X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə konsert keçirilib - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə konsert keçirilib +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayon
Y.Məmmədov adına Mədəniyyət Mərkəzində F. Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət və incəsənət
xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, böyük bəstəkarın
musiqisinin pərəstişkarlarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himni ilə
başlayıb. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə
Mustafayeva və Ansamblın bədii rəhbəri Xalq Artisti Ağaverdi Paşayev çıxış
edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli
yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən,
dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, dünya musiqi
xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin
banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə
operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb,
dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəyli həmçinin
felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai
işlərdə fəal çalışıb.
Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi
qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə -
bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın
18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan
xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il
100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-
mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Qeyd olunub ki, 2009-cu ildən etibarən Azərbaycanda hər il keçirilən və
dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr
olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festivalın
konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edirlər. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi
Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.

Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblı, həmçinin “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları dahi
bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər.
Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Fotomüxbir Mais Amin AZpress.AZ 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !