Torpaqşünasların Xəzərsahili düzənliklərə ekspedisiyası... - (+FOTOLAR)

Torpaqşünasların Xəzərsahili düzənliklərə ekspedisiyası... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin bir qrup əməkdaşı şöbə müdiri, a.ü.f.d, dos. İ.Ə.Quliyevin rəhbərliyi ilə Sumqayıtçayın mənsəbindən Samurçayın mənsəbinə qədər Xəzərsahili düzənliklərdə çöl ekspedisiyasında olmuşlar.
Əsas məqsəd son bir əsrdə sahil torpaqlarına təbii amillərin, o cümlədən Xəzərin təsiri nəzərə alınmaqla, insanın təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərinin torpaq örtüyünə təsirinin qiymətləndirilməsi olmuşdur.
Ekspedisiya zamanı torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilmişdir.
Tədqiqat boz-qonur, çəmən-boz, çəmən-qəhvəyi, allüvial çəmən-meşə torpaq tiplərində aparılmışdır. Xarakterik yerlərdə torpaq kəsimləri qoyulmuş, torpaqların genetik qatları üzrə torpaq nümunələri götürülmüş, dərinliyə doğru torpaqların temperaturu, hiqroskopik nəmlik, maksimum hiqroskopik nəmlik və torpağın digər fiziki xassələri öyrənilmişdir.
Hazırda aparılan tədqiqat nəticəsində intensiv səhralaşma prosesinə məruz qalmış torpaqların yenidən bərpa olunması və səmərəli istifadəsi ilə bağlı elmi təkliflər işlənib hazırlanır.
Torpaqların deqradasiya və transformasiya istiqamətlərini dəqiq müəyyənləşdirmək üçün təbii bitki örtüyünün müasir vəziyyəti və deqradasiya istiqamətləri öyrənilmiş və bunun nəticəsi olaraq bitki qruplaşmalarının irimiqyaslı xəritəsi tərtib edilmişdir.
Tədqiqat ərazisinin torpaq örtüyünün transformasiyasında coğrafi amillərdən asılı olaraq meridional və paralel istiqamətlərdə baş verən dəyişikliklərin qanunauyğunluqları da müəyyən edilmişdir.
Tədqiqat rayonunda takırabənzər torpaqlar xeyli ərazini əhatə edir. Hazırda bu torpaqların Gilan Holdinq tərəfindən kənd təsərrüfatı məqsədi üçün istifadəsi həyata keçirilir. İki ildir ki, şöbə əməkdaşları şirkətlə birgə həmin torpaqların daha düzgün və səmərəli istifadəsi istiqamətlərində fəaliyyət göstərirlər.
Birgə tədqiqatın nəticəsi olaraq, bu torpaqlarda taxılın məhsuldarlığı hər hektardan 22-24 sentnerə çatdırılmışdır. Gələcəkdə praktik olaraq bu istiqamətdə müxtəlif təcrübələrin aparılması nəzərdə tutulur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !