Argentinada TÜRKSOY-un yaradılmasının 25 illik yubileyi münasibətilə konsert keçirilib - (+FOTOLAR)

Argentinada TÜRKSOY-un yaradılmasının 25 illik yubileyi münasibətilə konsert keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Buenos Ayres şəhərinin ən nüfuzlu və prestijli tədbir məkanlarından olan Kirçner Mədəniyyət Mərkəzində TÜRKSOY-un dəstəyi, Azərbaycan, Qazaxıstan və Türkiyə Səfirliklərinin təşkilatçılığı ilə TÜRKSOY-un 25 illik yubileyi münasibətilə “Səslər və nəğmələr: Türk mədəni irsi Argentinada” adlı konsert proqramı və foto-sərgi keçirilib.
Tədbirdə Argentinada akkreditə olunmuş diplomatik korpusun, Argentina Milli Konqresinin nümayəndələri, Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin rəsmi şəxsləri və yerli auditoriya iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən Media və İctimai Məsələlər üzrə Argentina Federal Sisteminin direktoru Qustavo Mozzi mədəniyyətin xalqlararası təmasların gücləndirilməsində önəmli rolundan bəhs edərək, zəngin türk mədəni irsinin Argentinada təqdim olunmasının əlamətdar hadisə olduğunu qeyd edib.
Daha sonra çıxış edən səfir Rəşad Aslanov 2018-ci ilin TÜRKSOY-un 25 illik yubileyi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə də əlamətdar olduğunu və türk dünyasının bir üzvü kimi türk xalqlarının ortaq mədəniyyətinin təşviqində Azərbaycanın da yaxından iştirak etdiyini deyib.
TÜRKSOY-un təmsilçisi Elçin Qafarlı çıxışında təşkilatın tarixi və fəaliyyət istiqamətləri barəsində məlumat verib və türk xalqlarının zəngin ortaq keçmişi, tarixi və mədəniyyətinin tərənnümü olan konsert və foto-sərginin Argentina ictimaiyyəti arasında müsbət təəssüratlar oyadacağına ümidvar olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan (Muğam üçlüyü-Nigar Şabanova, Sahib Paşazadə, Toğrul Əsədullayev), Qazaxıstan (Akerke Tazibayeva, Zinat Kassimova) və Türkiyə (Bakır Karadağlı) sənətçilərinin ifasında musiqi nümunələri tamaşaçılara təqdim olunub. Azərbaycan musiqiçilərinin ifasında “Mənim Azərbaycanım”, “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Sən gəlməz oldun” mahnıları və “Şahnaz” muğamı səsləndirilib. Həmçinin, konsertdə məşhur argentinalı bəstəkar Astor Piazzollanın “Adios Nonino” əsəri tarda ifa ilə tamaşaçılara təqdim edilib. Konsert sənətçilərin birgə ifa etdiyi “Qardaşlıq türküsü” ilə yekunlaşıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !