Niyə yenə hədəf qaçqınlardır?... - - Kərim Kərimli soruşur

Niyə yenə hədəf qaçqınlardır?... - Kərim Kərimli soruşur

https://www.facebook.com/groups/604248139738662/ 

 

Son vaxtlar yenə də ölkəmizin daxilində qardaşı qardaşla üz-üzə qoymaq üçün uzun illərdən bəri sınaqdan "şərəflə" çıxmış metodlardan birini işə salırlar. Yenə də hədəf qaçqınlardır.
Bununla əlaqədar öz mövqeyim barədə qısaca məlumat vermək istəyirəm.
1. Hazırda Azərbaycan Respublikasının əhalisinin sayı təxminən 10 milyon nəfərə yaxındır. Bu ilin yanvar ayının sonunda statistika komitəsinin verdiyi rəsmi məlumata görə 9 974 578 nəfər olub və bu gün-sabah artıq 10 milyonuncu doğulacaq. Yenə də rəsmi statistikaya görə hazırda ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin (yəni həm Ermənistandan deportasiya edilmiş və digər ölkələrdən gəlmiş qaçqınların, həm də Qarabağdan didərgin salınmış məcburi köçkünlərin) ümumi sayı 1 200 000 nəfərə qədərdir. Beləliklə ölkə əhalisinin təxminən hər 8,3-cü şəxsi bu kateqoriyaya aiddir. Təxminən 9 qəbul edək. Bu nisbətlə götürsək, onda əgər ölkədə 10 yaxşı adam varsa, 9-cu qaçqın və ya köçkündür. Yəni ümumi sayı az olduğuna görə. Yaxud ölkədə 10 əclaf varsa nisbətdə götürdükdə onun yalnız biri qaçqın və ya köçkün ola bilər. Daha mümkün deyil ki, bir milyon iki yüz min qaçqının hamısı alçaq olsun, qalan səkkiz milyon səkkiz yüz minin (10000000-1200000=8800000) hamısı imam övladı. Ona görə də hər şeydə qaçqını günahlandırmaq, qaçqın olmayanı isə cim-cim suyuna çəkmək heç də ədalətli yanaşma deyil. Ən əsası isə ona görə ki, BİZ HAMIMIZ EYNİ MİLLƏTİN NÜMAYƏNDƏSİ, EYNİ DİNİN QULU, EYNİ DİLİN SAHİBİ VƏ EYNİ ÖLKƏNİN VƏTƏNDAŞIYIQ. Başqa sözlə, hamımız eyni materialdanıq və eyni adamlarıq. Ona görə də hamını ümumiləşdirib demək ki, qaçqınlar hamısı pis, qaçqın olmayanaın hamısı yaxşıdır, əslində, yumşaq desək, yaxşı iş deyil;
2. Yuxarıdakı fikirləri davam etdirərək əlavə etmək istəyirəm ki, bizim hamımız eyni dəyərlərin sahibi və eyni dəyərsizliklərin köləsi olduğumuza görə də günahkarlarımız eyni günahın, xeyirxahlarımız isə eyni savabın sahibidir. Başqa sözlə, qaçqın olmayan oğrunun Bakıda, məsələn, 50 gizli evi, mənzili, 50 maşını, 50 obyekti var, qaçqın olan oğrunun isə 5, qaçqın olmayan rüşvətxorun oğurluqla yığdıqları, deyək ki, milyonla ölçülür, qaçqın olanınkı isə 100 minlərlə. Odur ki, filankəslər qaçqın və köçkündür deyə əclaf, satqın, xain, oğru, rüşvətxor, korrupsioner... damğası vurmaq, bəhmənkəslər isə qaçqın deyil deyə aydan arı sudan duru hesab etmək düzgün deyil. Hamımız eyniyik. Qaçqınların da içində sarsaq-sursaq adamlar var, qaçqın olmayanların da. Ümumiləşdirmək tamamilə yanlış fikirdir, tamamilə səhv addımdır və xalqımızın ümumi birliyinə zərbə vurmaq üçün düşünülmüş fitnədən başqa bir şey deyildir. Cinayətkarı cəzalandırmaq üçün qanun, məhkəmə, müvafiq dövlət orqanları var;
3. O ki, qaldı "Torpaq alınsa da heç biri qayıtmayacaq!" deyənlərə...
Bu, elə bir ağır böhtandır ki, bunun cəzasını ürəkdən tikan çıxarda biləcək qədər ALLAH verə bilər. Allahınız olsun! On minlərlə adamın heysiyyatını tapdaladığınızı düşünmürsünüzmü? On minlərlə adamı təhqir etdiyinizi anlamırsınızmı?? Minlərlə balası torpaq uğrunda şəhid olmuş, itkin düşmüş ailənin yarasına duz basdığınızı, gözləri yolda qalanların sinəsinə ermənidən betər dağ çəkdiyinizi qanmırsınızmı??? Beş dılqıra, 15 ləyaqətsizə görə 100 minlərlə adama qiymət qoyarlarmı? İndi hansı rayondansa (işğal olunmuş, ya olunmamış) olan anasının əmcəyini kəsən bir namussuza görə bütün rayona qiymət verməliyikmi?
...Və... Tutalım ki, torpağımızı azad edəndə (mən buna bu gün həmişəkindən də çox inanıram) 100 minlərlə adamdan yüzü, mini qayıtmaq istəmədi. Bəs müvafiq dövlət orqanları nədən ötrüdür? Heç kim narahat olmasın, rayonlarımız azad ediləndən və təmizlənib yaşayışa yararlı hala salınandan sonra hökumət könüllü getmək istəməyənləri elə kürüyəcək ki, heç iz-toz da qalmayacaq. Şəxsən mən hökumət nümayəndəsi olsaydım məhz elə edərdim. 1988-ci ilin fevralından sonra qaçqın düşmüş bütün ailələri məhz o hesabla geriyə, öz yurduna qaytarardım. Hökumətə də məhz bu cür təklif edərdim (yaxud edirəm).
Nəhayət, təklif edirəm ki, bu cür "bəyanatlar" yayıb milləti daxildən sarsıtmaq istəyənlər və bu barədə ağalarının müvafiq tapşırıqlarını yerinə yetirməyə çalışanlar da hələ birinci qədəhi qaldırmamış bir neçə dəqiqəliyə güzgü qarşısında dayanıb özlərinə bəzi suallar versinlər.
...Versinlər ki, bu sualları onlara verməyə başqaları məcbur olmasın.
Özü də ucadan...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !