Teatrı ikinci evi bilən aktrisa - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Teatrı ikinci evi bilən aktrisa - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Teatrı ikinci evi bilən aktrisa


(Portret cizgiləri)


Almaz Mustafayeva: “Teatr sənətkar üçün qazanc yeri yox, ömrünü xərcləyəcəyi müqəddəs məbəddir”.

 

Bu yazını mən 10 il bundan qabaq yazmışam. Amma hansı səbəblərdənsə həmin vaxtı çap olunmayıb. O vaxtı hələ Almaz Mustafayeva Əməkdar artist fəxri adını da almamışdı. İndi Almaz xanımın 70 illik yubileyi ərəfəsində bəzi dəyişikliklər etməklə bu Portret cizgilərini çap etdirirəm. Qoy bu yazım, sevimli aktrisamızın yubileyinə məndən bir ərmağan, təhfə olsun.


Müəllif

 

Ona Azərbaycan teatr aləmində yaşından asılı olmayaraq, hamı böyük hörmətlə yanaşır. Hamı ona mehribançılıq göstərir. Yadımdadır ki, on il bundan qabaq, anadan olmasının 60 və peşəkar teatrda yaradıcılıq fəaliyyətinin 40 illik yubileyi qeyd olunanda, ona olan sevgi, hörmət bir daha özünün təsdiqini tapdı. Hamı əlindən gələni edirdi ki, onun yubileyi maraqlı, yadda qalan və şən keçsin. Haqqında danışdığım aktrisa, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, artıq əlli illik sənət yaradıcılığında bir-birindən maraqlı çoxlu rollar oynamış və öz adını Azərbaycan teatr tarixinə layiqincə yazmış Azərbaycan Respublikasının Əməkdar artisti Almaz xanım Mustafayevadır.
Almaz xanım, Qarabağın mərkəzi sayılan gözəl Ağdamda dünyaya gəlib. Beş yaşından onların ailəsi Bakıya köçüb. O, orta təhsilini Bakıda alıb. Onun sənət aləminə gəlişi isə təsadüflər nəticəsində olub. Belə ki, balaca Almazın orta məktəb yoldaşları o vaxtlar Azərbaycan radiosunun “Bənövşə” xoruna gedirdilər. Almazın da gözəl səsi vardı. O, məktəbin bütün tədbirlərində mahnılar oxuyur, rəqslər edir, şeir söyləyirdi. Ona görə də günlərin bir günü Almazın rəfiqələri onu da həmin xor kollektivinə apardılar. “Bənövşə” xor kollektivinin rəhbəri, Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Əfsər Cavanşirov onun səsinə diqqətlə qurlaq asandan sonra, bu istedalı qızın oxuduğu mahnılar xoşuna gəldiyi üçün balaca Almazı xorun solisti qəbul etdi. Beləliklə, 1960-cı illərdən başlayaraq, Almazın oxuduğu mahnılar, özünün şirinliyinə, məlahətli səslənməsinə görə Azərbaycan radiosunun qızıl fonduna daxil edildi. Bu gün də Azərbaycan Radiosunun qızıl fondunda, Almaz xanımın həmin vaxtlar oxuduğu onlarla mahnılar var.
Bir gün “Bənövşə” xor kollektivinin üzvləri mahnıları məşq edəndən sonra radionun foyesində gəzən vaxtı, Almaz xanıma bir cavan oğlan yaxınlaşıb dedi: “Siz televiziyada çıxış etmək istəyirsinizmi?” Almaz xanım da heç fikirləşmədən dedi: “Bəli. İstəyirəm”. Sonra Almaz Mustafayeva bildi ki, bu cavan oğlan, sonralar Azərbaycan Dövlət Televiziyasının aparıcı, tanınmış rejissorlarından olan Nazim Zeynalovdur. Almaz xanımın bu sözündən sonra gənc Nazim ona bir mətn verdi və elə oradaca oxumasını xahiş etdi. Bu balaca qız, həmin sözləri elə səlis və obrazlı oxudu ki, Nazim Zeynalovun xoşuna gəldi. Sonra Nazim müəllim, Almazgilə gəlib, televiziyada çıxış etməsi üçün onun valideyinlərindən icazə aldı. Beləliklə, səhəri gündən Almaz Mustafayeva o vaxtlar televiziyada məşhur veriliş olan, bir gün Azərbaycan və bir gün də Rus dilində göstərilən “Gecəniz xeyrə qalsın” verilişində çıxış etməyə başladı. O, az bir vaxtda həmin Azərbaycan verilişinin aparıcısı oldu. Bir müddət sonra Almaz xanımın oxuduğu məktəbə Cəfər Cabbarlı adına Dövlət Azərbaycanfilm Kino-Studiyasından gəlib, Əməkdar incəsənət xadimi Əlisəftər Atakişiyevin çəkilişinə hazırlaşdığı məşhur “Sehirli xalat” filiminə məktəblilər seçməyə başladılar. Almazı da həmin kinofilmə dəvət etdilər. Hətta Əlisəttar Atakişiyev onu baş rola çəkmək istədi. Amma nə üçünsə baş rola başqasını təsdiq etdilər. Və Almaz xanım ikinci rola- Səidə roluna təsdiq olundu. Sınaq çəkilişlərində Almaz Mustafayevanın Səidə rolunu maraqlı oynaması və səlis danışığı Əlisəttar Atakişiyevin xoşuna gəldiyinə görə onu dubliyaj şöbəsinə aparıb, rejissorlara təqdim etdi. Elə həmin vaxtdan, yəni 1963-cü ildən də Almaz xanım uşaq rollarını dubliyaj etməyə başladı. O, əvvəllər yalnız uşaq rollarını səsləndirirdisə, indi qadın və nənə rollarını da səsləndirir.


- Bəs necə oldu ki, siz, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləməyə gəldiz,- deyə ilk sualla Almaz xanıma müraciət etdim.


- Bir gün atam, Əhməd kişi gəlib dedi ki, “bir elan oxumuşam. Cəfər Cabbarlı adına Dövlət Azərbaycanfilm Kino-Studiyasının direktoru Adil İsgəndərov, kino aktyor kursları açıb. İstedadlı oğlan və qızları imtahan yolu ilə həmin kurslara qəbul edirlər. Sən də get imtahan ver və ora qəbul ol”. Mən də atamın təklifi ilə ora gəlib ərizə verdim. İmtahanı bizdən korifey Adil İsgəndərov başda olmqla, məşhur sənətkarlar götürürdülər. Mənim çıxışım xoşlarına gəldiyinə görə, həmin kursa qəbul etdilər. Kursun rəhbəri Adil İsgəndərov olsa da bizə sənət dərslərini Cənnət xanım Səlimova keçirdi. Və bizimlə Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” tamaşasından parçalar hazırladı. Məni bu tamaşada görən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru mərhum Bala Qasımov, teatra işləyməyə dəvət etdi. İlk əvvəl mən tepatra gəlmək istəmirdim. Çünki artıq kino-studiyada çəkilişi başa çatan rejissor Şamil Mahmudbəyovun “Şərikli çörək” kinofilmində rejissor kömkçisi kimi işləmişdim. Ona görə də meylim daha çox kinoya idi. Hətta Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyən Xalq artistləri, məşhur aktyorlar Yusif Vəliyev və Firəngiz xanım Şərifova da dubliyajda olduğumuz vaxtlarda təkid edirdilər ki, mən onların teatrına işləməyə gəlim. Hətta Yusif müəllim deyirdi ki, “sənin boyun balaca olduğuna görə uşaq rollarında çıxış etməklə böyük uğurlar qazana bilərsən”. O vaxtlar da Əminə Yusifqızı teatrdan çıxıb getmişdi və Qeybulla Rəsulovun yazdığı, məşhur rejissor Zəfər Netəmovun quruluş verdiyi “Əlvida Hindistan” tamaşasında onun oynadığı baş rolun ifaçısı olmadığına görə belə maraqlı tamaşanı oynaya bilmirdilər. Beləliklə, mən teatra gəldim və ilk rolum da həmin baş qəhraman Ramo oldu. Məşq prosesində Firəngiz xanım Şərifova və Solmaz xanım Qurbanova tərəf müqabili kimi mənimlə çox məşq edirdilər. Bu tamaşanı da Azər Paşa Nemətov bərpa edirdi. Çünki atası Zəfər müəllim teatrdan işdən çıxmışdı. Ona görə də tamaşanın bərpası Azər Paşa müəllimə tapşırılmışdı. Tamaşanın məşqləri başa çatdı. Bədii şura böyük uğurla tamaşanı qəbul etdi və məni də teatrın ştatına işə götürdülər. Beləliklə, 1970-ci ildən mən bu teatrda işləməyə başladım. Artıq 50 ildir ki, bu sənət ocağında çalışıram. Ümumilikdə isə 55 ildir ki, teatr, incəsənət aləmindəyəm.


- Bir teatrda 50 il işləmək hər sənətkara nəsib olmur. Sizə isə bu xoşbəxtlik nəsib olub. Çox istərdim ki, bu illərdə sizinlə çiyin-çiyinə işləyən məşhur aktyorları, aktrisaları kino lenti kimi gözləriniz qarşısından keçirib, onların maraqlı məziyyətlərini çoxminli oxucularımıza danışasız. Onların teatra, sənətə, özlərinə münasibəti necə idi? İndiki sənətkarlarla, həmin dövrün sənətkarları arasında fərq nə idi? Niyə indiki gənclərimiz həmin sənətkarların səviyyəsinə qalxa bilmirlər?


- Mən teatra qəbul olunandan sonra, İsgəndər Coşqunun “Tülkü həccə gedir” tamaşasını qastrola aparmağa hazırlaşırdılar. Mənə də həmin tamaşada rol verdilər. Hələ rolun məşqləri başlamamış, yəni məni tamaşaya daxil etməmiş, əmrimi verib, qastrola göndərdilər. Başladım ağlamağa ki, axı mən məşq etməmişəm. Tamaşadan xəbərim yoxdur. Necə rol oynaya bilərəm? O vaxt Xalq artisti, məşhur aktyor Hüseynağa Sadıqov mənə yaxınlaşıb dedi: “ Qorxma mən yanındayam. Tamaşanın gedişində sənə köməklik edəcəm. Tamaşaçı da başa düşməyəcək ki, sən məşq etməyibsən”. Beləliklə, teatrda ilk qastrolum da bu tamaşa ilə olub. Bax həmin məşhur aktyorlar Hüseynağa Sadıqov, Yusif Vəliyev, Süleyman Ələsgərov, Ağadadaş Qurbanov, Ağaəli Dadaşov, Mariya Yermakova, Susanna Məcidova, Osman Hacıbəyov, Firəngiz Şərifova, Solmaz Qurbanova, Firdovsi Nayıbov və onlarca başqaları böyük təcrübəli sənətkarlar olduqlarına görə, tamaşada bir söz də bilməsəydin, səni əsərin gedişi vaxtı elə oynadırdılar və hadisələrin gedişinə elə cəlb edirdilər ki, özündən asılı olmayaraq, çıxışın maraqlı alınırdı. Yəni hər bir tamaşada yaxşı ansambıl yaranırdı və hamı yaxşı oynayırdı. Mən bu teatra işləməyə gələndə çox nəhəng bir kollektiv, korifeylər vardı. Mənə elə gəlir ki, Yusif Vəliyev kimi həmin vaxtlar Azərbaycanda aktyor yox idi. Eləcə də Mariya Yermakova elə səlis Azərbaycan dilində danışırdı ki, heç kim başa düşə bilməzdi ki, bu qadın azərbaycanı deyil. Azərbaycan kinosunda böyük tarixə çevrilən “Onu bağışlamaq olarmı?” kinofilmində məşhur gürcü aktrisası Veriko Ancaparidzenin oynadığı ananın rolunu Azərbaycan dilində Mariya Yermakova səsləndirir. Görün necə səlis və obrazlı danışıq tərzi olub. Bax belə akytorların əhatəsində olmaq elə özü böyük universitet, məktəb idi. Mən həmin vaxtlar teatrda hamıdan gənc olduğuma görə, onlar əllərindən gələni edirdilər ki, sənət aləmində inkişaf edə bilim. Onlarda teatra çox böyük sevgi vardı. Həmin sətkarlar teatrı həqiqətən məbəd bilir və təmənnasız, heç kimdən heç nə ummadan bu məbəddə layiqincə xidmət edirdilər. Həm də o vaxt teatr saf, təmiz bir ailə idi.
Nəsir Sadıqzadə və Hüseyn Sultanovun quruluşunda “Mənim mehriban balam” tamaşasında biz, Yusif Vəliyevlə iki saat yarım səhnədə olurduq. Hər ikimiz baş rolu ifa edirdik. Mən altı yaşlı oğlanı, o, isə bıçaq itiləyən qocanı. İnanın tamaşaçılar elə bil ki, nəfəslərini almadan, bu tamaşaya maraqla baxırdılar. Bu əsər Zaqafqaziyanın üç respublikasındakı Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmışdı. O vaxt SSRİ teatr tənqidçiləri yazmışdılar ki, bizim tamaşa hamısından maraqlı və professionaldır. Mən sənətdə nəyə nail olmuşamsa, burada Firəngiz xanım Şərifovanın çox böyük zəhməti olub. Bir vaxtlar teatrımızın baş rejissor işləyən mərhum Ulduz xanım Rəfili də mənim sənət aləmində müəllimim olub. Teatra gələndə o, bir neçə tamaşalar götürdü ki, orada baş rolları məhz mən ifa edim. Həmin dövrdə işləyən aktyorların çox böyük nizam-intizamı vardı. Teatrda belə qanun var ki, akytorlar tamaşa başlamamışdan qırx beş dəqiqə qabaq, öz iş yerlərində olmalıdırlar. Amma həmin akytorlar tamaşa başlamamışdan iki saat yarım, iki saat əvvəl teatra gəlib, öz qrim otaqlarında oturub, oynayacağı rollar haqqında fikirləşirdilər. Onların səhnə geyimlərinə, dekorsiylara, əlbəsələrə də böyük cavabdehliyi vardı. Onlar heç vaxt məşqə qaça-qaça gəlməyiblər. Heç vaxt rejissordan sonra məşqə girməyiblər. Bax mən, teatra işləməyə gələndə belə nizam-initzam görmüşəm. Amma inkidi akytorların çoxunda bu nizam-intizam, cavabdehlik yoxdur. Ona görə də onlar həmin korifey aktyorların səviyyəsinə qalxa bilmirlər. Baxmayaraq ki, indiki gənclərin çoxu istedadlıdır və səhnə üçün yararlıdır, lakin öz işlərində cavabdeh deyilər. Cavabdehlik olmayan yerdə də böyük uğurlar əldə etmək olmaz. Cavabdehsiz adam isə, hansı sahədə işləməyindən asılı olmayaraq, həyatda böyük uğur qazana bilməz.


- Siz teatr sənətini seçməsəydiniz, hansı sahədə çalışardınız?


- Bizim çoxlu aktyor-aktrisalarımız var ki, fəxri adları var, Prezident təqaüdü, mükafatı alırlar, amma nədənsə inciklidirlər və bəzi istəklərinə nail olmadıqlarından, deyirlər ki, “mənim ağlım olsaydı, teatr sənətinə gəlməzdim”. Amma mən cəmi beş il bundan qabaq Əməkdar artist fəxri adını almışam. Yəni teatrda 45 il işləyəndən sonra. Prezident mükafatı və təqaüdü də almıram. Baxmayaraq mənə çox gec fəxri ad veriblər, amma mən inciməmişəm. Küsməmişəm. Çünki özümü bu sənətdən kənarda təsəvvür edə bilmirəm. Ona görə də teatr mənim ikinci evimdir. İkinci ailəmdir. Ailə isə mənimçün çox müqəddəs, əlçatmaz bir varlıqdır. Əgər mən vaxtı ilə ailə həyatı quranda, həyat yoldaşım mənə desəydi ki, ya mən ya teatr, bax onda əlbəttə ki, teatrı yox, onu seçərdim. Və o sözü qəbul etmirəm ki, bəzi sənətçi xanımlar deyir ki, mən ailəmi sənətə qurban verərəm. Amma həyat yoldaşım Vaqif Mustafayev, Allah ona rəhmət eləsin. O, Azərbaycanda çox tanınan rəssam- modelyer idi. O dövrdə respublikada yeganə rəssam-modelyer məhz Vaqif Mustafayev olub. O, məşhur rəssam-modelyer Vyaçeslav Zvytsevin tələbəsi olmuşdu. Moskvada təhsil almışdı. Keçən əsrin 70-ci illərində Bakıdakı yeganə olan Modalar evinə rəhbərlik edirdi. Rəssam kimi bizim teatrda da bir neçə tamaşaya quruluş vermişdi. Dövlət Azərbaycanfilm Kino- Studiyasında da bir neçə filmdə geyim üzrə rəssam olmuşdu. Ən çox yadda qalan filmi isə “Qətl günü”dür. Deməli, o, teatr sənətini yaxşı bildiyinə və sevdiyinə görə mənə demədi ki, ya teatr, ya da mən. Çox mehriban ailəmiz olub. Bir-birimizi yarım sözdən başa düşmüşük.
Bu gün iki oğlumun hər ikisi də teatr sahəsində çalışır. Böyük oğlum Mustafa 1995-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində işləyib və sizin quruluş verdiyiniz Vaqif Əlixanlının “Əcəl atı“ tamaşasının da quruluşçu rəssamı olub. Bir müddət də Sumqayıt Dövlət Dram Teatrının baş rəssamı işləyib və yenidən bizim teatrımıza qayıdıb. O, bu gün teatr sahəsində püxtələşmiş rəssamdır. Çoxlu tamaşalara quruluş verib. Onun həyat yoldaşı Elianora Mustafayeva da Azərbaycan Musiqili Teatrının solistidir. Biz onunla gəlin-qaynana yox, əsl ana-övladıq. Elianora da çox istedalıdır. Gözəl səsi var. Yaxşı gəlin, yaxşı anadır. Onların üç övladları var. İki oğlan, bir qız. Böyük oğlana həyat yoldaşım Vaqifin adını qoymuşam. Onu çox istəyirəm. O, fortepiano ilə məşğul olur. Həm də hər iki oğul nəvəm rəsm əsərləri də çəkirlər. Ortancıl nəvəm Ömərin rəssamlığa marağı daha çox böyükdür. O, həm də yaxşı skripka çalır.
İkinci oğlum Turalın isə teatr sənətinə gəlməsini itsəmirdim. O, həkim olmaq istəyirdi. Amma tale elə gətirdi ki, teatr sənətini seçdi. Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun tələbəsi olub. Vaxtı ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında “Şah Qacar” tamaşasına çox böyük uğurla quruluş verib. Bu tamaşanın isə rəssamı Mustafa olub. Respublikada keçirilən gənc rejissorların tamaşalarına baxışda, Turalın quruluş verdiyi tamaşalar birinci yerə layiq görülüb. Mədəniyyət Nazirliyinin ilk debüt mükafatını alıb. Onun diplom işi isə bizim teatrın rus truppasında hazırladığı “Qızıl xoruz” tamaşası idi. Çox yaxşı hazırlamışdı. Bu tamaşa haqqında qəzetlərdə çoxlu ressenziyalar çap olundu. Sonra Yuq Dövlət Teatrının quruluşçu rejissoru işlədi. Orada hazırlanan “Mən Məhəmməd Füzuli” tamaşalarından birini də Tural hazırlayıb. Sonra onu təcrübə keçməkçün Polşa Respublikasının Krakov şəhərindəki teatra təcrübə mübadiləsinə göndərdilər. Tural, çox maraqlı bir şey deyir ki, Polşada aktyorlar çox yüksək əmək haqqı alırlar və onyadıqları tamaşadan da faiz alırlar. Məsələn ən cavan aktyor orada beş yüz, altı yüz Avro əmək haqqı alır. Amma orada aktyorlar hər gün səhər saat ondan axşam saat on birə kimi teatrda olurlar. Ya məşqlər edirlər, ya da tamaşalarda oynayırlar. Gündüz isə üç saat onlara istirahət verilir. Polşadakı aktyorlar dövlətə də böyük vergi verirlər. Evlərin kirayəsi də Polşada çox yüksəkdir. O, Polşadan təcrübə mübadiləsindən qayıdandan sonra 6 il Lənkəran Dövlət Dram Teatrının baş rejissoru işləyib. Orada çoxlu tamaşalara maraqlı quruluş verib. İndi isə Dövlət Rus Dram Teatrının quruluşçu rejissorudur. Mən, bir ana kimi övladlarımla, gəlinimlə, nəvələrimlə fəxr edirəm. Fəxr edirəm ki, onlar xalqımıza layiqincə xidmət edirlər.


- Cavan aktyorlara, aktrisalara nə məsləhət verərdiniz?


- Mən çox istərdim ki, bu gün teatra gələn cavanlar elə-belə gəlməsinlər. Onlar teatrı yüksək səviyyədə sevib gəlsinlər. Çünki teatr sənətkar üçün qazanc yeri yox, ömrünü xərcləyəcəyi müqəddəs məbəddir. Ona görə də teatra qazanc yeri kimi baxmaq olmaz. Teatr, 50 ildir ki, mənimçün məbəddir. Müqəddəs yerdir. Bu məbədə də gərək cani-dillə xidmət edəsən. Oradan qazanc güdməyəsən. Ora yalnız gözəl tamaşalar yaratmaq və gözəl rollar oynamaq üçün gəlmək lazımdır. Bax budur teatr adlı sirli, maraqlı müqəddəs dünya.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

 



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !