AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş respublika konfransı keçirilib - (+FOTOLAR)

AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş respublika konfransı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Dekabrın 19-da AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda Respublika elmi konfransı keçirilib. AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Akademiya ilə yanaşı, digər elmi müəssisələrin, eləcə də ali təhsil müəssisələrindən alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlar imzaladığını xatırladıb. Bildirib ki, AMEA-nın Rəyasət Heyətinin bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq, Humanitar və İctimai elmlər bölmələrinin elmi müəssisələrində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib, məqalələr, kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyalar nəşr olunub, sərgilər təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin xalqımızın milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini deyən akademik bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, onun imzaladığı müvafiq sərəncamların cümhuriyyət tariximizə diqqət və qayğının göstəricisi olduğunu bildirib.
Sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova AXC-nin yaranma tarixindən danışıb. Vurğulayıb ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Natiq bildirib ki, bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunduğunu deyən akademik qeyd edib ki, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Akademik cümhuriyyət dövründə Azərbaycanın ilk universitetinin təsis olunduğunu, təhsilin milliləşdirildiyini, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırladığını, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Alim bölməyə daxil olan institut və elmi təşkilatlarda yubiley ilə bağlı respublika və beynəlxalq səviyyəli tədbirlər keçirildiyini bildirib. Müvafiq elmi müəssisələrin əməkdaşlarının xarici ölkələrdə təşkil olunan bir sıra tədbirdə də çıxış etdiyini deyən natiq vurğulayıb ki, bu, cümhuriyyətin və Azərbaycanın tarixinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyətə malikdir.

Konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu "Azərbaycan Cümhuriyyəti dövründə ədəbi hərəkat", Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, AMEA-nın professoru Aynur Sabitova "Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli dövlətçilik və istiqlal ideyaları", Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq münasibətlər şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu "Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri", A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov "Azərbaycan milli məfkurəsinin inkişafında AXC-nin yeri və rolu", Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti", Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə "Azərbaycan cümhuriyyəti və maarifçilik fəlsəfəsi", Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Paşa Kərimov "Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsində müasir təhsil məsələləri" adlı məruzələrlə çıxış ediblər.

Tədbir digər çıxışlarla davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !