O, paklıq, təmizlik mücəssəməsi idi - (Elegiya) - AĞALAR İDRİSOĞLU (+FOTOLAR)

O, paklıq, təmizlik mücəssəməsi idi (Elegiya) - AĞALAR İDRİSOĞLU (+FOTOLAR)

Onun dünyasını dəyişdiyini eşidəndə çox sarsıldım. Qardaşı-qardaş, dostu-dost dərdi sarsıdan kimi. Əlim, səsim, ünüm heç kimə, heç yana çatmadı. Onun yoxluğuna heç cürə inana bilmədim. Baxmayaraq, bir ildən çox idi ki, Hacı Vahid Məmmədovun onkoloji ( xərçəng) xəstəlikdən əziyyət çəkdiyin bilirdim. Amma daxilimdə bir inam vardı ki, Hacı Vahid həkim bu sağalmaz xəstəliyə hökmən qalib gələcək. Axı o, özü milərlə insanları düşdükləri xəstəlikdən, əlacı çətin olan dərdlərdən özünün şəfalı əlləri, yüksək biliyi, böyük təcrübəsi, diqqəti, xəstələri inandırmaq qabiliyyətilə ölümün pəncəsindən almışdı. Ona görə inanmırdım, inanmağım gəlmirdi ki, xəstəlik ona qalib gələcək. Heç özü də buna inanmırdı. Hər dəfə böyük inanla deyirdi ki, hər şey yaxşı olacaq. Mən onu tanıdığım 42 ildə bir dəfə də şikayət edən, başqasının dalınca danışan, kimlərəsə pislik edən kimi görməmişdim. O, həqiqətən paklıq, təmizlik mücəssəməsi idi. Bəs belə olan müqabildə niyə belə insana qıydın Böyük Tanrı? Özü də ömrünün əsl müdrik çağına qədəm qoyduğu, 70 yaşını yenicə qeyd etdiyi bir vaxtda? Bəs həyatda insanlara pislik edən, minlərlə, milyonlarla insanları qətlə yetirənləri niyə yer üzündən silmirsən ey Böyük Yaradan? Amma belə gözəl insanları daha tez aparırsan dərgahına. Doğrusu özümüm dərk edəndən mat qalmışam Tanrının bu əməlinə...
Təkcə mən yox, Bioloji Təbatət Kilnikasının təsisiçisi, dəyərli ziyalı, Azərbaycana bioloji təbabəti gətirməklə, respublikamızın səhiyyə sahəsinə bir yenilik gətirən Elxan Yaqubov və bu kilnikanın minlərlə işçiləri, Hacı Vahid həkimin ağır xəstəliklərdən sağaltdığı yüzlərlə insanlar və hər həftə Azərbaycan televiziyalarında sağlamlıq verilişlərində LOĞMAN-HƏKİM kimi nevropatologiya və səhiyyənin başqa sahələri ilə bağlı çıxışları, məsləhətlərini də həmişə maraqla qarşılayan milyonlarla insanlara tibbi maarifləndirmə dərsi keçən həmin insanlar da mat qalıb Tanrının bu əməlinə...
Ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran bu insan, bu təbib keşməkeşli ömür yolu keçmişdi. Onun ömrü çoxlu kitabların maraqlı mövzuları ola bilən bu insan- Hacı Vahid Haman oğlu Məmmədov 1948-ci ilin mart ayının 25-də Quba rayonunun Qonaqkənd kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. 1972-ci ildə ali məktəbi bitirəndən sonra iki il Uzaq Şərqdə hərbi xidmətdə olduğu müddətdə hərbi Hospitalda həkim işləmişdi. Çünki həmin vaxtı Tibb İnstitutunda təhsil alanlara hərbi rütbə verilirdi və onlar da hərbi hissəllərdə həkim kimi qulluq edirdilər. Bəlkə də bu taleyin hökmüdür ki, o, belə bir uzaq diyara xidmət etməyə getmişdi və belə tanınmış Hospitalda xidmət etmişdi. Çünki orada xidmət etdiyi vaxt yeganə azərbaycanlı olan Hacı Vahid həkim, öz ixtisası ilə bağlı böyük təcrübə toplaya bilmişdi. Tibbin nevropatalogiya sahəsini çox mükəmməl öyrənmişdi. Vaxtından əvvəl onun hərbi rütbəsini də artırmışdılar. Hətta təklif etmişdilər ki, hərbi xidmətdən sonra qalıb oradakı Hospitalda işləsin. Amma doğma Vətən torpağı Hacı Vahid həkimi öz qoynuna çəkdiyinə görə, Azərbaycana qayıdıb və taleyini özü kimi cavan Sumqayıt şəhərilə bağlamışdı. Elə həmin vaxtdan da Sumqayıt, hacı Vahid həkimin tale şəhəri olmuşdu.
Burada ilk iş yeri Sumqayıt şəhər Alüminium zavodu olmuşdu. O, bu zavodun tibb hissəsində sex həkimi və nevropatoloq kimi bir il çalışdıqdan sonra, yaxşı mütəxəssis kimi işini Sumqayıt şəhər 1 nömrəli Xəstəxannın nevralogiya şöbəsinə dəyişmişdilər. Bu xəstəxanada 1984-cü ilə qədər işləyən Hacı Vahid həkimi, həmin il yenicə açılan Sumqayıt Bərpa Müalicə Xəstəxanasının nevralogiya şöbəsinin müdiri vəzifəsinə təyin etmişdilər. Çünki o, artıq 1981-ci ildən ictimai əsaslarla şəhərin baş nevropatolqu kimi fəaliyyət gösətirir və şəhər səhiyyəsinə öz töhfələrini verirdi. 1992-ci ildən isə kollektivin təkidi ilə Hacı Vahid Məmmədovu Sumqayıt Bərpa Müalicə Xəstəxanasının baş həkimi təyin etdilər. O, 16 il bu xəstəxananın baş həkimi işlədi. Amma o, öz işini baş həkim kimi bitmiş hesab etmirdi və həm də nevropatoloq həkim kimi də öz işini davam etdirirdi. Çünki o, ali dərəcəli nevropatoloq idi və çoxlu xəstələri vardı. Sözsüz ki, həmin xəstələr də sağalmaqçün yalnız ona müraciət edirdilər. Ümumiyyətlə, Hacı Vahid həkim harada işləməsindən asılı olmayaraq, öz sənətini həmişə vəzifəsindən üstün tuturdu. 16 il bu xəstəxananın baş həkimi işlədiyi vaxtda da, 2007-2008-ci illərdə Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi işlədiyi vaxtda da, həkim sənəti onun üçün həmişə üstün olmuşdu. Bütün bu illərdə ondan kimsə soruşanda hansı vəzifədə işləyirsən? O, həmişə deyirdi ki, “həkim- nevropatoloq işləyirəm”. Öz işindən söz düşəndə Hacı Vahid həkim həmişə deyirdi: “ İndi də fikirləşirəm ki, səhv etməmişəm. Uzun illər vəzifələrdə işləsəm də sənətimi atmamışam. Həmişə var qüvvəmlə bu sənətimə qulluq etmişəm. Bütün bu illərdə əgər xəstələrin sağalmasına mənim zərrəcə köməkliyim dəyibsə, bir həkim kimi buna çox sevinirəm. Çünki həkim üçün xəstənin sağalmasından, öz ailəsinin yanına sağlam qayıtmasından böyük sevinc yoxdur. Mən özüm də bir neçə ay bundan əvvəl ağır xəstəliyə tutulmuşdum. Sağalmağıma ümid az idi. Göydə Allah və yerdə həkimlər, ailə üzvlərim, dostlarım mənim həyata qayıtmağımda yardımçı oldular. Hətta bir vaxtlar müalicə etdiyim bəzi xəstələr mənim sağalmağımçün qurban da kəsiblər. Məgər insançün bundan da böyük xoşbəxtlik ola bilərmi?”
Bax, bu sözləri Hacı Vahid həkim birinci dəfə Türkiyədə müalicə olunub qayıdandan sonra demişdi. O, tam inanırdı ki, artıq bu xəstəlik ondan yan keçib... Hətta baş həkimin müavini olduğu Bioloji Təbabət Klinikasının kollektivi, başda Elxan Yaqubov olmaqla onun 70 illik yubilyeyini də çox təmtəraqla keçirib, həmin tədbirin videosunu da ona Türkiyəyə göndərmişdilər. Həmin vaxtı Vahid həkim Türkiyədə müalicə olunduğu vaxtda onun 70 illik yubileyi münasibətilə Bioloji Təbabət Klinikasının kollektivi onu təbrik etməklə yanaşı özlərinin təsis etdikləri “Bioloji Təbabət” jurnalının 2018-ci il birinci nömrəsində onunla bağlı öz ürək sözlərini yazıb və həmin fikirlərni də bu sözlərlə tamamalayıblar: “Dünyaya gələn hər bir insanın həyat yolu, ömür tarixi var. Bu tarixin məzmunu o insanın keçdiyi ömür yolu- başqalarına qarşı münasibəti, yoldaşlığı, işi, əməyi ilə müəyyənləşir. Elə insanlar var ki, ayaq tutub yerimək istədikləri andan onların kimliyini, gələcəkdə tutacağı mövqeyi müəyyən etmək olur. Belələri nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri ada ehtiyac duyurlar. Vəzifə, mənsəb, rütbə də onları bəzəmir. Əksinə, onlar tutduğu yeri, vəzifəni, yiyələndiyi peşəni bəzəyirlər. Hacı Vahid həkim də belələrindəndir. Uzun illər Azərbaycan səhiyyə sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, hazırda isə bizimlə çiyin-çiyinə xalqımızın sağlamlığı keşiyində dayanan Vahid Haman oğlu Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, həmkarımıza möhkəm can sağlığı, uzun ömür, bu nəcib, şərəfli, çətin işində yeni-yeni uğurlar arzulayırıq”...
Bəli. 2009-cu ildən Bioloji Təbabət Klinikasında baş həkimin müavini vəzifəsində çalışan Hacı Vahid Məmmədov ali dərəcəli nevropatoloq kimi uzun illər idi ki, bioloj təbabətin müalicə üsullarından uğurla istifadə edirdi. O, hələ Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanasında işlədiyi vaxtlarda ağır xəstəliklərin müalicəsində bu təbabətin metodlarından, preparatlarından istifadə edirdi. O, XX əsr təbabətinin son nailiyyətlərindən sayılan biotənzimləyici terapiya ilə minlərlə həmvətənlərimizə və xarici vətəndaşlara şəfa vermişdi. Baş-beynin qan dövranı pozulmaları, boyun fəqərələrinin osteoxondrozu, sinir sisteminin funksional pozulması, fəqərəarası disk yırtığı və sairə bu kimi xəstəliklərlə klinikaya müraciət edən neçə-neçə pasient məhz onun şəfalı əlləriylə müalicə olunurdu. Hacı Vahid həkim bioloji təbabətin sirlərinə daha mükəmməl yiyələnmək, bu təbabətdəki yenilikləri öyrənmək üçün özünün apardığı araşdırmaları ilə yanaşı, tez-tez xarici ölkələrdə təşkil olunan elmi-praktiki konfranslara, kurslara, seminarlara dəvət alırdı. Onun gənc həmkarlarına dönə-dönə verdiyi tövsiyələrdən, nəsihətlərindən biri də bu idi: “ Həkimlik ən mürəkkəb, ən çətin sahədir. İnsan sağlamlığına cavabdeh olan bu sahədə hələ də aydın olmayan, qaranlıq məqamlar var. Ona görə də həkim daim, gecə və gündüz, çalışmalı, oxumalı, öyrənməli, tibb elminin yeni nailiyyətlərini mənimsəməli, praktikada tətbiq etməlidir.”
Bəli, Vahid həkim belə düşünürdü və bu amallarla yaşayırdı. Bəs Türkiyədə olan həkimlər niyə bu amallarla yaşamayıb, belə gözəl insanın, LOĞMAN-HƏKİMİN sağalmasında aciz oldular?
O, həcc ziyarətindən qayıdandan sonra elə maraqlı məqamlar danışıdı ki, ona qulaq asanları bu ziyarətə getməyə həvəsləndirirdi. Hətta mənə demişdi ki, “birlikdə ziyarətə gedərik. Mən bir də gedib həmin yerləri ziyarət etmək istəyirəm”. Əfsus ki, bu arzumuzu da çin edə bilmədik... Nə deyim Böyük Tanrının işinə...
Əziz dostumuz, qardaşımız Hacı Vahid həkim son söz olaraq başı üstündə hıçqıran oğlu Samirə üç dəfə belə dediyib: “ Möhkəm ol”. Axı o, özü də həyatda çox möhkəm xasiyyətli əsl LOĞMAN-HƏKİM idi.
Əziz dostumuz Hacı Vahid Məmmədov. Sizin dünyanızı dəyişməyiniz ən çox övladlarınıza və sizi yaxından tanıyanlara daha pis təsir edib. Uzun illər sizi yaxından tanıyan və sizinlə təmasda olan böyük şairimiz Əşrəf Veysəlli sizin dünyanızı dəyişmənizlə bağlı çox nisgilli bir şeir yazıb. Mən bu elegiyanı həmin şeirdən bu sətirlərlə tamamlamaq istəyirəm.


Qəlbin kimi, məzarın da,
Güldi-çiçəkdi ay həkim.
Sən hər işdə Vahid idin,
Allah da təkdi ay həkim.
Nəcə dözək bu həsrətə,
Bu dərd hər bir dərddən ötə.
Məzarını ziyarətə,
El gələcəkdir ay həkim.


Allah sizə rəhmət eləsin. Qəbriniz nurla dolsun əziz dostumuz. Özünüzün arxa-dayağınız bildiyiniz, həmişə fəxr etdiyiniz və hər biri bir-birində ağllı, dəyanətli, yüksək tərbiyəli övladlarınız- Əfqana, Samirə və Babəkə də böyük səbr diləyirəm. Biz də inanırıq ki, onlar sizin xeyirxah əməllərinizi davam etdirməklə hər əməllərində insanlardan sizin ruhunuza həmişə yalnız rəhmət gətirəcəklər. Çünki siz onları yüksək tərbiyəli, Vətənə sadiq, əsl vətəndaş kimi böyüdübsünüz.


Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !