Hər deputat haqqında bir cümlə - - Azər Həsrət

Hər deputat haqqında bir cümlə - Azər Həsrət

Oqtay Əsədov – Milli Məclisin sədri təbii olaraq fəaldır, işinin öhdəsindən layiqincə gəlir.

Ziyafət Əsgərov – MM sədrinin 1-ci müavini də çox fəaldır, ictimai rəydə tanınır və media ilə intensiv işləyir.

Bahar Muradova – MM sədrinin müavini olaraq çox fəal və əlçatandır.

Valeh Ələsgərov – MM sədrinin müavini olaraq o da fəaldır, əlçatandır və təcrübəsi özünü göstərir.

Adil Əliyev – yeni nəsil deputatlar arasında fəallığıyla seçilir.

Ağacan Abıyev – fəaldır, əlçatandır və proseslərdə nəzərə çarpır.

Ağalar Vəliyev – Ara-sıra haqqında eşidirik.

Aqil Abbas – fəaldır, daim göz önündədir və əlçatandır.

Aqiyə Naxçıvanlı – İctimai rəydə var, lakin onu da artıq narahat etməməyin vaxtı çatıb.

Araz Əlizadə – yalnız qalmaqallı və ümumi ictimai rəydə zərərli kimi qəbul edilən açıqlamalarıyla diqqət çəkir.

Arif Rəhimzadə – Tanınır, bilinir, amma istirahətə getmə vaxtı keçib artıq.

Asim Mollazadə – Açıq fikirli, əlçatan və fəal deputatlardan daha biridir.

Aydın Hüseynov – İctimai rəydə ən fəal deputatlardan biri kimi nəzərə çarpır.

Aydın Mirzəzadə – İctimai rəylə işin əsas yükünü çəkənlərdəndir.

Aytən Mustafazadə – Məncə Aytən xanımı yaxınlaşmaqda olan növbəti (və ya növbədənkənar) seçkilərdə narahat etməmək işin xeyrinə olardı.

Azay Quliyev – Həm milli, həm də beynəlxalq platformalarda çox fəaldır.

Azər Badamov – ictimai rəydə ən fəal deputatlardan biri kimi gözə çarpır.

Azər Kərimli – Bir vaxtlar fəal kimi görünürdü, amma nəsə son zamanlar gözə dəymir elə bil.

Bəxtiyar Əliyev – fəal və daim ictimai rəydə olan deputatlardandır.

Bəxtiyar Sadıqov – Çalışqan deputatlar sırasında görürəm.

Cavanşir Feyziyev – son dövrlərin ən fəal deputatlarındandır.

Cavid Qurbanov – Baş dəmiryolçu elə dəmiryolçu kimi də ictimai rəydə fəal görünür.

Cavid Osmanov – Elə bil ad tanış gəlir, amma xatırlamaqda çətinlik çəkirəm.

Çingiz Qənizadə – Təcrübəli və fəal deputatlardan biri kimi daim ictimai rəydədir.

Dilarə Cəbrayılova – Haqsızlıq olmasın, amma bu xanımı xatırlaya bilmədim.

Elçin Quliyev – Tanıya bilmədim.

Eldar İbrahimov – Fəal, əlçatan və köhnə deputatlardandır.

Eldar Quliyev – Fəaldır, az-çox nəzərə çarpır.

Eldəniz Səlimov – Bu yerlim ara-sıra gözə dəysə də haqqında yüksək fikir söyləməyə çətinlik çəkirəm.

Elxan Süleymanov – Çox faydalı deputatlardan biridir, amma artıq dincəlmə vaxtı çatıb.

Elman Məmmədov – Həm fəal, həm də əlçatandır.

Elman Nəsirov – İctimai rəyin önünü çəkənlərdən daha biridir.

Elmira Axundova – Mediada gözə dəyir, lakin həm də oğlunun hansısa qanunsuz əməllərilə gündəmdə olur.

Elşad Həsənov – Xatırlamaqda çətinlik çəkirəm.

Elşən Musayev – Parlamentin işində necə olduğunu deyə bilmərəm, amma bəzən yazılarıyla gündəmə damğasını vurur.

Əflatun Amaşov – çox fəal deputatların önündə gedənlər sırasındadır.

Əhliman Əmiraslanov – köhnə fəallardan biri olaraq tempi qorumağa çalışır.

Əli Hüseynli – öz sahəsində çox təcrübəli, fəal və əlçatan deputatdır.

Əli Məsimli – Təcrübəli, fəal, əlçatan deputatdır.

Əliağa Hüseynov – Bu müəllimin də deputat kimi kim olması haqqında bir fikrim yoxdur.

Əliyeva Kamilə – Az-çox görünür, amma tam da deyil.

Əsabil Qasımov – Adının müxtəlif məsələlərdə hallanmasıyla gündəmdə olur.

Fazil Mustafa – Bəzən fikirlərimiz çəp gəlsə də ictimai rəydə öndə olduğu şübhəsizdir.

Fərəc Quliyev – İctimai rəydə nəzərə çarpacaq qədər fəaldır.

Fəttah Heydərov – Çox fəal ağsaqqal deputatlardandır.

Fəzail Ağamalı – Əlçatan və mediaya açıq fəal deputatlardandır.

Fəzail İbrahimli – Təcrübəli və fəal, əlçatan deputatdır.

Flora Qasımova – Əsasən Qarabağ məsələlərində fəaldır, əlçatandır.

Gövhər Baxşəliyeva – milli təəssübkeş deputat kimi çox fəaldır.

Hacı Salayev – Adı tanışdır, amma nə ilə fərqləndiyini xatırlamıram.

Hadı Rəcəbli – Ən çox çalışanlardan biri, ən çox da tənqid edilən deputatımız deyə bilərik.

Hikmət Babaoğlu – Daim göz önündə, ictimai-siyasi proseslərdə fəal deputatdır.

Hüseynbala Mirələmov – İctimai rəydə bilinən və əlçatan deputatlardandır.

Xanhüseyn Kazımlı – Əlçatan və təcrübəli deputatlar sırasındadır.

Xanlar Fətiyev – Ad məşhurdur, amma ictimai rəydə o qədər də gözə dəymir.

İqbal Məmmədov – Arabir adı hallanır, amma yetərincə fəal sayılmaz.

İlham Əliyev – Daha çox MM komitələrinin işindəki fəallığıyla diqqət çəkir.

İlham Məmmədov – Adını eşitmişəm kimi gəlir, amma harda, necə?

İmamverdi İsmayılov – Parlamentdə və ictimai rəydə varlığıyla yoxluğu bilinmir.

İsa Həbibbəyli – Deputat kimi də, alim kimi də yorulmadan çalışır.

Jalə Əliyeva – Fəaldır, ictimai rəydə görünür və əlçatandır.

Kamran Bayramov – Bu müəllimi də xatırlamaqda çətinlik çəkirəm.

Kamran Nəbizadə – Az-çox bilinənlərdəndir, lakin məlum bir skandalla gündəmə gəlməsi də diqqətdən qaçmadı.

Kəmaləddin Qafarov – Adını elə də çox eşitmirik.

Qənirə Paşayeva – Azərbaycan sınırlarını çoxdan aşmış, hər kəsin tanıdığı, bildiyi bir deputatımızdır.

Qüdrət Həsənquliyev – Əlçatan və çox fəal deputatlardan biridir.

Madər Musayev – Məşhur ad olsa da parlamentdə nə işlə məşğul olduğunu şəxsən mən bilmirəm.

Mahir Abbaszadə – Haqqında geniş danışmaq üçün bizə yetərincə şans vermiş sayılmaz.

Mahir Aslanov – Açığı, bu şəxs haqqında da bir fikir yürüdə bilməyim üçün səbəb yoxdur.

Malik Həsənov – Əminəm ki, çoxları bu deputatı xatırlamaqda çətinlik çəkəcəklər.

Məlahət İbrahimqızı – Əlçatan və fəal deputatdır.

Mixail Zabelin – Mixail müəllim rus icmasının təmsilçisi olaraq MM-də gərəklidir, lakin artıq o da dincəlməyə gedərsə yaxşı olar.

Mirkazım Kazımov – Adını xatırlayıram, ancaq nəsə qeyri-adi fəailiyyətini xatırlaya bilmirəm.

Mirzəcan Xəlilov – Kim olduğunu bilmədim.

Musa Qasımlı – Daim üzdədir, ictimai rəydə çox tanınır və fəaldır.

Musa Urud – İctimai rəydə fəaldır, əlçatandır.

Müslüm Məmmədov – MM-in siyahısına baxanda bu adda deputat olduğunu da öyrənmiş oldum.

Naqif Həmzəyev – Məhəmməd Əmin Rəsulzadə haqqında uyğunsuz mövqeyinə görə diqqət cəlb etmiş bu gənc deputatın nəylə fərqləndiyini deyə bilmərəm.

Nəriman Əliyev – Bir neçə dəfə adı hansısa maliyyə və bənzəri məsələlərə aid qalmaqallarda hallanıb.

Nəsib Məhəməliyev – Varlığıyla yoxluğunu şəxsən mən hiss edə bilmirəm.

Nizami Cəfərov – Deputat olmasaydı belə daim göz önündədir, ən fəallardandır.

Novruzəli Aslanov – İctimai rəydə Novruz Aslan olaraq bilinir və fəaldır.

Paşazadə Cavanşir – Deyilənə görə, hörmətli Şeyximizin ailə üzvlərindəndir.

Pərvin Kərimzadə – Yadıma sala bilmirəm.

Rafael Hüseynov – Çox fəal və təcrübəli deputatdır.

Rafiq Məmmədhəsənov – Qalmaqallı toy məsələsilə yadımda qalıb.

Rasim Musabəyov – İctimai rəyin populyar simalarındandır.

Rauf Əliyev – Qəfil xatırlamaqda çətinlik çəkirəm.

Rəfail Cəbrayılov – İctimai rəydə var və fəal deputatlardan sayılır.

Rəşad Mahmudov – İctimai rəydə var, fəaldır, amma həkim kimi çox faydalı ola bilərdi.

Rövnəq Abdullayev – Milli Məclisdə sonuncu dəfə nə vaxt görüldüyü bəlli deyil.

Rüfət Quliyev – Az-çox nəzərə çarpan deputatlar sırasındadır.

Rüstəm Xəlilov – Xatırlamağa çalışıram, amma çətinlik çəkirəm.

Sabir Hacıyev – Son zamanlar ümumiyyətlə gözə dəymir.

Sahib Alıyev – İctimai rəydə fəal deputatlardan biri kimi nəzərə çarpır.

Sahibə Qafarova – Adını tez-tez eşidirik.

Sevinc Fətəliyeva – Fəal deputatlar sırasındadır.

Sevinc Hüseynova – Dərhal xatırlamaqda çətinlik çəkdiyim daha bir deputat.

Sədaqət Vəliyeva – Adı hallanır, eşidilir, amma o qədər də deyil.

Səməd Seyidov – Beynəlxalq platformalarda Azərbaycanın əsas yükünü çəkən təcrübəli deputatlardan biridir.

Səttar Möhbalıyev – Ölkənin baş həmkarı həm bu sahədə, həm də parlamentdə fəallar sırasındadır.

Siyavuş Novruzov – Ən təvazökar və zəhmətkeş deputatların önündə gələnlərdəndir.

Sona Əliyeva – Son vaxtlar ictimai rəydə görünmək üçün çalışır.

Şahin İsmayılov – Bu müəllimi tanıyıram, amma qeyri-adi bir işini hələ ki, qəfil xatırlaya bilmirəm.

Şəmsəddin Hacıyev – Bu müəllimi də qəfil xatırlamaqda çətinlik çəkirəm.

Tahir Kərimli – Fəal, əlçatan və təcrübəli deputatdır.

Tahir Mirkişili – Yeni və fəal deputatlar sırasındadır.

Tahir Rzayev – O da deputat kürsüsünü özü üçün məşğul edənlərdəndir.

Tahir Süleymanov – Ad tanış olsa da nə ilə diqqət çəkdiyini deyə bilmərəm.

Ülvi Quliyev – Məncə əvvəllər daha fəal idi.

Ülviyyə Ağayeva – Açığı, haqqında heç bir bilgim yoxdur.

Ülviyyə Həmzəyeva – Kimdir, nəçidir, deyə bilmərəm.

Vahid Əhmədov – Fəal və eyni zamanda seçicilərinə ən yaxın deputatlardan biridir.

Vasif Talıbov – Naxçıvanın çox hörmətli başçısı oralarda nizam-intizam və səliqə-sahman yaratmasıyla sözün yaxşı mənasında şöhrətinin üstünə şöhrət gətirib.

Yaqub Mahmudov – Yaşına baxmayaraq çox fəaldır, milli məsələlərdə təəssübkeşliyi ilə seçilir.

Yevda Abramov – Çox fəal deputatlar kateqoriyasına aid olmaqla əlçatan və fəaldır.

Zahid Oruc – Bu qədim dostumuz da əlavə tərifə ehtiyacı olmayanlardan biridir.

Zeynəb Xanlarova – Biz onu çox sevirik, lakin deputat kürsüsünü məşğul etməsindən məmnun deyilik.

Ziyad Səmədzadə – Çalışqan, təcrübəli və əlçatandır.

Qeydlər:

Siyahını Milli Məclisin saytından əldə etmişəm.

Deputatların bioqrafiyaları çox kasad bir şəkildə təqdim edilib.

Nəzərə almaq lazımdır ki, bir cümləlik dəyərləndirmə şəxsimə aid olmaqla subyektivdir və bəzən obyektiv görünməyə bilər.

Baxmayaraq ki, deputatların bir xeylisini şəxsən tanıdığım üçün barələrində nisbətən yumşaq fikir bildirmişəm, növbəti seçkidə parlamentin indiki tərkibinin ən azı 70 faiziylə vidalaşmaq işin xeyrinə olardı.

Deputatların fəaliyyətinin beynəlxalq platformalarda dəyərləndirilməsi aparılarsa, heç şübhəsiz çox acınacaqlı bir durumla üz-üzə qalmış olarıq.

Onu da əlavə edim ki, şəxsən özüm ictimai-siyasi fəal və media təmsilçisi olaraq bu deputatları az-çox tanıyıram. Ümumi seçicilərə gəlincə, onların əksəriyyətinin adı artıq çoxdan unudulub. Səbəbkarsa özləridir. Çünki xalq arasına çıxmırlar, sosial mediadan istifadə etmirlər, TV və radioda görünmürlər…

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !