ELƏ HƏMİNKİ QƏŞƏM... - - Rafael Hüseyn (+VİDEO)

ELƏ HƏMİNKİ QƏŞƏM... - Rafael Hüseyn (+VİDEO)

Onunla mənim ilk tanışlığım qiyabi olub və həmin ilk uzaqdan-uzağa təmasda ”yol” var.
1960-cı illərin sonları, 1970-ci illərin lap başlanğıcı.
Mən məktəbli idim, Kürdəmir rayonunda nəşr edilən “İrəli” qəzetinə ara-sıra məqalələr yazırdım.
O vaxtlar insanlarda qəzet-jurnala, kitab oxumağa xüsusi həvəs vardı və yalnız miqdarı o qədər də çox olmayan mərkəzi respublika mətbuatı deyil, rayon qəzetləri də əvvəldən-sona diqqətlə mütaliə edilərdi.
“İrəli” qəzeti də hələ 5-ci sinifdə oxuyarkən birinci məqaləmi dərc etdiyindən mənimçün xüsusilə əziz idi.
Əsasən rayonun təsərrüfat həyatını təsvir etsə də, rayon qəzetlərində ara-sıra bədii yazılara, qısa hekayə və şe`rlərə də yer verilərdi.
O vaxtlar Qəşəmin “İrəli”dəki “Məhəbbət yolum mənim” adlı şe`ri ürəyimə yatmışdı. Çünki daha müasir səslənişi, sərrast ifadələri, zərif bədiiliyi ilə rayon qəzetində yer alan digər şe`rlərdən seçilirdi.
Cavan şair dumanlı dağdan keçirmiş kimi çətin olan sevgi yolunun qarşısında sınaqlı “Hə” cığırı, “Yox” qayası olduğunu söyləyirdi və bu ifadə yığcam şe`rin uğurlu tapıntısı sayılmağa layiq idi.
Qəşəmin yaşı da elə yaş idi ki, insan o vaxtlar həyatdakı çox yollarını təzə-təzə getməyə başlayır və sevda da həmin keçilməli yollardan yalnız bircəsiydi.
Az qala 50 ilə yaxınlaşan o uzaqlarda Qəşəm hələ tələbə idi, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) coğrafiya fakultəsinin tələbəsi idi.
Ömrün təhsil, sənət seçimi yolu da yeni başlayırdı.
İlk şe`rləri ilə adam arasına çıxırdı. Şairliyi, ədəbi yolu da sütül idi.
Və yalnız onun sevgi yolunun deyil, elə hər kəs kimi keçəcəyi bütün digər həyat yollarının da sabahında həm “Hə” cığırı uzanır, həm də “Yox” qayası dikəlirdi.
Bugünün hündürlüyündən ötülmüş yollar içərisindəki Qəşəmi göz önünə gətirirəm.
Və sevinirəm ki, bu saf, bu işıqla dolu, bu iddiasız, bu zəhmətkeş dostumuz keçdiyi yolların heç birində “Yox” qayası ilə qarşılaşmayıb.
Çünki hansı səmtə üz tutubsa, sonacan səmimi olub, işinə də, niyyətlərinə də. istəklərinə də bütün ürəyini verib və həmişə ona uşaqlıqdan xas olan kəndli balası usanmazlığı ilə çalışıb, istedadının yanından heç vəchlə alın tərini əskik etməyib.
Yollar adlayıb gələn Qəşəmi xəyalımdan keçirirəm.
Bu şe`rin yarısını xalq qoşub, yarısını Qəşəm yazıb.
Və elə Qəşəm də sözünü elin sözünə uyğunlaşdırıb yazıb:

Getdilər ha, getdilər
Təpələrdən yel kimi.
Getdilər ha, getdilər
Dərələrdən sel kimi.
Acı yovşanlıq keçib,
Şirin biyanlıq keçib,
Getdilər ha, getdilər
Badiyi-sərsər kimi.

Əslində bu hamımızın ömründən keçən nağılın yüyrək dilidir ki, zamanı olduğundan da tez hərəkət etdirə bilir.
Şair, tərcüməçi, nasir və naşir Qəşəm İsabəyli sanki onillləri elə qırmızı-qırmızı nağıllardakı kimi yel qanadında aşıb.
70-ni arxada qoyub 71-nə qədəm basır.
Ancaq rəqəmlərin bu həqiqətinə nə Qəşəmin şux, sağlam görkəmi, nə qaynar həvəslə dolu ürəyi, nə də yazıb-yaratmaqdan yorulmayan qələmi uyğun gəlir.
Qəşəm bir vaxt “Mayıl” idi, sonra “İsazadə” oldu, daha sonra “İsabəyli”.
Bəlkə arada mənim diqqətimdən yayınmış başqa təxəllüsləri də varmış.
Təxəllüslər də dəyişib, iş yerləri də, ev-eşik də, vaxtın gərdişi də, dünyanın özü də.
Qəşəmsə elə həminki Qəşəmdir.
Yarım əsr öncə olduğu kimi açıqürək, həlim, ümidlə dolu və söztək duru…

Yanvarın 13-də saat 21.30-da və yanvarın 15-də saat 23də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi dəyərli şair və ziyalımız Qəşəm İsabəyliyə həsr ediləcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )