Avropa Parlamenti yeni cəbhə açır… - - Azər Həsrət

Avropa Parlamenti yeni cəbhə açır… - Azər Həsrət

Avropa Parlamenti və onun bağlı olduğu Avropa Birliyi Azərbaycanla işbirliyində maraqlıdır. Bu qurum ölkəmizin Avropaya inteqrasiyasından əldə edəcəyi faydanı hamıdan yaxşı dəyərləndirə bilir. Lakin elə qüvvələr və mərkəzlər də var ki, onlar da əsl məsələni başa düşür və ölkəmizin Avropaya inteqrasiyasını hər vəchlə əngəlləməyə çalışır. Həmin qurumlar durmadan Avropa Parlamentinin imkanlarından istifadə edir.

Yanvarın 17-də də belə bir cəhd oldu. Avropa Parlamentində Azərbaycanda insan haqlarıyla bağlı müzakirə aparıldı, növbətçi bir qətnamə qəbul edildi. Hazırda həbs cəzası çəkən Mehman Hüseynovun Azərbaycandan könüllü imtina etmiş qardaşı Emin Hüseynovun səyləri nəticəsində ictimai rəyə “Mehman Hüseynovla bağlı qətnamə” kimi təqdim edilən bu sənəd, əslində ümumilikdə insan haqlarına aiddir. Amma Emin Hüseynov o sənəddə adı keçən digər şəxsləri gözardı edərək yalnız öz qardaşının adını hallandırmaqla məşğuldur. Hər halda, onun belə davranması insan haqları nağıllarına inananlar üçün də bir diqqət nöqtəsi olmalıdır.

Qətnamənin tez-tələsik, araşdırma aparılmadan qəbul edilməsi haqqında artıq deyilib. Biz də, açığı, buna xeyli təəccüb edirik. Azərbaycan dövlətinin uyğun qurumlarından uyğun bilgiləri almaq, müzakirə açıb gerçəyin üzə çıxmasına nail olmaq imkanı varkən Avropa Parlamenti niyə belə tələsik və yarımçıq hərəkət etdi? Doğrudanmı bizə demokratiya, ədalət, insan haqları dərsi vermək istəyən Avropa qafası buna zərurət görmədi? Doğrudanmı kimisə – hansısa ölkəni ittiham edərkən onun rəyini dinləməmək ədalətə kölgə salmaz? Bunu axı o Avropa əhli bizdən yaxşı bilir. Bəs nədir onları belə tez-tələsik, qəfil və müzakirəsiz addım atmağa vadar edən?

Cavab aydındır əslində. Biz bunu bilirik. Elə onlar özləri də, onlara dəstək verənlər də yaxşı bilir. Təkcə qətnamənin əsas təşəbbüskarlarından birinin adını demək yetər ki, niyə belə davrandıqları bəlli olsun. Bu, Rebekka Harms adlı alman deputatdır. Məlum və məşhur Sorosun müridlərindəndir. Təbii ki, Sorosun kim və nə olduğunu bilənlər üçün məsələ aydındır. Bilməyən, yaxud da bilib susmağa üstünlük verənlər üçünsə izah edirik: Soros filantrop qılığına girmiş xaos generatorudur. Gürcüstanda, Ukraynada, hətta “ərəb baharı” girdabından hələ də qurtula bilməyən ərəb ölkələrində yerin altının üstünə çevrilməsi bu şəxsin birbaşa dəstəyi ilə baş verib və verməkdədir. Belə bir adamın uzantılarının Azərbaycanla bağlı məlum qətnaməyə təşəbbüs etməsi təsadüfdürmü? Deyil. Onlar illərdir çalışır ki, ölkəmizi müxtəlif məsələlərdə ittiham edib içəridən qarışdırsınlar. Səbəb nədir? Səbəb odur ki, Azərbaycana başçılıq edən iradə müstəqildir, heç kimə əyilmir, onların havasına oynamır. Belə durumu isə onlar həzm edə bilmirlər və ona görə də illərdir çalışırlar ki, ölkəmizi yeri gəldi-gəlmədi ittiham edib gözdən salsınlar.

Lakin aradan illər keçsə də bunlar bir gerçəyi anlaya bilmirlər: Azərbaycan heç vaxt heç bir xarici qüvvənin basqıları qarşısında geri çəkilmədi, çəkilən də deyil!

Azərbaycan o ölkələrdəndir ki, burada ən ali iradə xalqa məxsusdur və ölkəyə başçılıq edən şəxs də yalnız bu iradəyə uyğun hərəkət edir.

Bəs Avropa Parlamentinin bu qətnaməsi nəyə səbəb olacaq? Belə baxanda, heç nəyə. Çünki Azərbaycan onun üzvü deyil, o parlament qarşısında da heç bir öhdəliyi yoxdur. Yəni bunların qəbul etdiyi sənəd bir kağız parçasıdır sadəcə. Qəbul edildi, arxivə tikildi və bir neçə gün də müzakirə edildikdən sonra yaddan çıxacaq.

Bununla bərabər Azərbaycan öz yolundan çəkilən deyil. Ölkə Prezidenti İlham Əliyevin şəxsən başçılığı altında Azərbaycan Avropaya inteqrasiya prosesini davam etdirəcək. Özünün BMT-dən üzü aşağı bütün beynəlxalq qurumlardakı fəaliyyətini ən yüksək səviyyədə tutacaq. İstər ölkəmiz, istər bölgəmiz, istərsə də dünya üçün faydalı təşəbbüslərə hamıdan çevik reaksiya verəcək. Özəlliklə də qlobal terrorla mücadilə məsələsində bir addım da geri atmayacaq.

Azərbaycan kimlərinsə haradasa qəbul etdiyi qətnamələrlə deyil, öz cızdığı planlarla hərəkət edir.

Ölkəmiz Avropa Parlamentinin öncəki illərdə də bənzər addımlar atmasından sonra öz qətiyyətini sərgiləməli olmuşdu. İndi də sərgiləyəcək. Yəni biz istər dövlət, istərsə də toplum olaraq o qətnaməyə qədər necə davranırdıqsa, ondan sonra da elə davranacağıq. Dəyişən bir şey olmayacaq. Dediyimiz kimi, bu dövlət yalnız Azərbaycan xalqının iradəsilə hesablaşır. Onun dışındakı heç bir iradə Azərbaycana nəyi isə diktə edə bilməz! O cümlədən də Avropa Parlamenti.

Yeri gəlmişkən, Avropa Parlamentinin məlum qətnaməsində diqqətimizi bir məqam çəkdi. Orada ədəbli şəkildə “üzdəniraq” deyə biləcəyimiz kəsimin hüquqlarının təmin edilməsi üçün də çağırış var. Açığı, Mehman Hüseynovla başlayıb niyə o “üzdəniraq”ları da işin içinə əlavə ediblər, anlamadıq.

Görünür, Mehmanın çox yaxında işə yaramayacağını bildikləri üçün yeni cəbhə açmağa hazırlaşırlar. Nə deyirik? Açırlarsa, açsınlar. Onların qarşısından heç vaxt qaçmadıq, indi də qaçan deyilik. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !