Rafael Hüseyn: - KÖHNƏ DOSTLA TƏZƏ GÖRÜŞ (+FOTOLAR)

Rafael Hüseyn: KÖHNƏ DOSTLA TƏZƏ GÖRÜŞ (+FOTOLAR)

Mən Tbilisidən, Avropa Şurasının komitə iclasından sentyabrın 26-da qayıtdım.
27-si axşamı köhnə dost Ramiz Abutalıbov zəng vurdu ki, Bakıdayam.
Həmin gün səhər saatlarında Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dəstəyi ilə "Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlamışdı.
Ramiz müəllim də maraqlı bir mövzu ilə çıxış etməliymiş.
Di gəl, gündəlik elə sıx, nəzərdə tutulan çıxışlar o qədər çox, vaxt da elə dar imiş ki, 2 gün sürən konfransda bir çox başqaları kimi Ramiz müəllimə də məruzəsini təqdim etməyə zaman çatmayıb. Amma vəd ediblər ki, konfransa qatılanların hamısının, o sıradan Ramiz müəllimin də məqaləsi dərc ediləcək.
Sentyabrın 29-da Ramiz müəllim Nizami muzeyinə gəldi, görüşdük, keşmişləri xatırladıq, görəcəyimiz işlərdən, niyyətlərimizdən danışdıq.
Noyabr ayında bizim də muzeydə beynəlxalq konfransımız olacaq. Ramiz müəllim də dəvətlidir və həmin yığıncaqda ona söz çatacağına qətiyyən şübhə ola bilməz. Həmişəki kimi Ramiz müəllim əlidolu gəlmişdi, mənə 2 kitab bağışladı, Əlimərdan bəy Topçubaşının Paris arxivinə həsr olunmuş və Moskvadan poçtla yola saldığı 4-cü cildi isə 1-2 günə dostların gətirib mənə çatdıracağını söylədi.
Amma mənim də Ramiz müəllimə kitab hədiyyəm vardı.
2003-cü ildə muzeydə məşhur “Diplomat” romanının müəllifi Ceyms Oldricin 85 illiyinə həsr olunmuş konfrans keçirmişdik, konfrans adından yazıçıya təbrik məktubu da yollamışdıq.
O vaxt Ramiz müəllim hələ Xarici İşlər Nazirliyində çalışırdı. O da həmin konfransa qatılmışdı və maraqlı çıxış etmiş, dəyərli təkliflər irəli sürülmüşdü.
15 il ötüb, artıq Ceyms Oldric həyatda yoxdur, amma xatirəsi anılır və il sonunda muzeydə Azərbaycana həmişə xüsusi məhəbbət bəsləmiş görkəmli yazıçının 100 illiyini qeyd edəcəyik.
Həmin tədbirdə professor Şahin Xəllilinin hazırladığı, mənim elmi redaktoru olduğum və önsöz yazdığım, tərtibinə də bacardığım köməyi əsirgəmədiyim “Ceyms Oldric və Azərbaycan” adlı təzə kitabın təqdimatını da keçirəcəyik.
15 il öncəki həmin konfransımızın videoyazısını arxivimizdən götürmüşdüm, oradan kadrlar seçmişdim və konfransdakı çıxışların stenoqramından parçalarla həmin fotoları da bu yeni kitaba artırmışdıq.
Təbii ki, Ramiz müəllimi də.
Kitabı verdim, sevindi.
“Tamam unutmuşdum”, – dedi.
Əlavə də etdi ki, bax fakt, tarix budur, heç nə itmir.
Ancaq kitabdakı şəklinə baxaraq: “Bir qədər yaşlanmışam”, – dedi.
Mən də qayıtdım ki, onu bilmirəm, amma Bakıya bir neçə ay əvvəlki gəlişinizə nisbətən, maşallah, daha gümrahsınız, bir qədər də cavanlaşmısınız. Bu gedişlə noyabrda gələndə indikindən də cavan olacaqsınız.
Gülüşdük.
Lakin zarafat eləmirdim, həqiqəti deyirdim və arzulayıram ki, əziz Ramiz müəllim hələ görə biləcəyi çoxlu faydalı işlərini yerinə yetirmək, hələ gerçəkləşdirə biləcəyi çoxlu millətəxeyir niyyətlərini həyata keçirməkçün bundan sonra neçə-neçə ömür illərini sağlam, əli qələmli, ürəyi həvəslə, şövqlə dolu yaşasın!

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !