Mənim müəllimlərim... - - Pünhan Əfəndiyev yazır..

Mənim müəllimlərim... - Pünhan Əfəndiyev yazır..

AZpress.AZ xəbər saytı Pünhan Əfəndiyevin müəllimlər haqqındakı yazısını təqdim edir:

İbtidai sinifdə müəlliməm Rəziyə Həmidova olub. Olduqca qayğıkeş müəllim idi. O, mənə yazmağı, oxumağı, kitab arxasında oturmağı, səbri, özümə inamı öyrətdi. Mənə oxumağı-yazmağı öyrədən müəlliməmə həmişə minatdar olmuşam. Həzrəti Əli, "Mənə bir hərf öyrədənin qulu olmağa hazıram" deyib. Çox gözəl də deyilib.
Rəziyə müəllimlə bir vaxtda ibtidai siniflərdə Balaxanım Mehmanova, Mayqa Yusifova, Təhminə Ayvazova, Mustafa İsmayılov dərs deyiblər. Arıxlı orta məktəbini bitirən şagirdlərin bir çoxuna onlar hərf, hərflərin yazlış qaydalarını, hesabı öyrətdilər, şagirdlərin elm və bilik yolunda ilk addımlarına dəstək olublar,
Mayqa, Təhminə, Balaxanım müəllimələrin həyat yoldaşları Süleyman Yusifov, Cəlal Ayvazov və Veyis Mehmanov də müəllim idilər. Süleyman müəllim Əhməd müəllim (Şıxalıyev) ilə birlikdə bir neçə il Adıgün rayounda da müəllim işləmişdi.
Bir məlumatı da burada qeyd etmək istəyirəm. Əvvələr Arıxlı məktəbində ibtidai siniflərdə Murtuz Əfəndiyev və Bahəddin Əfəndiyev dərs deyiblər. Bahəddin Əfəndiyev 1910-cu ildə Arıxlıda Yusif Əfəndi Allahyarzadənin ailəsində anadan olub, Qori müəllimlər seminariyasını bitirib, 34 il Arıxlı kənd məktəbində müəllim işləyib. 1973-cü ildə Arıxlıda vəfat edib.
Dördüncü sinifdə mənə dərs deyən müəllimlər arasında Qızıl (Şöhrət) müəllimə yaddaşımda öz yerini tutub. Onun bizə kiçik uşaq hekayələri, nağıllar oxuduğunu bu gün də xatırlayıram. Maya Cəfərova da bizə tez-tez hekayələr oxuyardı. Xüsusilə Ənvər Məmmədxanlının "Buz" hekayəsi mənə təsir etmiş, xeyli kədərlənmişdim. Bu kədəri sonrakı illərdə oxuduğum kitablarda nadir hallarda yaşadım. Hər iki müəlliməm məndə bədii ədəbiyyata maraq, oxumaq vərdişi yaratdı.
Həmin vaxtdan sovxoz kitabxanasından uşaqlar üçün yazılmış bədii ədəbiyyatyarları alaraq oxumağa başladım. Atam Şəfkət Əfəndiyev sovxozun baş mühasibi idi və kitabxana onun iş otağının yanında yerləşirdi. Yadımdadır kitabxanadan aldığım ilk kitab. A.S. Puşkinin nağılları olub.
Ümumiyyətlə, orta məktəbin şagirdləri arasında mütaliəyə böyük maraq vardı. Bədii kitablar əldən-ələ gəzirdi. Ədəbiyyat müəllimləri Mürtüz Həmidov və Şaban Məmmədov yazıçıların həyat və yaradıcvılığını keçərkən onların əsərlərini oxumağı sagirdlərə tapşııradılar. Şaban müəllim Daşdıqullar kəndindən gəlirdi və məsuliyyətli, savadlı müəllim kimi şagirdlər arasında hörmət qazanmışdı. Yadımdadır Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", "Qılınıc və qələm" romanlarını oxumaq üçün yuxarı sinif sagirdləri növbəyə durardılar. Mirzə İbrahimovun "Gələcək gün", İsmayıl Şıxlının "Dəli Kür" romanları çox populyar idi.
Dünya ədəbiyyatından Viktor Hüqo həyat və yaracılığı keçirilərkən "Səfillər" romanını oxumaq istəyənlərin sayı artır, istər sovxoz, istərsə də məktəb kitabxanalarında kitab sayı məhdud olduğundan şagirdlər arasında oxumaq növbələri yaranırdı. İlk dəfə bu romanın qara cildlərini Alı müəllimin yuxarı sinifdə oxuyan qızı Elmira Nəbiyevada gördüm. O, qara rəngli 3 qalın cildli kitabları kitabxanadan alıb evə aparırdı. Aşağı sinifdə oxumağıma baxmayaraq məndə bu romanı oxumaq həvəsi yarandı. Lakin axıradək oxuya bilmədim. Bir də tələbə vaxtı "Səfillər"i oxudum və xoşuma gəldi, amma indi təkrar oxumaq istəsəm inanmıram ki, hövsələm çatıb axıra kimi oxuya bilim. Görünür hər yaş dövrünün öz tələbi var.
Bəli, o dövrdə müəllimlər şagirdlər arasındz bədii ədəbiyyata böyük maraq yaratmışdılar. Onlarda oxumaq vərdişi formalaşmışdı ki, kitabın arxasında otursun, saatlarla məşğul ola bilsinlər.
Beşinci sinifdə Botanika fənni Şövqi Əfəndiyev tədris edirdi. O, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdi. Onu aspiranturada saxlamaq istəsələr də, müəllim kimi fəaliyyət göstərməyə üstünlük vermişdi. Təhsıl Nazirliyinin əmiri ilə birbaşa Kürdəmir rayonun Mollakənd orta məktəbinə direktor təyin edilmişdi. Bu məktəbdə ən azı 1500-1600 şagird oxuyur, təqribən 150-yə yaxın müəllim fəaliyyət göstərirdi.
Şövqi Əfəndiyev dərsdə yeniliyə həmişə üstünlük verirdi. Onun dərsində Yaxşı oxuyan sagirdlər bir-birinə rəqib idi. Hamı gözləyirdi ki, kimi dərs danışmağa çağıracaq. Əgər şagirdlərin biri dərsi danışmaq üçün çağrılırdısa, onun rəqibi də avtomatik olaraq lövhə qarşına çıxırdı. Mövzu ətrafında müzakirələr aparılir, suallar verilir və ən yaxşı cavab verən sagird layiq olduğu qiyməti alırdı.
Dərslər çox canlı keçirdi, bu şagirdin rəqibinə uduzmaması üçün daha yaxşı hazırlaşmasına, yüksək qiymət almağa motivasiya olmasına səbəb olurdu. Şövqi müəllim yuxarı siniflərdə kimya fənnindən də dərs deyirdi. O, çox tələbkar olub kifayət qədər savadlı, təəccürbəli müəllim idi.
Həmin dovdə cəbr fənnini Molla Mahmudun oğlu Məhəmməd müəllim tədris edirdi. Bizə dərs deyəndə yaşlaşmışdı, tez yorulur, bəzən yorğunluqdan dərs zamanı yuxuya gedirdi. Amma Məhəmməd müəllimin bir özəlliyini xüsusi qeyd etmək istərdim. Mövzunu izah etdikdən sonra, bizə həll etmək üçün misal, məsələ verir və kim birinci həll etsə, ona "əla" qiymət yazırdı. Bu bizi çalışmanı daha tez həll etməyə həvəsləndirirdi. Məncə, bu, çox gözəl tədris metodu olub, fənnə marağın yaranmasına xidmət edirdi. Qəbələ rayonun Əmirvan kənd orta məktəbində müəllim işlədiyim dövrdə Məhəmməd müəllimin bu dərs metodundan tez-tez istifadə edirdim və nəticələri də effektli olurdu.
Növbəti il riyaziyyat fənni Məhəmməd (Mamed) Əfəndiyev tədris etdi. Yadımdadır, həftənin çərşənbə günü bu fənn 2 saat keçirilirdi. Birinci saatda mövzu aramla, çox peşakarcasına izah edildiyindən ikinci saatda məsələ və misalları asanlıqla həll edirdik. Sonralar Məhəmməd müəllim uzun illər Bakı məktəblərində çalışdı, yüzlərlə savadlı sagirdin yetişdirilməsində xidmətləri oldu.
Nağların Güllü müəllim, Yavux öyünün Qara müəllim də mənim Həndəsə və Riyyaziyyat müəllimlərim olub. Hər ikisi savadlı müəllimlər idi. O vaxt məktəbdə dərs deyən gənc müəllimlər arasında xüsusi secilirdilər. Onlardan bir pillə yüksəkdə dururdular.
Yuxarı siniflərdə isə Riyaziyyat müəllimiz Mustafa Aslanov olub. O, böyük ziyalı, peşəkar pedaqoq, maarifçi, kübar təbiətli bir insan idi. Yüzlərlə savadlı arıxlınınn yetişməsi və onların həyatda mövqe tutmasında müstəsna xidmətləri vardı. Mustafa Aslanov hələ pedaqoji fəaliyyətə başladığı ilk illərdən təlim-tərbiyədə qazandığı uğurlarla diqqəti cəlb edib. O, bütün həyatı boyu müəllimlik adını yüksək tutub, idarəetmə qabiliyyəti və tərbiyəçilik məharəti nümayiş etdirib.
Mustafa Aslanov işlədiyi müddət ərzində həmişə əməksevərliyi və təşkilatçılıq bacarığı ilə seçilib. Onun rəhbərliyi ilə Arıxlı məktəbində peşəkar müəllimlər işləyib. Gənc kadrların mütəxəssis kimi formalaşmasında böyük rol oynayıb.
Bu səbəbdən də müəllimlərin məktəbdə, kənddə böyük nüfuzu və hörməti vardı. Mustafa müəllimin uzun illər orta məktəbin direktoru olması, onun peşəkarlığının göstəricisi idi.
Arıxlı orta məktəbində riyaziyyatdan dərs deyən müəllimlərdən biri də Mahmud Mustafayev idi. Mahmud müəllim mənə dərs deməsə də, qardaşım Firdofsiyə bu fənni sevdirə bilmişdi. O, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə seçilirdi.
Azərbaycan dili və ədəbiyyat müəllimlərim arasında Mahirə müəllimənin xüsusi yeri var. Mahirə müəllimənin atası Sədrəddin müəllim əslən Arıxlıdan olub Bakıda yaşayırdı. Müəllimim yaddaşımda zərif, incə, gözəl, sakit təbiəti ilə qalıb.
Sonraki dövrdə bu fənni Lütviyyə Əfəndiyeva tədris edib. Bir dəfə rayondan məktəbə gələn yoxlama bizim sinifdə açıq dərsdə iştirak etdi. Lütviyyə müəllimənin fəallığı, dərsin yüksək səviyyədə keçməsi təhsil şöbəsinini inspektoru Veyis Vəliyevin (Arıxlı) çox xoşuna gəldi. O, müəllimlər otağında Lütviyyə müəlliməni xeyli tərifləmişdi.
Veyis Vəliyevdən başqa, Arıxlıya gələn, tədrisin keyfiyyətini yoxlayan təhsil şöbəsinin inspektorlardan biri də Faxralı kəndindən İlyaz Hüseynov idi.
Yuxrı sinifdə bizə bu fənni Sona Səmədova keçirdi. O, işin çətinliyindən qorxmurdu, sagirdlərinə möhkəm və hərtərəfli bilik verməyə çalışırdı. Sona müəllimə geniş dünyagörüşə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik olub həmişə şagirdləri tərəfindən sevilib, peşəkarlığı yüksək qiymətləndirilib. Bu, hər müəllimə qismət olmur.
Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında Mürtüz Həmidovun öz yeri var. Uzun illər bu fənni şagirdlərinə sevdirdi, onların dünyagörüşünün formalaşmasına töhvə verdi.
Astan (Aslan) Şəmilov kimya müəllimim olub. Xoşbəxtəm ki, onun kimi müəllimim olub. Həmişə dua elib məkanın cənnət, ruhunun hüzur içərisində olmasını diləmişəm. Həyatım boyu da dua edəcəm. O, bizə kimya fənni sevdirdi. Rus yazıçısı Lev Tolstoya deyirdi: "Öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir". Astan Şəmilov həqiqətən əla müəllim idi. O, Arıxlı orta məkəbində hörmətini gözlədiyim, müəllim peşəkarlığına inandığım müəllimimdən biri olub, davranışı, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə seçilirdi. Astan müəllim mənim fikirimcə, orijinal mövqe ortaya qoya bilmiş bir pedaqoq, ziyalı fenomeni kimi özünə iz qoymağı bacaran bir şəxsiyyətdir. O, öz müəllimlik keyfiyyətləri ilə çoxlarına nümunə olub. Onun dərsində sinifdə milçək uçsa, səsin eşidərdik.
Coğrafiya da sevdiyim fənnlər arasında idi. Rüstəm Çopurov mövzudan əlavə evə müxtəlif tapşırıqlar verir, növbəti dərsdə onları düzgün hazırlayan, xəritədə göstərə bilən şagirdlərə “əla” qiyətlər yazirdı. Rüstəm müəllim keçdiyi mövzudan çox, verdiyi tapşıriqlarla daha çox maraqlanırdı. Dünyanın ən məşhur vulkanlarını, okean dərinliklərini, dağları çayları və c. beləcə öyrənmiş olurduq.
Tarix fənni isə aşağı siniflərdə Tapdıq müəllim, yuxarı siniflərdə isə Fərman Seyidov keçib. Fərman müəllim həm də sinif rəhbərimiz olub. Sinif rəhbərimiz bizimlə münasibətdə heç də sərt yol seçməzdi, mehriban, səmimi davranır, təkcə onun fənnindən deyil, digər fənlərdən də yaxşı qiymət almağımızı istəyirdi. Fərman müəllimdən əvvəl isə sinif rəhbərimizin İdris İdrisov müəllimin (Şoşaylar) olduğunu xatırlayıram. İdris müəllim sonradan təsərrüfat işləri üzrə məktəb direktorunun müavini oldu. O, Böyük Vətən Müharibəsi dövründə kənd sovetində işləyib.
Fizika müəllimimiz əvvəlcə Xalidə Cəlilova idi. Onun atası Nəbi Osmanov, bacısı Surayyə müəllimə mənə riyaziyyatdan, Validə müəllimə isə biologiyadan dərs deyib. Bir neçə ay bu fənni bizə başqa müəllim keçmişdi. Xalidə müəllimənin bizə fizika fənnini tədris edəcəyini bildiyimdən keçilən mövzuları təkrar nəzərdən keçirmiş, sual-cavaba hazırlıqlı idim. Yadimdadir ki, müəllimə tanışlıqdan sonra biliklərimizi yoxlamaq üçün suallar verdi və sualların çoxuna mən cavab verdiyimdən layiq olduğum qiyməti almaqla yanaşı, paralel siniflərdə təriflənmiş oldum.
Bir nüansı da qeyd edim ki, müəllimlər ilk dərsə gələndə sual-cavabı xoşlayırlar. Etiraf edim ki, mənim özüm də Əmirvan orta məktəbində müəllim kimi fəaliyyət gəstərdiyim ilk gün dərsə sual verməklə başladım.
Növbəti il bu fənni bizə Cəlal Ayvazov keçdi. Cəlal müəllim Azərbaycan Respublikasının Oğuz rayonunda müəllim kimi fəaliyyət göstərib, sonra doğma kəndinə qayıtmış, bir müddət Kəpənəkçi kəndində müəllim, məktəb direktoru kimi çalışmışdı. Azərbaycan xalq şairi Zəlimxan müəllimini ziyarət etmək üçün Arıxlıya gəldiyinin, onunla hörmətlə söhbət etdiyinin dəfələrlə şahidi olmuşam. Cəlal müəllim Arıxlı orta məktəbində tədris hissə müdiri işlədiyi dövrdə təlim-tərbiyəyə böyük önəm verirdi. O, çevik pedoqoji təfəkkürlü, humanist yönümlü insan olsa da, sərtliyi də vardı. Hər bir sagirdə onun fərdi xüsusiyyətlərini və inkişaf səviyyəsini nəzərə alaraq yanaşırdı. Təlim-tərbiyyə prosesinin səmərəliliyinin əsas göstəricisi olan bilik və tərbiyə həmişə onun fəaliyyətində ön planda idi.
Cəlal müəllim savadlı, peşəkar müəllim, təşkilatçı kimi tanınırdı. Onun dərsində qiymətdə güzəşt olmazdı. Gənclərin bilik və bacarıqlarının artırılmasında, vətənpərvər, müasir düşüncəyə sahib şəxsiyyətlərin yetişdirilməsində böyük rolu, məktəb kollektivi, şagirdləri, kənd sakinləri arasında yüksək nüfuzu vardı.
Cəlal müəllim ensiklopedik biliyə malik olub, yalnız fizika sahəsində deyil, müxtəlif elm, ədbiyyat incəsənət, siyasət və s. sahələrdə dərin biliyə sahib idi.
Camal Məmmədovu heç vaxt unuda bilmərəm. Rus dili fənnindən Mixail Lermantovun "Zamanəmizin qəhramanı" romanını keçərkən yaşadığımız xoş anlar bu gün də yaddaşımızdan silinməyib. Camal müəllim romanı Azərbaycan dilində danışır, biz də diqqətlə qulaq asırdıq. Hadisələri o qədər şirin, aramla, bəzən də həyacanla söyləyirdi ki, otaqda sakitlik yaranır, bəzən ürək döyüntülərimizi belə eşidirdik. Bu günədək Camal müəllim qədər hadisəni böyük ustalıqla, şirin dillə nəql edən ikinci adama rast gəlməmişəm. O, danışdıqça özümüzü hadisənin iştirakçısi sanırdıq, gözlərimiz qarşısında əsəbi, şıltaq, xudpəsənd və heç bir şeydən razı qalmayan Peçorin canlanırdı. Bu ehtiras düşkününə Belanın faciəsinə səbəb olduğuna görə nifrət edər, sakit və mərhəmətli Maksim Maksimiçi sevərdık. Bu sakit adamda iradə, qüvvət və qəhrəmanlıq daha çox idi.
İstədiyi ata sahib olmaq üçün atasının, bacısının faciəsinə səbəb olan Əzəmət barəsində elə bir məhəbbətlə danışardı ki, ona da nifrət edə bilmirdik. Müəllimimiz hadisəni səlis danışır, biz isə qulaq azırdıq, Gözlərimiz qarşısında yeni bir səhnə çanlanırdı. Bu dəfə hadisənin qəhramanı cır-cındır içində olan vəhşi təbiətli, eyni zamanda cəsarəti ilə seçilən Qazbiç idi. Camal müəllimin gözəl, bəlağətli səsi, aram danışığı vaxtın nə zaman keçdiyini unutdurardı bizə. Zəng çalınmasından narazı qalır, növbəti rus dili dərsini səbirsizliklə gözləyərdik. Rus dili dərsinin Azərbaycan dilində keçməsi isə bizi heç narahat etməzdi.
Alman dili dərsini isə bizə müxtəlif illərdə Ayna Tanırverdiyeva, Eldar İsayev və Kolagird kəndindən olan Fərhad müəllim deyib. Məncə, hər üçü savadlı müəllimlər idi və dərsləri həvəslə keçirdilər. Onlardan əvvəl bu fənni Kosalar kəndindən Nürəddin Həsənalı oğlu Orucov şagirdlərə öyrədib. O, Səmərqənddə ali təhsil almışdı.
Bədən tərbiyəsi müəllimimiz Nurqələm Qurbanov idi. Bir dəfə zəng vurulsa da oğlanlar 10 dəqiqə gecikmə ilə sinifə daxil oldu. Bizi lövhənin qarşısına düzdü, bir anın içində 10-na yaxın oğlan yumruq zərbəsinin qonağı oldu. Nurqələm müəllim çox cəld olmaqla yanaşı, həm də çox güclü idi. Biz şagirdlər arasında hörməti vardı. Müxtəlif illərdə bədən tərbiyyə müəllimimiz Dilənlərin Dilən, Haygəldilərin Krəm müəllim olub.
O vaxt şagird - müəllim münasibəti bugünkü kimi deyildi. Müəllim müəllim idi, şagird də şagird.
Məhəmməd Yolçuyev, Sona Qəmbərova, Məhəmməd (Mamed) Cəfərov, Səmayə Musayeva, Hacı Hacıyev, Nəsrəddin Kərimov, Yaşa İdrisov, Rza Əfəndiyev, Məhəmməd (Məmmə) Həsənovu bu gün də böyük hörmət və sevgi ilə xatırlayıram. Onların hər birinin özünə məxsu özəllikləri vardı.
Qeyd edim ki, Mustafa Aslanov, Cəlal Ayvazov pensiyaya çıxdıqdan sonra məktəbin uzun ilər qazandığı nüfuz tədricən aşağı düşməyə başladı. Əvvəllər şagird müəllim görəndə özünü yığışdırar , salam verib keçər, müəllim olan məclislərdə iştirak etməzdi. Hər hansı bir məclisdə müəllim oturmuşdursa, şagird həmin məclisdə oturmağa cürət etməzdi. Məktəbdə dərs başladıqdan sonra bir sakitlik yaranar, dərslər isə yüksək keyfiyyətlə keçirilərdi. Müəllimlərin əksəriyyəti novator, yaradıcı olmaqla yanaşılı, keçdiyi hər bir dərsə peşəkarlıqla yanaşır, daim öz üzərində işləyirdilər. Bu müqəddəs peşəyə könül verən, sonsuz sevgi və səbrlə çalışan bütün müəllimlərimə həmişə minətar olmuşam 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !