Radikalın da beləsindən olasan gərək - - Azər Həsrət

Radikalın da beləsindən olasan gərək - Azər Həsrət

Aradan bir il belə keçmədən deyilənlərə əməl edilir. Özü də çox sürətlə, çox çevik. Əvvəlcə kadr islahatlarından başlanıldı. Bu gün də davam edir bu proses. Zamanla ayaqlaşmayan, yeni çağırışlara cavab verməyən, dövlət idarəetməsində səmimiyyətdən uzaq kadrlar kənarlaşdırılır, yerinə yeniləri gətirilir. Gətirildikcə də ölkə insanına uyğun münasibət, dövlətin doğrudan da vətəndaş üçün çalışması öz yerini tutur. Vətəndaş məmnunluğu artır, insanlar əvvəlki kimi bürokratik aparatın əsirinə çevrilmir. Əlbəttə, bu yöndə həllini gözləyən məqamlar da yox deyil. Lakin Prezidentin bütün bunları bizdən də yaxşı görməsi, həllinə çalışması müzakirə və mübahisə mövzusu olmaqdan çoxdan çıxıb.

Bir zaman gələcək, Prezident İlham Əliyevin adı Azərbaycan tarixində bir çox örnək məsələlərlə assosiasiya olunacaq. O örnəklər arasında “islahatçı” obrazı da olacaq. Özü də sadəcə islahatçı deyil, “çevik islahatçı”, “zamanı qabaqlayan islahatçı” deyəcəklər ona.

Ötən ilin aprel seçkisindən sonra başlayan islahatlar bu günün özündə də sürətlə davam edir. Bir çox sahələrdə köklü dəyişikliklər artıq özünü göstərir. Əslinə qalanda bu islahatlar heç ötən il də başlamayıb. Kadr, idarəetmə və vətəndaş məmnunluğu sahəsində ən köklü islahat məhz Prezident İlham Əliyevin əsəri olan ASAN Xidmətin tam gücüylə işə düşdüyü günə qədər gedib çıxır. Çeviklik və vətəndaş məmnuniyyəti istiqamətində bu qurum 25 milyondan çox xidmət göstərib və bu günə qədər demək olar ki, heç bir ciddi şikayətə səbəb olmayıb. Ara-sıra səslənən xırda şikayətlər də eyni çevikliklə araşdırılıb, uyğun tədbirlər görülüb.

İndi də Prezident İlham Əliyev bu ruhda qərarlarını davam etdirməkdədir. Yanvarın 14-də bəzi struktur vahidlərinin ləğvi-birləşdirilməsi, bəzilərinin fəaliyyətinin də yeni müstəvidə davam etdirilməsilə bağlı atılan addım bu qəbildəndir. Bütün dünyada belədir: dünən effektiv olan fəaliyyət üsulu bu gün işə yaramaya bilər. Bacarıqlı lider odur ki, bunu vaxtında görüb gecikmədən tədbirlər görsün. Bax, Prezident İlham Əliyevin son addımı da bu qəbildəndir. Hələ nəzərə almaq lazımdır ki, o, bu addımın anonsunu ötən həftə keçirdiyi 2018-ci ilin yekunlarına dair Nazirlər Kabinetinin toplantısında vermişdi. Cənab Prezident bəyan etmişdi ki, daha çevik idarəetməyə ehtiyac yaranıb.

Mövcud idarəetmənin və struktur şəbəkəsinin köhnəldiyini məhz Prezidentin özünün vaxtında aşkar etməsi Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Elə olmasaydı ölkəmiz yəqin ki, indiki inkişaf səviyyəsinə çatmaz, dünya dövlətlərinin maraq dairəsinə düşməz, bir çox sahələrdə model rolunda qəbul edilməzdi.

Prezident İlham Əliyev yaxşı anlayır ki, indiki sürət və yeni texnologiyalar əsrində bir an belə gecikmək olmaz. İstər kadrlar, istərsə də dövlət qurumlarının zamanın tələblərinə – çağdaş çağırışlara cavab verməsi dövrümüzün vazkeçilməz tələbidir. Məhz o səbəbdən cənab Prezident bu yöndə inqilabi addımlar atır.

Bu islahat sadə insanımıza nə verəcək? Belə baxanda bəlkə də bir çox insanımız məsələyə bizim qədər dərindən baxmır. Bizsə atılan hər addımın məhz insanımızın rifah halının yüksəldilməsinə hesablandığını bildiyimiz üçün belə suallara da cavab verilməsini zəruri sayırıq.

Hər şeydən öncə islahat zəncirində növbəti halqa olan bu addım dövlət vəsaitlərinin – vətəndaşın hesabına formalaşan dövlət büdcəsinin – daha səmərəli istifadəsinə əlavə yol açacaq. Ondan başqa, vətəndaş məmnunluğunun bir növbəti mərhələyə yüksəlməsinə səbəb olacaq. İnsanlar həm dövlət vəsaitlərinin səmərəli istifadəsinə, həm də dövlət xidmətlərindən istifadə zamanı üzləşdikləri bürokratiya sədlərinin azalmasına görə məmnun qalacaqlar.

Bu islahatların elan edilməsilə bağlı maraqlı bir məqam da diqqətdən yayınmadı. Cənab Prezidentin ləğvinə fərman verdiyi qurumların işçilərinin işsiz qalmaması üçün atılacaq addımları nəzərdə tuturuq. Belə yanaşma bir daha göstərir ki, Prezident İlham Əliyev dövlət idarəetməsinin optimallaşdırılmasını həyata keçirərkən ən adi işçinin maraqlarının nəzərə alınmasında belə çox həssas yanaşır. Çünki o, sadəcə sözdə deyil, həm də əməldə hər bir Azərbaycan vətəndaşının prezidentidir. O, hər bir Azərbaycan vətəndaşının nə yeyib-içəcəyini, ailəsini necə dolandıracağını düşünən, hər bir insanımızın qayğılarını şəxsi qayğıları kimi görən liderdir.

Yeri gəlmişkən, Azərbaycan dünyada dövlət tənzimləməsi sahəsində öz effektivliyinə görə 12-ci yeri tutur. (Qaynaq: “Qlobal Rəqabətlilik – 2019” hesabatı. Davos İqtisadi Forumu) Özü də bu yer əvvəlki illə müqayisədə 3 pillə daha yüksəkdir. Biz bu məsələdə iqtisadi problemlərini çoxdan həll etmiş, oturuşmuş sistemə malik Belçika, Avstriya və Danimarka kimi ölkələri belə qabaqlayırıq. Nəzərə almaq lazımdır ki, adı keçən ölkələr Azərbaycan kimi müstəqilliyini yeni qazanmayıb, torpaqları işğal altında deyil, müharibə şəraitində yüz minlərlə qaçqın-köçkün qayğısı yoxdur. Göründüyü kimi, ölkəmiz illərdir çiyinlərində daşımağa məcbur olduğu yükün ağırlığına baxmayaraq dünyanın ən aparıcı dövlətlərilə rəqabətdə geri qalmır.

Bir sözlə, bu növbəti və son olmayan islahat dalğası Azərbaycanın sadəcə ASAN Xidmətdən Asan dövlətə yolundakı daha bir aşırımdır. Bu aşırımı da arxada qoyduqdan sonra aşılması vacib digər aşırımları çox rahat dəf edə biləcəyik. Ən azından görə ki, bu yolda bizim yolbaşçımız Prezident İlham Əliyevin şəxsən özüdür.

Sözardı: Bəzən qulağımız tez-tez “radikal” sözünü eşidir. Bu söz bir qayda olaraq Azərbaycanda ortalığı qarışdırmaq istəyən, özəlliklə də xaricdəki zərərli mərkəzlərə, hətta ermənilərə bağlı ünsürlərə münasibətdə deyilir. Prezident İlham Əliyev də radikaldır. Ancaq o radikallardan fərqli olaraq cənab Prezident məhz Azərbaycanın və Azərbaycan xalqının mənafeləri naminə – faydaları üçün radikallıq edir. Elə bu son struktur islahatıyla bağlı addımlar da həmin radikallığın örnəklərindəndir. Radikal olanda da belə olasan, belə məsələlərdə olasan gərək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !