AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib - (+FOTOLAR)

AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Öncə akademik Akif Əlizadə Prezident İlham Əliyevin 13 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunan AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevə ordenini təqdim edib.

Sonra iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" mövzusunda məruzəsi dinlənilib. Müzakirədən sonra qəbul olunan qərara əsasən innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunub. Qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması da yer alır.

Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı olub. Akademik Akif Əlizadə hesabatların işlənməsi üçün metodiki təlimatın hazırlandığını vurğulayaraq, hesabatların müəyyən olunmuş formalarda Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə təqdim etməyi tapşırıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli istifadə edilməsi haqqında olub. Rəyasət Heyəti məsələ ilə bağlı müzakirə aparıb. AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması məqsədəuyğun hesab edilib. Bununla bağlı təkliflərə baxılması üçün komissiya yaradılıb.

Digər qərarla AMEA Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv Saziş təsdiq edilib.

İclasda həmçinin AMEA əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətin tərkib hissəsi olaraq onların istirahətinin səmərəli təşkili üçün binalardan effektiv istifadə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Rəyasət Heyəti AMEA-nın magistrant və doktorantlarının tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi və bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə də tapşırıq verib.

Bundan əlavə, qərarla AMEA-nın Neft və Qaz, Torpaqşünaslıq və Aqrokimya institutlarının strukturunda qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.

Rəyasət Heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması məsələsini müzakirə edərək təsdiq edib.

Sonda kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba bölgə təcrübə bazasının direktoru təyin edilib. Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinə də müvafiq kadrlar təyin olunub. Mərkəzin rəhbərinin vəzifə səlahiyyətlərinin icrası AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə həvalə edilib.

 

***

 

Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlara dair məruzə dinlənilib

Oktyabrın 3-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının birgə iclasında BDU-nun rektoru, akademik Abel Məhərrəmov "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" mövzusunda elmi məruzə ilə çıxış edib.

Akademik bildirib ki, hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqatlar aparılır. Superparamaqnit xassəli və maqnit müqavimətinə malik maqnit nanokompozit strukturların alındığını deyən məruzəçi onların quruluşunun tədqiq edildiyini və quruluş xassə arasında əlaqələrin müəyyənləşdirildiyini bildirib. Alınmış maqnit xassələrə malik nanokompozitlərin texnikanın ayrı-ayrı sahələrində tətbiq imkanları araşdırılıb, onların bəziləri respublikanın müxtəlif sənaye obyektlərində tətbiq olunub.

Natiq vurğulayıb ki, nanohissəciklərin canlı sistemlərə, əsasən bitkilərə, onların həyat qabiliyyətinə təsiri ilə bağlı aparılan tədqiqatlar zamanı bitki hüceyrələrinin membranından nanohissəciklərin hüceyrənin daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına təsir mexanizmi tədqiq edilib: "Ölçüləri 3-5 nm olan dəmir oksidi nanohissəcikləri mitselalarda alınıb və stabilləşdirilib. Nanohissəciklərin səthinə şiş hüceyrələrinin inkişafına təsir edən dərman maddəsi yerləşdirilib, onlar in-vitro tədqiq olunub. Müəyyən edilib ki, dərman maddələri digər hüceyrələri zədələmədən xəstə hüceyrələrə maqnit nanohissəciklər vasitəsi ilə daşına bilər".

Abel Məhərrəmov diqqətə çatdırıb ki, laylararası mühitdə qazəmələgəlməni və aktivləşmə proseslərini daha da gücləndirmək məqsədi ilə laborator şəraitində nanodispers metal tozları alınaraq, uzun müddət istismar olunmuş neft quyularında təsiri öyrənilib. Lay sularının işlənilməsi zamanı qaz ayrılmanın intensivliyinin və bu sistemdə təzyiqin, eləcə də mühitin turşuluğunun artdığı müəyyən edilib. Təzyiqin artması sistemə nanohissəciklərin daxil edilməsi nəticəsində baş verir və uzun müddət istismar edilmiş quyularda neft hasilatını artırır.

Şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji effektlərinin araşdırılması və bitkilərdə duzadavamlılığın artırılmasına imkan verən tədqiqatların aparıldığını söyləyən BDU-nun rektoru vurğulayıb ki, bitkilərin toxumları metal əsaslı nanohissəciklər ilə işləndikdən sonra duzluluğu müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyətinin normal inkişaf etdiyi müəyyən olub.

Akademik AMEA-nın elmi müəssisələrində də nano və nanobio texnologiyalar sahəsində tədqiqatların beynəlxalq səviyyədə aparıldığını, ən qabaqcıl istiqamətlərin effektiv inkişaf etdirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, ölkəmizin neft-qaz sənayesi, tibb və ekologiya sahələrinin tələbatı üçün nanokarbon, nanokompozit və çoxfunksiyalı naziktəbəqəli nanoölçülü strukturlar əsasında bir sıra cihaz və qurğular, o cümlədən elektromaqnit şüalanma mənbələri və çevriciləri də yaradılır.

Məruzə dinlənildikdən sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev və İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, akademik Vasif Babazadə və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Müzakirədən sonra Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən akademik Abel Məhərrəmovun təqdim etdiyi məruzə bəyənilib və innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunub. Həmçinin, qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması yer alıb. 

 

                                                                                ***

 

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək

 

AMEA Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin elmi şurasının 3 oktyabr tarixli birgə iclasında akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nın magistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb.

İclasda akademiyada təhsil alan magistrant və doktorantlarının sosial problemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !