Pakistanda "Şəhidlikdən Müstəqilliyə" mövzusunda seminar keçirilib - (+FOTOLAR)

Pakistanda "Şəhidlikdən Müstəqilliyə" mövzusunda seminar keçirilib (+FOTOLAR)

"20 Yanvar - Ümumxalq Hüzn Günü"nün 29-cu ildönümü ilə əlaqədar olaraq
"Şəhidlikdən Müstəqilliyə" mövzusunda seminar Pakistanın İQRA Universitetinin
həmkarlığı ilə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən İQRA
Universitetinin İslamabad kampusunda təşkil edilmişdir.
Pakistan Senatının daimi komitəsinin sədri, Senatda Azərbaycan-Pakistan
Parlamentlərarası Dostluq Qrupunun sədri Talha Mahmudun, habelə Mərkəzi Asiya
ölkələrinin, Rusiya və Belarusun Pakistandakı səfirlərinin, diplomatların, media
mənsublarının, ictimai xadimlərin və universitet tələbələrinin iştirak etdiyi seminarda
Azərbaycanın müstəqilliyin bərpası yolunda keçdiyi çətinliklərdən, əldə etdiyi
nailiyyətlərdən bəhs olunmuş və müstəqillik yolunda hər iki ölkənin verdiyi şəhidlərinin
əziz xatirəsi anılmışdır.
Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilməsi ilə başlayan mərasimdə
çıxış edən Pakistan xarici işlər nazirinin sabiq müavini, tanınmış diplomat-səfir Abrar
Hüseyn 20 Yanvar qırğınının tarixi arxa planına toxunaraq, öz konstitusion hüquqları
uğrunda meydanlara axışan Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin
törədildiyini, buna baxmayaraq, Azərbaycan xalqı öz azadlıq əzmini nümayiş etdirərək
müstəqilliyini qazandığını qeyd etmişdir. Diplomat Pakistanın müstəqil Azərbaycanı
tanıyan və ona Dağlıq Qarabağ məsələsində istisnasız dəstək verən ilk dövlətlərdən
olduğunu bildirərək, o zamandan etibarən ümummilli lider heydər Əliyevin müdrik
siyasəti nəticəsində Azərbaycanın bütün sahələr üzrə tərəqqi əldə etdiyini, eyni
zamanda Azərbaycan-Pakistan əlaqələrinin siyasi, humanitar-mədəni və iqtisadi
sahələrdə də inkişaf etdiyini vurğulamışdır.
İqra Milli Universitetinin rektoru Obeyd ur Rəhman nitqində xalqların azad
yaşaması üçün fədakarlığın zəruri olduğunu, Azərbaycan və Pakistan xalqlarının da
mübarizə apararaq, şəhidlər verərək, öz müstəqilliklərini qazandığlarını ifadə etmişdir.
O, 20 Yanvar şəhidlərinin Azərbaycanın azadlığında oynadığı rolun universitetdə qeyd
olunmasından məmnuniyyətini çatdıraraq, dost və qardaş xalqların bu kimi tarixi
həqiqətlərinin ali məktəb səviyyəsində tədrisinin önəmini vurğulamışdır.
Ortaq mədəni, tarixi və siyasi dəyərləri bölüşən Azərbaycan və Pakistan
xalqlarının həm də oxşar taleləri olduğunu bildirən tədbirin ali qonağı Pakistan Senatının
daimi komitəsinin sədri, Senatda Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq
Qrupunun sədri Talha Mahmud çıxışında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı
sayəsində Azərbaycanın müstəqilliyinə qovuşduğunu ifadə etmişdir. O, Pakistanın hər
zaman müstəqil Azərbaycana qarşı qardaşlıq münasibəti bəslədiyini, erməni
təcavüzünü qınadığını, Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda müdafiə
etdiyini qeyd etmişdir. Talha Mahmud Azərbaycana səfərini xatırladaraq, Bakıda
Şəhidlər Xiyabanını ziyarət edərkən 20 Yanvar şəhidlərinin və daha sonra Azərbaycanın
azadlığı uğrunda canlarını fəda etmiş digər şəhidlərin xalqın qan yaddaşındakı rolunu
daha yaxşı anladığını, eyni zamanda ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın

social-iqtisadi, infrastruktur, enerji və digər sahələrdə necə inkişaf etdiyinin şahidi
olduğunu diqqətə çatdırmışdır. O, Pakistanın ehtiyac duyduğu enerji sahələrinin
tədqiqatı sahəsində Azərbaycanın təcrübəsindən faydalanmağın vacibliyini də əlavə
etmişdir.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə "20 Yanvar - Ümumxalq Hüzn
Günü"nün şəhidlərinin anma günü ilə yanaşı eyni zamanda Azərbaycan tarixinin qurur
səhifəsi olduğunu diqqətə çatdırmışdır.
1987-ci ildən başlayaraq SSRİ-nin etnik diskriminasiya siyasətinin getdikcə
zirvəyə çatdığını qeyd edən səfir bu siyasi xəttin və eyni zamanda Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının regionda gərginliyi artırdığını, buna qarşı
Azərbaycan xalqının həmin vaxt Azərbaycan rəhbərliyinin istefasını və azərbaycanlılara
qarşı ermənilərin qəddarlığına son qoyulmasını tələb etdiyini bildirmişdir. O, sovet
ordusunun 1990-cı ildə Bakıya hücum edərək 20 Yanvar faciəsini törətməsinin əsas
səbəblərinin kommunist rejimin süqutunu önləmək, Azərbaycanın müstəqilliyini tələb
edən insanları əzmək və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını
dəstəkləmək olduğunu bildirmişdir. İstintaq Komissiyasının materiallarına əsasən
hücumu həyata keçirən orduya çoxlu sayda ehtiyatda olan erməni əsillilərin də cəlb
edildiyini bildirən səfir sovet mediasının cinayətin üzərindən sükutla keçərək susqunluq
nümayiş etdirdiyini, bir çox siyasətçinin qorxub çəkindiyi bir vaxtda Azərbaycan xalqının
ümummli lideri Heydər Əliyevin Moskvada bəyanatla çıxış edərək Bakıda törədilmiş
qanlı cinayət barədə dünya ictimaiyyətini məlumalandırdığını vurğulamışdır.
1990-cı ilin 20 yanvar tarixinin Azərbaycan tarixinin qürur günü kimi bütün
Azərbaycanlıları müstəqil dövlətin vətəndaşları olmaq uğrunda birləşdirdiyini və onların
qətiyyətini möhkəmləndirdiyini qeyd edən səfir, nəticədə Azərbaycanın öz müstəqilliyinə
qovuşduğunu, bununla yanaşı Azərbaycan xalqına qarşı erməni terrorizminin və
ekstremizminin davam etdiyini, Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında
olduğunu, Azərbaycan Ordusunun igid əsgərlərinin, mülki vətəndaşların, qadın və
uşaqların atəşkəs xəttində erməni təxribatı nəticəsində həyatlarını itirdiyini iştirakçıların
nəzərinə çatdırmışdır. Səfir Azərbaycan və Pakistan xalqlarının hər zaman öz
şəhidlərinin xatirəsini əziz tutduğunu, onları minnətdarlıqla yad etdiyini qeyd etmişdir.
Tədbirdə Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, jurnallar və
digər əyani materiallar da yayılmış, 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti və
şəhidlərin əziz xatirəsi ilə bağlı videoçarxlar da nümayiş etdirilmiş, səfir Əli Əlizadənin
anım günü ilə əlaqədar verdiyi müsahibələri də Pakistanın televiziya kanallarında
yayımlanmışdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !