Fotokadr 2018 adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

“Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Yanvarın 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Gilavar” Azərbaycan Foto Klubunun “Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rəsmi şəxslər, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə maraqlarının artırılmasına, beynəlxalq fotomüsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaq olduğunu vurğulayıb.

D.Nəcəfov tədbirin təşkilində MOK, Gənclər və İdman, Mədəniyyət nazirliklərinə və “ArtFaktor” təşkilatına, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürünü bildirib.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev bir il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

R.Mehdiyev bildirib ki, bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazələri ilə “Azerbaijan Photo Salon”, “Baku 2018” və “Autumn Circuit 2018” adlı üç beynəlxalq fotomüsabiqə təqdim olunub. Klub tərəfindən təşkil edilən ilk müsabiqəyə 57 ölkədən 410 fotoqraf 7865, ikinci müsabiqəyə isə 55 ölkədən 329 fotoqraf 5741, dairəvi sistem üzrə keçirilən üçüncü müsabiqəyə 53 ölkədən 273 fotoqraf 3463 foto göndərib. Ümumilikdə təqdim olunan 478 mükafatı əldə etmək üçün dünyanın 60 ölkəsindən 1011 fotoqraf bu yarışlara 17 min 69 foto göndərib. Bu müsabiqələr zamanı Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov, Nadejda Cavadova və Kelvin Qasımov xüsusi seçiliblər. Azərbaycanlı fotoqraflar ümumilikdə 27 mükafat qazanıblar. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Gürcüstan, Serbiya, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

Qeyd edilib ki, “Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi fotomüsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. Təkcə 2018-ci il ərzində klubun fotoqrafları Azərbaycana 50-dən artıq beynəlxalq mükafat qazandırıblar. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənib.

Vurğulayıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda, klub şəklində də beynəlxalq foto aləmində təmsil olunublar. Belə ki, Səudiyyə Ərəbistanında keçirilən “2nd FIAP In My Heart Forever 2018” virtual sərgisində 11 fotoqrafın işi sərgilənib və onlara diplomlar təqdim olunub. İtaliyada “13th FIAP Clubs’ World Cup” klublararası dünya çempionatı keçirilib. Azərbaycanı ilk dəfə bu foto yarışmada 17 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Müsabiqəyə dünyanın 37 ölkəsindən 3760 foto təqdim edilib. Yekunda Azərbaycan təmsilçiləri 322 bal toplayaraq 188 fotoklub arasında 82-ci yerdə qərarlaşıblar.

R.Mehdiyev bildirib ki, “Gilavar” yeni yaranmasına baxmayaraq, artıq Beynəlxalq Foto Sənəti Federasiyasına üzv qəbul olunub, bu təşkilatın Azərbaycanda yerli fərdi klub statusunu əldə edib. Adıçəkilən qurum dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 3 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb ki, onlardan ikisi “Gilavar” fotoklubunun üzvləridir.

Tədbir çərçivəsində iştirakçılara “Autumn Circuit 2018” fotomüsabiqəsində qalib gəlmiş fotolardan ibarət videoçarx nümayiş olunub.

Sonra “Gilavar” tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub.

Azərbaycanda fotoqrafiya sənətinin inkişafında xidmətlərinə və fotoqrafiya sahəsindəki uğurlarına görə AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov “ArtFaktor” tərəfindən, fotoqrafiya sahəsindəki uğurlarına görə gənc fotoqraf Kərim Abbasov və Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi “Gilavar” tərəfindən xüsusi diplomlarla təltif edilib. Bundan əlavə, ötən ilin dekabrında Beynəlxalq Foto Sənəti Federasiyasının rəssamı fəxri adını qazanmış fotoqraflar Rəşad Mehdiyev və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim olunub 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !