Qar ətri... - - Sona Vəliyeva

Qar ətri... - Sona Vəliyeva

Dağlar, mənə qar göndər,
Əsirgəmə, var, göndər.
(El bayatısı)

 

QAR ƏTRİ


Bu yaydan qar ətri gəlir,
ağaclar, meyvələr qar ətrinə bələnib.
Yayda qar ətri qərib,
qar istəyi xəstəlik gətirir.
Qonşu payı doyurmaz,
“Qar suyu ürək soyutmaz”,
bu qar ətri hardan gəlir?
Çarəsiz xəstə kimdi belə,
qar istəyir?
O dağların gün görməyən quzeyində,
əl çatmayan sərt üzündə
dənər-dənər qar ağarır.
Çarəsiz bir xəstə yatır...
Gəzə-gəzə, dura-dura,
dərd karxanasında
ömür çürüdən,
yurd itirmişlər xəstə yatır,
Səbrin çat verdiyi
yerdən,
dərdin dərinliyindən
yanıq iyi gəlir.
Gözü baxa-baxa sayaqlayır,
“Anam mənə qar gətirir...”
Əlləri soyuyur, ümidləri qovrulur,
tüstülənən yanıq yeri
bir ovuc qar istəyir.
Kif atmış həsrətin, səbrin,
hər gün özünə cəza kəsməyin,
ölüb o yerdə
qar altda gömülməməyin
tənəsin, qarğışın,
kiriməyən qəlb ağrısın
su soyutmur,
qar istəyir.
Yağmalanmış, od vurulmuş ev,
ocağın alovu
içini bürüyüb.
“Qar istəyən xəstə qalxmaz”
-kimsə dillənir.
Ölüm haqq,
ölümsüz insan olmaz,
ölüm dərdlərin bitən yeri,
ağrıların son mənzili.
Görəsən, torpaq altda
dincələcəkmi
yurd xəstəsinin ürəyinin
həsrət yeri,
göynəyən yanıq yeri?

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )