün yerdə" demirlər.

Bu üzdən də Azərbaycan tərəfi Ermənistanla nə qədər danışıqlar aparsa da, amma haylar bugünədək Qarabağda öz bildikləri istənilən "oyunu" çıxarırlar. Məgər işğal altındakı Azərbaycan torpaqlarında bu yay tanınmamış "dövlətciklərin" futbol üzrə "CONİFA" - "Avropa çempionatı"ndan başqa, avqustun 5-17-də daha bir - 7-ci ümumerməni idman oyunları tədbiri keçirməyi planlaşdırması buna sübut deyilmi?

İdman oyunları demişkən, əslində Qarabağ məsələsinə futbol prizmasından baxanda görürük ki, indiyədək aparılan danışıqların ATƏT-in "üçbucaq meydanı"nda oynalınan və bu oyunda hələ ki qalib durumda olan Ermənistan komandasının "topu" öz aralarında bir-birinə atmaqla "vaxtöldürücü oyun"undan başqa bir şey deyil. Başqa sözlə desək, Qarabağla bağlı aparılan danışıqlar ermənilərə sərf edən sadəcə bir "oyundur". Bu "oyun" Qarabağın və ya bütövlükdə Azərbaycanın indiki nəslinin ölümünə hesablanıb, yəni gələcək yeni nəsil Qarabağı ermənilərdən tələb edə bilməyəcəklər. Necə ki, indiki nəsil Ermənistandan İrəvanı, Göycəni və digər əraziləri tələb edə bilmir. Çünki zaman hər şeyi "malalayıb" unutdurur.

Amma gərək Azərbaycan komandası bu oyunda istər rusiyalı baş arbitrin, istərsə də amerikalı və fransalı yan hakimlərin ermənilərə tərəfkeşliyinə məhəl qoymadan presinq tətbiq edərək ard-arda ən azı 7 qol vursun. Şübhəsiz ki, bundan sonra Ermənistan komandası bu "meydandan" suları süzülə-süzülə öz xoşları ilə çıxıb gedəcəklər.

Avropa İttifaqı və BMT-nin Vyana görüşünü ümidverici saymalarına "bir quş" qoyaraq sonda onu deyək ki, nə qədər ki, Azərbaycan xalqının Qarabağ uğrunda azadlıq ruhu oyanmayacaq, Paşinyan bütün dünya erməniləri ilə öz şəkilini çəkdirib onların ürəyinə yapışdıracaq. Bu arada siyasətçilər onu da unutmamalıdırlar ki, artıq apreldir, Azərbaycanı 3 il bundan əvvəl "oyadan" şanlı Aprel! Bahar ömürlərini Vətən uğrunda qurban verən şəhidlərin qisası düşməndən alınaraq ruhlarına gözü yolda qalan "Xarı bülbül"ün hədiyyə edilməsinin əsl zamanıdır!

 

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !