Nə tökərsən aşına, o da çıxar qaşığına! - - Aida Eyvazlı

Nə tökərsən aşına, o da çıxar qaşığına! - Aida Eyvazlı

Elimizin, millətimizin atalar məsəllərinin hər biri fəlsəfi fikir boxçasıdır.
Bu gün başı çıxan da, çıxmayan da, elə mən özüm də o psixi pozğunluğu olan, kitabdan, tərbiyədən xəbəri olmayan qızı söyürük. Lakin gəlin görək belə buqələmunları kim yetişdirdi?

Pioner sıraları, komsomol təşkilatları yadınıza gəlir? Əlimizi alnımızın ortasına qoyub and içirdik ki, dərsimizi yaxşı oxuyacağıq, yalan danışmayacağıq, oğurluq etməyəcəyik. Məktəbi bitirəndən sonra isə hədəfi olanlar ali məktəblərə daxil olur, qəbul olunmayanlar da zavodlarda, fabriklərdə, tikinti meydanlarında özlərinə iş tapırdılar. Və bu ideologiyanı vəsf edən, gəncləri həyata, gələcəyə inandıran filmlər çəkilirdi, kitablar yazılırdı. 1941-45-ci ilin Böyük Vətən Müharibəsi əlillərinin, iştirakçılarının, veteranlarının hər ay məktəblərdə görüşləri keçirilirdi.

Təkcə böyüklər deyil, məktəblilər də yeni kitabları almaq üçün kitab dükanlarının qarşısında gecədən növbə tuturdular. Bugünkü gənclərimiz o dövrün insanlarının - nəvələri, nəticələri və ya uşaqlarıdırlar.

Nə oldu bizə? Biz ki, Vətəni çox sevirdik.

Mən indi deyəcəm bizə nə oldu.

Bizim olmayan ideologiyamızın yoxluğundan məktəbliləri və gəncləri tərbiyə edib, sərbəst həyata buraxmadıq.

Çünki televiziyaların ekranlarından Samiraldolar, Aygünlər, Röyalar, Rəqsanələr, Nadirlər, Nağılbazlar, Hüseynlərin həyatlarını izlədilər. Çünki televiziyalarımız bir vaxtlar Nailə İslamzadənin çox dəbdə olan, sevilə-sevilə baxılan "Ailələr və talelər" verilişi kimi milli dəyərlərimizi təbliğ edən proqramları bağlayıb, yerinə Elgizin, Xoşqədəmin, Zaurun "qondarma" şoularını gətirdi.

Abırlı, həyalı adamlardan üzr istəyirəm. Bugünkü potensial tamaşaçı aygünlərin, röyaların, rəqsanələrin ayaqqabılarının, alt paltarlarının ölçüsünə və rənginə qədər xəbərdardılar. Ancaq ki, gəl indi onlardan Mübarizlə eyni vaxtda həlak olan Fəridin soyadını soruş, bilməyəcəklər. Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərlərindən bir nümunə soruş, bilməyəcəklər.
Çünki hər kəsi pul düşündür. Xəstəxanalardan bağçalara, bağçalardan məktəblərə, məktəblərdən ali təhsil ocaqlarına qədər böyütdüyümüz uşaqların hamısı üçün ordan-burdan kəsdiyimiz, halal-haram yolla qazandığımız pulları rüşvət verdik. Rüşvət verdik ki, "...uşağımıza yaxşı qiymət yaz". Rüşvət verdik ki, "...bu savadsız oğlumu bir vəzifəyə qoy". Rüşvət verdik ki, həkim olacaq qızımız diplomunu qırmızı alsın, çünki cehiz aparacaq.

Və bu xəyanətləri və cinayətləri edəndə, Vətəni düşünmədik.

Müəllimlər dərslərini nazla keçir məktəblərdə. Valideynlləri pul verən uşağın başını tumarlayırlar. Məktəblərdə təbliğat yoxdur, ucqar kənd məktəblərində qızlarımız heç 8-ci sinfi belə oxumurlar ki, ərə gedəcəklər. O savadsız qızların da doğduqlarının əlində bir telefon, bir vatsap, bir instaqram. Heç kim xəbər, maarifləndirici yazıları oxumur. Kimə deyirsən ki, filan yazını oxu, deyir ki, Youtub-da var?! İnanın ki, müəllimi də, həkimi də, hətta plagiat elmi işlərlə alimlik dərəcəsi alan "alimciyəzlər" də soruşurlar ki, Youtube-da var?

Tanrı şahiddir ki, bu "Youtub-də var?" sözünü eşidəndə təzyiqim yerindən oynayır. Və onların heç birinə başa sala bilmirsən ki, axı bu ölkənin qəzetləri, jurnalları, saytları var.

Mən çox təəccüblənir və təəssüf edirəm ki, niyə bizdə çıxan qəzetləri vətəndaşlara məcburi abunə etmirlər? Qəzet və kitab, jurnal oxutmağın yolunu tapmaq üçün, çox istəyirəm ki, deputatlarımız, jurnalistlərimiz, vicdanlı müəllimlərimiz bir çıxış yolu arasınlar, qəzetlərimizi hər hansı bir şəkildə, evlərə çatdıraq. İnanın ki, evdə yaşayan 5 nəfərdən biri mütləq alıb oxuyacaq o qəzet və jurnalları. Məktəblərdə min bir fırıldaqla yığılan fond pulundan ailə vəziyyəti kafi olan uşaqları qəzetlərə abunə etsələr, bunun nəyi pisdir ki?!

Mən bir vətəndaş kimi, ziyalı kimi, ana kimi, jurnalist kimi dəfələrlə öz çıxışlarımda, yazılarımda qeyd etmişəm ki, bizim vətən uğrunda şəhid olan, qazi olan insanlarımız, onların ailələri haqqında bütün televiziyalarda mütəmadi olaraq verilişlər hazırlansın. Biz tamaşaçıya nə versək, onu da götürəcək. Artıq gecikirik, televiziyalarda, saytlarda təbliğ olunanlara baxanda, izləyəndə görürsən ki, milli mentalitetimizə xələl gətirən anormal bir tablo var qarşımızda. Halbuki, o tabloda İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin ... əsərləri təbliğ olunsaydı, milli heysiyatımıza ləkə vuran, uzaq ölkələrə gedib, orada oturub ağızlarını tərbiyəsizcəsinə açıb Vətənə, vətənin atributu olan insanlara toxunmazdılar.
Axı bu dövləti babalarımızdan aldığımız tərbiyə, öyüdlə, qanımızla, canımızla qurmuşuq.
Onsuz da gecikirik. Deyəsən Makarenkodan soruşmuşdular ki, "övladıma tərbiyəni nə zaman verim?” Cavabında demişdi ki, "övladınız neçə aylıqdır?", Valideyn "6 aylıqdır"- deyəndə, Makarenko təəssüflə başını bulayıb demişdi: "6 ay gecikmisiniz...".

Bizi düşdüyümüz bu durumdan çıxarmağın bir yolu var. Məktəblərdə müəllimlər dərslərini vicdanla desinlər, kütləvi informasiya vasitələri daha çox tariximizi, qəhrəmanlarımızı, şəhidlərimizi təbliğ etsinlər. Bir müddət ucuz şoulara "YOX!" deyib dayanın. Qazanan övladlarınız, sonra isə Vətən olacaq!

modern.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !