Tahir Süleymanov: - Kasıb Xorvatiyada olduğu kimi...

Tahir Süleymanov: Kasıb Xorvatiyada olduğu kimi...

 Futbol bir dünyadır. İrqindən, dininindən, mənsubiyyətindən asılı olmayaraq bütün insanları birləşdirir.
Böyük futbolun öz qanunları var. Oyundan dərhal sonra qəti fikirlər söylənilməz. Ümumi, qısa açıqlamalarla münasibət bildirilir.

Təzyiqlərin 180 dərəcəyə qalxdığı məqamda isti başların soyumasına, özünə gəlməsinə ehtiyac olur. Bu, tək peşəkar futbolun deyil, tibb elminin də tələbləridir. Əks halda təzyiqlər neft kimi fontan vurar...

Neft fontan vuranda xeyir gətirir, təzyiq yerində olmayanda isə fəlakət, faciə, ən yaxşı halda xaos. Azərbaycan futbolunda olduğu kimi...

Dünəndən oyunla bağlı fikirlər bir-birinə qarışıb. Daha doğrusu, həmişə olduğu kimi futbol qalıb kənarda, fərdlərin müdafiəsi, asıb-kəsilməsi, cəbhələşmə...Ölkə futbolunda artıq bir partiyalılıq sistemi çatışmır. Ümumi futbol çoxdan yaddan çıxıb...

Azərbaycan, Xorvatiya...

Hər iki ölkə 1991-ci ildə müstəqilliyini elan edib. Hər iki xalq müharibələrdən keçib, rejimə qarşı savaşıb. Azərbaycan daha ağır durumda olub, Xorvatiya isə elə "Maksimir" stadionundan alovlanan müharibənin sonluğu olaraq yalnız 98-də tam müstəqilliyinə qovuşub...Futbol dili ilə yanaşsaq, çox qəribə paralellik var, Xorvatiyanın müstəqilliyini tanıyan ilk ölkə İslandiya olub...

Ölkələrdə futbol bir nömrəli idman növüdür. Azərbaycan futbolunda başlar neft fontanlarına qarışanda, Xorvatiyada beyinlər sabahın futbolunu düşünürdü. Nəticəsi, ötən il Rusiya finalında fontan vurdu...
Xorvatiyanın 4 milyondan artıq əhalisi var. Çempionatlarında 10 komanda çıxış edir. Bizim 5-10 il öncəki çempionatlarımızdan səviyyəli deyil. 3 komanda paytaxt Zaqrebi, 7-si 25-200 minlik bölgə şəhərlərini təmsil edir. Azərbaycanda isə 50 mindən 500 minə kimi köklü futbol şəhərlərimiz böyük futbolsuz qalıb...

Son 15 ildə Azərbaycan futboluna yatırılan vəsaitin 50%-i qarşısında xorvatlar Tanrıya şükr edərdi. Matçın keçirildiyi köhnə "Maksimir"
stadionu buna əyani sübutdur. Zaqrebdəki stadiondan daha müasir Lənkəran, İmişli arenaları böyük futbola həsrət qalıb...

Balkanlar futbolla yanaşı digər oyun idman növlərində də üstündür. Bu da milli mentalitetin, yumruq kimi birləşməyin, təfəkkür dərinliyinin məhsuludur. Bizdə əksidir, fərdi idman növlərində dünya səviyyəsinə qalxa bilirik...

Futbolda fərdiçiliyə yer yoxdur. Hətta messilər, ronaldolar fərdi keyfiyyətlərini komanda oyunu ilə uzlaşdırmağa məhkumdular. Fərdlər futbolda böyük təkanverici rol oynayır, fərdiçilik olmasa...

Milli adı müqəddəsdir. Ölkə, dövlət, bayraq, himn, gerb, bu atributlar olmasa, milli də olmaz. Milli hər birimizin qürür mənbəyimizdir, olmalıdır. Milli - Azərbaycan futbolunun son mərtəbəsi, zirvəsidir!

Reallıqda nə baş verir?! Milli fərdlərin, müxtəlif dövrlərdə ayrı-ayrı şəxslərin qarşıdurma məkanına çevrilib. Məqsəd Azərbaycan futbolunun inkişafı deyil, şəxsi hikkələr, qruplaşmalar, mənfəət...

Futbol ictimaiyyəti özü bilmədən, istəmədən, futbolu, xalqı, millini təmənnasız sevməyindən fərdlərin şəxsi "mübarizəsinə" sürüklənib. Dərin təhlillər aparılmadan belə də davam edəcək...

Özlərini müdafiə edə bilməyənlər, susanlar, problemləri qaldırmayanlar, futbolun mərkəzində olub kənarda duranlara diqqət, qayğı göstərilir. Şəxsi məqsədləri üçün hər "oyuna" gedən futbol səlahiyyətliləri də dəstəksiz qalmır...

İstəmədən belə "oyun"ların iştirakçısına çevrilmək, futbolu bu günə gətirənlərə sərfəlidir. Ara qarışır, problemlərin mahiyyəti bilinmir, unudulur, unutdurulur, illər keçir. Hamısı özünü düşünür, xalqın, dövlətin ayırdığı pullar qazanılır, mənimsənilir...

Şeydayev istisna olmaqla Xorvatiya-Azərbaycan oyunu çox şişirdildi. Bunun əsas səbəbi Millətlər Liqasındakı fiasko, Kosovo faciəsindən sonra ilk oyunun olması idi. Bir tərəfdən sübut olundu ki, liqada qalib olub finallara kimi irəliləmək olardı, digər tərəfdən də bir daha bəlli oldu, xorvatlarla oyundakı ruh yüksəkliyi, rəhbər, məşqçi, futbolçu birliyi yaxın keçmiş aylarda yox idi. Yuxarıda qeyd etdiyim kimi, milli fərdlərin savaş məkanına çevrilmişdi...

Məğlubiyyət elə məğlubiyyətdir. Məğlubiyyət psixologiyası təbliğ edilməz. Qalibiyyət ruhu olmadan, aşılanmadan gələcəkdə nəticələrin göstərilməsi mümkünsüzdür. Futbolçuların əksəriyyəti bildirir ki, 90 dəqiqə müdafiədə oturduq, bəxt gətirsəydı bir xal qazana bilərdik, "təbliğat maşını" isə "uğur"dan danışır.

İndiki durumda Xorvatiyaya məğlub olmaq qəbahət deyil, hətta 1-3 olsaydı da belə...
Əsl qəbahət, məğlubiyyəti "qələbə" kimi təqdim etməkdi. Bu, qəbuledilməzdir!

25 ildə belə oyunlar çox olub, bundan sonra da olacaq. Yurçeviçin yerlisi Prosineçkinin sözü olmasın, "50 ildən bir sürprizlər də olur".

Bu dəfə süpriz olmadı, tərif "prizləri" isə çevik Yurçeviçi "milli qəhrəman" səviyyəsinə qaldırır. Onda rəhmətlik Əhməd Ələsgərova Portuqaliya millisi ilə iki gecə ardıcıl heç-heçə oynadığına görə heykəl düşür ki?! Heç yada salan da yoxdu... O vaxtlar futbol nefti fontan da vurmurdu. Məşqçinin indikilər, əvvəlkilər kimi milyonluq müqaviləsi də yox idi, "peraşki" dövrü idi...

Qəribə səslənsə də, milliyə legioner (!) niyə gətirilir? Nəticə qazanılması üçün. Klubların uğurları legionerlərin ayağına yazılır. Millidə 10(!)-dan çox gəlmə futbolçu var. Müdafiədə oturub az top buraxmaq üçünmü gəliblər, yoxsa məşhurlardan forma yiğib himnimizi "şişirtməməyə"?!

Əsl kökü bizdən olan kürdəmirli balası olur. Səviyyəsini göstərdi, qolunu vurdu, oyundan sonra da dərhal ikinci "qolu" vurdu -"forma dəyişmək mənlik deyil". Bunu deyən gənc yaşında olmasına baxmayaraq istedad, şəxsiyyət ruhudur. Bir az da Azərbaycan futbolunun bataqlığında qalsaydı karyerasını Kürdəmirdə "zaqar"la bitirəcəkdi...

Azərbaycan futbolunda emosiyaları, tərəfkeşlikləri, üzdənyanaşmaları kənara atıb dərin təhlillər aparılmadan irəliləyiş olmayacaq.
"Son on ilin analizləri göstərdi ki, baş məşqçilər ancaq özlərini düşünürlər" ifadəsini göz önünə gətirib ümumi futbol haqqında fikirləşilməlidir...

Varlı, imkanlı Azərbaycan futbolunda kimliyindən asılı olmayaraq şəxsi maraqlar deyil, ümumi strategiya, inkişaf mexanizmi, böyük futbol təhlilləri, milli ruh, xalqa, dövlətçiliyə sevgi, bölgələrdə futbolun bərpası ilə ölkədə böyük futbol ola bilər...

Kasıb Xorvatiyada olduğu kimi...

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !