Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: 75 və 75 ... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: “75 və 75”... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, oktyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, ADRA-nın professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb.

AZpress.AZ xəbər verir ki, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tanınmış rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəstxəti ilə seçilən görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır.

Diqqətə çatdırılıb ki, sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer alıb.

ADRA-nın rektoru, akademik Ömər Eldarov “75 və 75” sərgisini Arif Hüseynovun yaradıcılığının bəhrəsi adlandırıb, rəssamın yaratdığı sənət əsərlərinin özünəməxsus olduğunu söyləyib. Bildirib ki, maraq dairəsi çox geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbi nümunələrə illüstrasiyalar çəkir. Görkəmli sənətkarın klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılır. Yubileyi münasibətilə rəssamı təbrik edən Ö.Eldarov ona yeni yaradıcılıq uğurları arzulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, rəssamın hər bir əsəri ilə tanış olmaq onun yaradıcılığında keçdiyi yola nəzər salmaqdır. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi A.Hüseynov kitab qrafikası sahəsində aparıcı mütəxəssislərdəndir. O, bu sənətdə öz sözünü demiş, xüsusi dəstxəti olan sənətkardır. Rəssamın sərgiləri hər zaman Azərbaycanda və müxtəlif ölkələrdə böyük maraqla qarşılanıb.

Arif Hüseynovun yüksək mənəvi keyfiyyətlərindən söz açan V.Əliyev onu gözəl rəssam, zəhmətkeş insan, zəngin yaradıcılıq yolu keçmiş sənətkar kimi səciyyələndirib. Vurğulanıb ki, görkəmli rəssamın yaradıcılıq fəaliyyəti, əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara və mükafatlara layiq görülüb. Rəssamın dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərində, yerli və xarici kolleksiyalarda saxlanılır.

V.Əliyev Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edib, daim axtarışda olan rəssama can sağlığı və uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, öz zəhməti və sənəti ilə insanların hörmətini qazanan Arif Hüseynov əsl rəssam həyatı yaşayıb. Görkəmli incəsənət xadimlərinin, onların əsərlərinin xalqa çatdırılmasında və tanıdılmasında Arif müəllimin böyük əməyi olub. Əsasən uşaq və gənclərlə işləyən rəssam daim onlarda bu sənətə məhəbbət hisslərini aşılayır. Əsərlərində milli-mənəvi dəyərlərimizi peşəkarlıqla göstərən sənətkarın bu istiqamətdə folklora, adət-ənənəyə, maddi mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar.

Arif Hüseynovu böyük rəssam adlandıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onun sadiq dost, gözəl müəllim kimi yüksək mənəvi keyfiyyətlərindən, zəngin yaradıcılığından, Azərbaycan incəsənətində özünəməxsus yerindən söz açıb. Qeyd edilib ki, gözəl illüstrasiyaların müəllifi Arif Hüseynovun əsərləri dünyanın müxtəlif muzeylərini bəzəyir. Rəssamın yaratdığı illüstrasiyalar müxtəlif kitablara, nağıllara, dəyərli klassiklərin əsərlərinə yeni nəfəs verib. Vurğulanıb ki, müəllim kimi də fəaliyyət göstərən Arif Hüseynov gənc rəssamların yetişməsində əlindən gələni əsirgəməyib, bu sahədə onun böyük əməyi olub. Arif müəllimin əsərlərində hər zaman doğma Vətənə, yurda sevgi hissinin tərənnümü yüksək səviyyədə olub.

Digər çıxış edənlər sənətkarın yaradıcılığından, ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıblar. Bildirilib ki, Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir. Onun M.Ə.Sabirə müraciəti rəssamın yaradıcılığının ən yüksək pilləsi hesab olunur. “Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərində rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir. Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən Arif Hüseynov bununla bir ilkə imza atıb.

Qeyd edilib ki, o, həmçinin uşaqlarla işləməkdən zövq alır. Sənətkarın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov özündə ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu sərgiləyə bilib.

Tədbirdə Arif Hüseynov sərginin iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də ADRA və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !