AMEA-da VI Bakı Beynəlxalq Humanitar Forumunun İrandan olan nümayəndələri ilə görüş keçirilib -

AMEA-da VI Bakı Beynəlxalq Humanitar Forumunun İrandan olan nümayəndələri ilə görüş keçirilib

Öncə qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada elminin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb. Akademik humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq üçün beynəlxalq platforma olan humanitar forumun əhəmiyyətindən söz açıb. Forumun regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.

 

Akademik bundan əvvəlki forumlarda da görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirak etdiyini vurğulayaraq onlarla AMEA alimlərinin görüşlərinin keçirildiyini bildirib. Akademik A.Əlizadə Xəzər dənizinin statusu ilə bağlı konvensiyanı xatırladaraq, sənədin region ölkələri ilə müştərək tədqiqatların aparılması, birgə elmi proqramların həyata keçirlməsi üçün imkanlar açdığını deyib.

 

Sonra çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti, professor Məhəmməd Mehdi Məzahiri göstərilən qonaqpərvərliyə, həmçinin forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. İnstitut rəhbəri İran və Azərbaycanın elm və mədəniyyət mərkəzlərinin arasında əlaqələrin bundan sonra da genişləndirilməsi və bu yöndə səmərəli təkliflərin nəzərə alınması baxımından forumun mühüm rol oynadığını vurğulayıb. M.M.Məzahiri həmçinin gələcəkdə İranın tanınmış elmi jurnallarında Azərbaycan alimlərinin tədqiqatlarını əks etdirən məqalələrin dərc edilməsinin zəruriliyini söyləyib.

 

Daha sonra çıxış edən İranın İRNA Xəbər Agentliyinin icraçı direktoru Seyid Ziya Haşimi və İran Parlamentinin deputatı Məsumə Ağapur Əlişahi görüşdən məmnun olduqlarını ifadə ediblər. Forumunun işini çox yüksək qiymətləndirən qonaqlar burada dünyanın ən nüfuzlu elm-siyasət, mədəniyyət adamlarının iştirak etdiyini bildiriblər.

 

M.A Əlişahi Azərbaycanla bağlı təəssüratlarını bölüşərək ölkələrimizin xalqlarını mədəniyyət, ənənələr və dinin birləşdirdiyini deyib.

 

Görüşdə həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !