A fontes… et post scriptum… – dan təəssürat … - (+FOTOLAR)

“A fontes… et post scriptum…”– dan təəssürat … (+FOTOLAR)

 “…Müasirlik mənim qəlbimi xüsusilə dərindən narahat edir… ”
…“Əgər insan öz dövrünün ideyaları, hissləri ilə yaşayırsa və
əgər ona gerçək və eləcədə müasir vasitələrlə
dəqiq forma tapırsa – bu, novatorluqtur”
Qara Qarayev

 

AZpress.AZ xəbər verir ki, keçən günlərdən biri, dekabr ayının 6-sı Üzeyir Hacıbəyli adına BMA-nın Opera Studiyası adlanan məkanda musiqiçi əhli, vokal musiqisevərləri “Qarayev işığına”toplaşdı.Əməkdar artist, mahir vokal ifaçısı Fəridə Məmmədova və təcrübəli pianoçu “Konsertmeyster ustalığı kafedrasının” baş müəllimi, Opera Studiyasının məsul konsertmeysteri Yuliya Kərimovanın hazırladığı böyük bir konsert proqramı ilə dinləyiciləri qavranılması nə qədər çətin olsa da, musiqinin o sehrli gücündən zövq almağa sövq etdilər. Tədbirin bədii və nəzəri tərəfdən işıqlandırılmasınınbir musiqişünas kimimənəhəvalə olunması da özüm üçün xüsusi bir ovqat bəxş etdi.Gecədəkitəəssüratları da bu məqalədə qələmə almağa çalışacağam. İki hissədən ibarət belə bir mürəkkəb konsertdə Fəridə Məmmədovanın səsi səhnədə, sanki bərq vururdu…

Konsert çox maraqlı və original tərtibatı ilə ilk təəssürat yaratdı : ifa olunan bütün bəstəkarların həyat filmlərindən toplanmış kadrlardan ibarət videoçarxla açıldı. Mərkəzdə Qara Qarayevin portreti səhnəni bəzəyirdi. Hər əsərin ifası zamanı ekranda onun müəllifləri və adı göstərilirdi. Çap maşınının səsi ilə ekranda “Ad fontes… et post scriptum…” ifadəsinin hərfbəhərf yazılışı ilə tədbir başlandı…
İlk öncə, bütün dünya musiqisinin ən yüksək nailiyyətlərini özünə hopduraraq Azərbaycan musiqi incəsənəti üçün yeni yollar açmış, milli köklərini itirməyən, orijinal dəsti-xətti ilə seçilən, böyük bəstəkarlıq məktəbi olan, onlar arasında əksəriyyəti Azərbaycanın tanınmış, görkəmli sənətkar və şəxsiyyətləri olan bəstəkar nəsli yetişdirmiş parlaq milli sənətkar və xalqının sadiq övladı olmuş novator bəstəkar, dahi Q.Qarayevin xatirəsi anıldı.

Bildiyimiz kimi, bu il bəstəkarın 100 illik xatirəsinə həsr olunmuş tədbirlər, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda konsert proqramları keçirilməkdədir. Bu konsert proqramı da “Baku Opera Art” silsilə konsertlər çərçivəsində keçirilən Qarayevə həsr olunmuş yeni bir layihədir. “Ad fontes... et post scriptum” adlanan konsert öz maraqlı konsepsiyası və fəlsəfi məğzilə diqqəti cəlb edir .“Köklərə qayıdış” kimi səslənən “ad fontes” keçmiş ustadların təcrübəsini gələcək nəsil üçün yenidən canlandırmaq kimi bir məna kəsb edir.

 

“Post scriptum” isə bu gündən o dövrə bir baxış, bir son söz kimi qiymətləndirilir. Bu il də başa çatmaq üzrə olduğu üçün ilin son tədbirlərindən biri kimi də proqramı “post scriptum” – “yekun” adlandırmaq yerinə düşür.

Konsepsiyanın maraqlı məqamlarından biri odur ki, Q.Qarayevin özünün vokal əsərinə burada müraciət olunmasa da (konsertin sonunda Yuliya Kərimovanın ifasında 3 prelüdü səsləndi), səslənən musiqi nümunələri bu bəstəkarla əlaqəsi olan, onun xüsusi rəğbət bəslədiyi, yaradıcılıqları ilə sıx bağlı olduğu sənətkarların əsərləridir. Burada istər xarici, istər rus, istərsə də Azərbaycan bəstəkarları həm Qarayevlə bağlı, həm də bir-biriləri ilə də əlaqəsi olan bəstəkarlardır.Bu mənada konseptin fəlsəfi bir dialektik uzlaşmasını da sezmək mümkündür.Özündən əvvəlki nəslin ənənələrinə istinad edərək özündən sonrakı yetirmələri və xələfləri üçün bir mənbə olan Qara Qarayev dühası konsertin mərkəzində dayanır.

Seçilən əsərlər rəngarəng bir musiqi palitrasını canlandırır. XX əsr və onun astanasında dayanan sənətkarların əksəriyyəti buraya Qarayev ətrafına yığışmışlar... Bu, XX əsrə bir səyahət idi sanki...
Fransız altılığının parlaq nümayəndəsi olan Francis Poulenc… “Miroirs brulants”- “Alışan aynalar” silsiləsindən iki mahnısı - "Tu vois le feu du soir” - “Axşam atəşini görürsən” və "Je nommerai ton front" -“Adını mən qoyacağam” - ilə musqiyə söz verildi. Həmin silsiləni Pulenk öz dostu, müasiri olan Pol Eluarın sözlərinə bəstələmişdir.Vokal musiqidə olan nailiyyətərə görə “Fransanın Şuberti” adlandırılan Pulenklə birlikdə bir neçə əsər üzərində işləmiş Polun ona həsr etdiyi şeirindən sitatlar da gətirildi.
Daha bir fransız bəstəkarı, impressionizm cərəyanın nümayəndəsi Moris Ravelin xristianlıqda musiqi məlakəsi kimi qəbul olunan Müqəddəs Sisiliaya həsr olunmuş “Sainte”- “Müqəddəs” və “Manteau de fleurs” – “Çiçəkli manto” adlanan əsərləri səsləndirildi. “Çiçəkli manto” əsərində bəstəkar usta bir rəngkar kimi poeziyanın sətiraltı mənasını dinləyiciyə musiqi çalarları ilə çatdırmağı bacarır. Musiqi və sözlərin vəhdətindən belə bir təəssürat yaranır: rəngarəng çiçəklər sanki məzar daşı üzərinə toplaşaraq bir manto, bir örtük kimi ona sarılır... İfadabütün bunlar özünü dolğunluğu ilə büruzə verirdi.

XX əsrin nəhənglərindən olan musiqidə yeni cığır açmış, yeni musiqi dili, dodekafoniya sistemi yaratmış, neoklassisizm cərəyanının banisi Arnold Şönberqin “Lockung” – “Cazibə”, onun tələbəsi olmuş Alban Berqin ”Vossek” operasından “Laylay” və həm dostu, həm qohumluq əlaqəsi olan, həm də müəyyən mənada müəllimi olmuş, lakin az tanınmış bir Avstriya bəstəkarı Aleksandr fon Tsemlinskinin “İrmelin Rose” – “Gözəl İrmelin” əsərləri burada yer almışdır.

Birinci hissəni tamamlayan və ikinci hissə ilə bir növ körpü yaradan bəstəkar İqor Stravinskidir.İkinci hissədə müraciət olunan A.Borodin, A.Rimski-Korsakov, D.Şostakoviç, S.Prokofyev musiqisinə bir keçid rolu oynayır.İ.Stravinski özü rus bəstəkarı olub, Rimski-Korsakovdan dərs almış (Yeri gəlmişkən, ikinci hissədə ifa olunan “Buludlar” romansını da məhz öz müəllimi Rimski-Korsakova həsr etmişdir.), ömrünün çox hissəsini isə Amerikada keçirdiyi üçün “amerikalı rus” adlandırılan bu bəstəkar, eləcədə,yaradıcılığında klassisizmdən tutmuş neoklassisizmədək hər üsluba müraciət etdiyi üçün ona dostları“buqələmun – bəsətəkar” deyə müraciət edir. Konsertdə ifa olunan əsəri “The Rake”s Progress” – “Azğının macəraları” operasından Ennin ariyası oldu.Bu əsəri Stravinski XVIII əsr rəssamı W. Hogart-ın qravürlərindən ilhamlanaraq, öz London səfərindən təəssüratı kimi qələmə almışdır. Opera maraqlı süjeti və məzmunu ilə diqqəti cəlb edən əsərlərdəndir.Üç hissədən ibarət bu ariya isə ("No word from Tom/ Quietly, night/I go to him" ("The Rake's progress"- “Tomdan bir xəbər yox” / “Səssiz gecə / “Onun yanına gedirəm” ) vokal imkanların sərgilənməsi baxımından çox maraqlı və ifadəli bir ariyadır ki, ifaçılar onu mükəmməl şəkildə səsləndirərək hissəni sonlandırdılar.

Nəzərinizə çatdırım ki,bu konsertdə səslənən əsərlərin demək olar ki, əksəriyyəti Azərbaycan səhnəsində ilk dəfə ifa olunurdu.Hissələr arasındakı fasilədə Q.Qarayev və onun buradakı tərəf müqabillərinə həsr olunmuş kiçik bir səssiz film izlənildi.

XX əsr musiqisi üzrə səyahətə davam edərək, proqramın ikinci hissəsinə keçid almadan öncə konsertin bələdçisi olaraq bir qədər ifaçılar haqqında söhbət aparmağa çalışdıq.

Burada Yuliya Kərimova haqqında danışaraq, onun təcrübəli, gözəl pianoçu, pedaqoq, konsertmeyster bir neçə dünya ölkələrində solo ifaçı kimi konsertlərlə çıxış edən, Sankt-Peterburq konservatoriyasının məzunu olduqdan sonra Marinski teatrında konsertmeyster kimi çalışmış, uzun illər Türkiyədə İstanbul konservatoriyasında müəllim, İzmir Dov.Opera teatrında məsul konsertmeyster olaraq çalışmış, tamaşaya 20dən artıq opera hazırlamış, 2018-ci ildə vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində “ən yaxşı konsertmeyster” adına layiq görülmüş olduğundan bəhs etdik. Daha sonra birgə layihələrindən söz açıldı.

Fəridə Məmmədova ilə ərsəyə gətirilən bu konsert onların ilk müştərək işi deyil. Qısa müddət ərzində bir neçə layihəyə imza atmışlar. Bu konsertin daha bir nümayişi də 17 dekabr Moskva konservatoriyasının divarları arasında baş tutacaqdır.

Müasir musiqi konsertləri dedikdə, bu işdə böyük və müstəsna xidməti olan Fərəc Qarayevin adını çəkməsəm yəqin ki, günah olardı. Q.Qarayevin varisi, həm də tələbəsi olan Fərəc müəllimistər ölkəmizdə, istərsədə onun hüdudlarından kənarda musiqi dünyasına Azərbaycan və xarici müasir musiqisini təbliğ etməkdə böyük işlər görür. Onun hələ dinlənilməyən və səsləndirilməyən əsərlərin bizim musiqi cəmiyyətinə çatdırılmasında təşəbbüsü və fəaliyyəti əvəzsizdir. Təşkil etdiyi “Müasir Musiqi” konsertlərində və festivallarında ön sıralarda çıxış edənlərdən birincisi də, məhz, Fəridə Məmmədovadır.

Orada da qeyd etdiyimiz kimi, Fəridəni uşaqlıqdan tanıyır, eyni məktəbin və eyni ali ocağın məzunları olmuşuq. Hər zaman unikallığı, istedadı və bacarığı ilə seçilimiş, qarşıya qoyduğu məqsədlərə layiqincə çatmış və təmsil etdiyi sənəti ən yüksək səviyyədə nümayiş etdirməyə çalışmışdır. Klassik musiqiyə olan məhəbbəti, onu mahir ifa etmək bacarığı ilə yanaşı, müasir musiqiyə olan diqqəti, onu anlayıb, ifaçıya düzgün çatdırmaq kimi keyfiyyəti danılmazdır. Müasir musiqini ifa etmək göründüyü qədər də asan bir məsələ deyil. Klassikanın öz xüsusiyyətləri, müasirliyin isə öz qanunauyğunluqları vardır ki, bunu Azərbaycanda hər ifaçı öz öhdəsinə götürməyə cəhd etmir. Bu baxımdan, Fəridəni cəsarətli ifaçı, bir qəhrəman, bir cəngavər hesab olunur.

İkinci hissədə əksəriyyəti, artıq əvvəldə də qeyd olunduğu kimi, rus bəstəkarlarının,hər biri özünəməxsus musiqi dili, koloriti, mürəkkəbliyilə seçilən əsərləri - A.Borodinin “Спящая княжна” - “Yatmış şahzadə”,A.Rimski-Korsakovun “Сон в летнею ночь”- “Yay gecəsində yuxu”kimi məşhur romansları, S.Prokofyevin Anna Axmatovanın 5 şeirinə musiqi, İ. Stravinskinin “Buludlar” və “Yaz” əsərləri və D. Şostakoviçin “Ledi Maqbet”, digər adı “Katerina İzmaylova” olan operasından mürəkkəb partiyalı bir ariya - ifa olundu.

Ancaq ikinci hissənin mərkəzini təşkil edən və xüsusi vurğulamaq istədiyimiz əsər mərhum İsmayıl Hacıbəyovun əsəridir. Üzeyirbəy nəslinin son nümayəndəsi və Qara Qarayevin layiqli tələbəsi olan İsmayıl müəllimin burada Orta əsr şairləri Dante və F.Fon Hauzenin sözlərinə yazılmış 4 hissəli “Мольбы” – “Yalvarışlar” silsiləsidir. İ.Hacıbəyov bu əsəri Fəridəyə təqdim edərkən o, II kurs tələbəsi olaraq əsəri bəstəkarın müəllif konsertində ifa edir.Üzərindən 10 il keçir və artıq daha da peşəkar, püxtələşmiş bir ifaçı silsiləniyenidən ifa edərək, onu İsmayıl müəllimlə birlikdə lentə yazırlar. O gündən bu günədək əsərin ilk və yeganə ifaçısı Fəridə Məmmədovadır.

Yuliya Kərimovanın ifasında səslənən Qarayevin üç prelüdü günün əsas istinad nöqtəsi olan Q.Qarayev obrazının açılmasının mükəmməl bir təcəssümü idi və müəllimi Şostakoviç musiqisinin Fəridə Məmmədovanın heyrətamiz səs imkanlarını nümayiş etdirən ifası ilə konsert “post scriptum” adlı öz məntiqi sonluğuna çatdı. Hər zaman səhnələri həm zahiri görkəmi, həm də gözəl səs tembri ilə fəth edən ifaçımız bu gün də möhtəşəm gücü, intellektuallığı ilə seçilən bir ifaçı kimi özünü sübüt etməyi bacardı. Səslənən əsələrə ruh və nəfəs verən ifaçılarımızın keçmişə nəzər salaraq,müasir dövrdən bir yaradıcı baxışını, yekun sözünü çox diqqətlə dinləyən auditoriya böyük gurultulu alqışlarla musiqiçiləri uğurladı.İfaçılarımıza müvəffəqiyyətlə keçirilənbu konsertin Moskvada davam etdiriləcək növbəti nümayişində uğurlar diləyərək, bütün yaradıcılığı boyu daim yüksək axtarışlar sorağında olmağı və hər zaman böyük nailiyyətlər qazanmağı arzu edirik.

 

 

Musiqişünas, Vəfa Həmidova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !