Futbolun dirçəlməsi yolunda ilk zərbənin vurulması artıq ölkə başçısındadır! - - Tahir Süleymanov

Futbolun dirçəlməsi yolunda ilk zərbənin vurulması artıq ölkə başçısındadır! - Tahir Süleymanov

Vaxt var idi ölkə prezidenti bölgələrdə inşa edilən müasir stadionların açılışlarında həvəslə iştirak edirdi, yeni klublar yaradılırdı, köhnələr bərpa edilirdi...
"2005-2015 futbola dair Dövlət Proqramı"nın qəbul edilməsinə şərait yaradılmışdı. Bunun nəticəsində neçə-neçə dövlət qurumları, şirkətlər, iş adamları futbola cəlb edildi.
2004/05-ci futbol mövsümündə stadionlara 10,15, 20 min azarkeş gəlirdi. Futbola maraq, inam günü-gündən artırdı. Çempionatın, klubların səviyyəsi, imkanları getdikcə çoxalırdı...
Xalqda, azarkeşlərdə yaxın gələcəkdə ciddi uğurların qazanılmasına böyük inam yaranmışdı. İlk cizgilər özünü çox gözlətmədi. "Birlik kuboku"nda "Neftçi", "Xəzər Lənkəran", "İnter"in qazandıqları kuboklar futbol ictimaiyyətini daha böyük qələbələrə ümidləndirirdi. Düşmən "Pünik"i canını aradan çıxmaqla qurtarırdı, finalda vurduğumuz qolları Blatter, Platini ayaq üstə alqışlayırdı...
Artıq xəyal görünən UEFA qrupları arzulanırdı.
İlk olaraq bu tarixi missiyanı flaqmanlığına uyğun "Neftçi" öz üzərinə götürdü. 2012-ci ildə Çempionlar Liqasında 1/4 finalda "Real" Madridlə qarşılaşmiş APOEL üzərində möhtəşəm səfər qələbəsilə qrup yolları açıldı. Növbəti il "Qarabağ" davamını gətirdi. Daxili rəqabət ildən-ilə artırdı. Bütün iddialı klublarımız qruplara can atırdı. Bunun nəticəsində "Qəbələ" də ardıcıl Avroliqa qruplarını qazandı, "Qarabağ" isə ötən mövsüm Ç.L.-n qrupuna çıxmaqla yeni tarix yazdı...
Azərbaycana kimlər gəlmədi, məcbur edilmədi.
"İnter", Çelsi", "Atletiko", Roma", "Totenhem", "Borussiya", "Sportinq", "Arsenal"...Artıq azarkeşlərimiz "Rubin", PAOK, Sent-Etyen", "Dnepr" və digər güclü klubları sıradan bir rəqiblər sayırdı...
Çempionatda da mübarizə amansız idi. "Neftçi", "Xəzər Lənkəran", "Karvan", "Bakı", "Qarabağ", "Qəbələ", İnter"in hər mövsüm mütləq çempionluğa oynaması, "Turan", "MKT Araz", "Simurq", AZAL-ın Avropaya can atması hər turu, hər oyunu baxımlı edirdi, 10 minlərlə azarkeş tribunaları doldururdu. ""Neftçi"-"Xəzər Lənkəran" "Böyük oyun"larının əks-sədası ölkə hüdudlarını aşırdı. Dolu tribunalı Gəncə azarkeşləri "Kəpəz"in dirçəlməsini düşünürdü. Blokadada olan Naxçıvan "Araz"ı həvəslənirdi. Mingəçevir, Qusar, Şəmkir, Qazax və digər şəhər və rayonlarımız ümidlə böyük futbolun yolunu, köklü klubların bərpasını gözləyirdi...
Klublarımızın uğurları fonunda millimiz bərbad oyunu, biabırçı nəticələri ilə balansı pozurdu.
Daha doğrusu klubların uğurları futbola cavabdehləri rahat buraxmırdı. Azarkeşlər klublar kimi millidən də nəticələr tələb edirdilər....
Artıq, "ölkədə futbol zəifdi", "futbolçu yoxdur" adıyla bəhanələr gətirə bilmirdilər. İlham Əliyevin klubların nailiyyətlərinə həssas yanaşması milliyə məsulların canına vəlvələ salmışdı. Klubların "partizan"lığı, nəticələri onlara rahat yatmağa imkan vermirdi. 100 milyonlarla havaya sovrulan vəsaitin hər an hesabatı istənilə bilərdi...
Nə yazıq ki, futbol adına deyil, şəxsi məqsədlər, yerlərinin qorunması, istər yuxarıları, istərsə ictimaiyyəti yanıltmaq, aldatmaq üçün əməli addımlara əl atıldı. Vəzifələr, kifayət qədər maliyyə imkanları əllərində cəmləşmişdi... Onsuzda futbolda olan haqsızlıqlara görə "Karvan", "MKT- Araz" kimi imkanlı və digər ortabab klublar dağılmışdı. Klub idarəçiliyində olan boşluqlar da prosesi sürətləndirirdi...
Ölkə futbolunda bacarıqsız idarəçiliyi ört-bastır etmək üçün cavabdehlər tərəfindən məkrli plan hazırlandı. Klubların dağıdılması, zəiflədilməsi, ələ keçiriməsi yolunda İcraiyyə Komitəsi 2013-cü ildə şuralaşma ilə bağlı xüsusi qərar qəbul etdi.
İlk olaraq "Neftçi" blokadaya alındı, zəiflədildi. "Xəzər Lənkəran", "Bakı"nın çöküşünə, sonda dağılmasına təkan verildi. "İnter"in çoxdankı plan üzrə adı dəyişdirildi, "Simurq", AZAL tükəndi. Klub idarəçiliyində buraxılan ciddi səhvlərlə birgə məsələlər bilərəkdən sürətləndirilirdi, qarşısı alınmırdı. AFFA tərəfindən ikili müqavilələrə göz yumulması, lazımı qərarların verilməməsi milyonlarla dollarların mənimsənilməsinə şərait yaradırdı. Vaxtında qarşısı alınsaydı, bu gün heç bir klub dağılmazdı, ayaqda durardı...
Nə qədər acınacaqlı durum yaransa da belə, şuralaşmayan, bundan imtina edən klublar, əsasən də "Qarabağ", "Qəbələ", futbolu dağıdanların məkrli niyyətlərini uzadırdı.
Futbolun bataqlığa sürükləndiyi dönəmdə qrupların qazanılması sabaha olan bir ümiddir.
Futbolu tam olaraq dağıdılıb, neçə nəsil futbol genefondu beşikdəcə məhv edilib.
Bununla yanaşı istədiklərinə hələ tam çatmayıblar. Klubların uğurları fonunda millinin fiaskosu bumeranq rolunu oynayır. Artıq haqlı olaraq hesabat istənilməyə başlanılır. Gecə-gündüz təbliğat maşını da istənilən effekti vermir...
Millətlər Liqasındakı biabırçı nəticələr, futboldankənar saray oyunları futboldakı xaosu pik nöqtəyə çatdırıb. İndi bütün millilərə əcnəbiləri gətirməklə növbəti hiyləyə əl atılır, vaxt udulmağa çalışılır, yerlərinin qorunması üçün dəridən-qabıqdan çıxırlar...
Avropa-2020-nin Azərbaycanda keçirilməsi üçün milyonlarla vəsait xərclənib. İllərdi yaradılan yüksək səviyyəli şəraitə uyğun milli finallara çıxmaq uğrunda mübarizə aparmalıdır.
Bölgə futbolunu məhv edib yanlış strategiya ilə 100-dən(!) artıq əcnəbi futbolçular milliləşdirilib və Azərbaycan futboluna ziyandan başqa heç bir faydası olmayıb.
Çox vaxt yanlış düşünülür. Azərbaycana İtaliya, Almaniya kimi millilər gəlib. Bəli, gəlib, gətirilməyib. Klublarımız isə qrupları qazanmaqla nəhəngləri Bakıya gəlməyə məcbur edib. Millinin illər ərzində qazandığı "uğurlar"ın nəticəsi, gücü, güzgüsü Millətlər Liqası idi: Kosovo, Malta, Farer adaları. Avropada "D"-dən aşağı liqa yoxdur...
Vəziyyətdən çıxmaq üçün addımlar atılır, yeni planlar cızılır...
Bu günə kimi heç nə alınmadığı kimi bundan sonra da alınmayacaq. Çünki dağıdıcı qüvvələrə yaradıcılıq yad bir məfhumdur...
10-15 ildə olduğu kimi növbəti aylar, illər udulacaq, qazandıqlarının üstünə yüz minləri, milyonları bir qədər də artıracaqlar. Futbol isə daha da tənəzzülə doğru yolunu davam edəcək...
İnfrastrukturdan, uşaq futbolundan, təməldən, inkişaf strategiyasından danışmağa dəyməz.
Hər il dövlətin, xalqın pullarını istədikləri kimi sorğu-sualsız xərcləyirlər...
Çox yaxın keçmişdə açılışları olan müasir stadionlar artıq böyük futbolsuz qalıb. Yarıtmaz futbol idarəçiliyi ilə klublar dağılıb, dağıdılıb. Bölgələrimizdə sovet dövründən qalan idman qurğuları isə uçub dağılır, son nəfəslərini yaşayırlar. Stadionların qazonları mal-qara üçün otlağa çevrilib...
Azərbaycan futbol ictimaiyyətinin futbola olan inamı sıfıra endirilib. 8 komandalı açıq "Bakı birinciliyi"nin oyunlarında tribunalar azarkeş fəryadı qoparır. Ümidlər getdikcə tükənir...
Deyirlər ümid sonda ölür. Son ümid isə...
Azərbaycan futbolunu dirçəltmək, futbola olan inamı qaytarmaq mümkündür. Yetər ki, ciddi və doğru addımlar atılsın, futbolun dağıdılmasına birdəfəlik son qoyulsun!
Futbola cavabdehlər ölkə prezidentindən daha az bölgələrə səfər edirlər, futbolun mövcud durumu ilə maraqlanırlar. Xalqla futbol başbilənləri arasında böyük uçurum yaranıb.
Avropa ölkələri səfərlərindən xalqa yuxarıdan aşağı, futbolun üzünü qara etdikləri kimi qara millət kimi baxılır. Azərbaycan futbolu "Bayıl Arena" ilə "Dalğa Arena" arasında vargəl edir...
Nəhayət, 2019-cu ildə futbolda, futbol idarəçiliyində köklü dönüş ili olmalıdır. Başqa yolu da yoxdur!
Top mərkəzdədir. Futbolun dirçəlməsi yolunda ilk zərbənin vurulması artıq ölkə başçısındadır!
Azərbaycan futbolunu sevənlər, azarkeşlər səbirsizliklə bu anı gözləyirlər...
Növbəti ildə, növbəti ad gününə kimi bölgələrimizdə klubların bərpa olunması, yeni-yeni stadionların açılışı, futbola olan inamın qaytarılması arzusu ilə... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !