Pənah Rüstəm: - QARA GÖZLƏRİN NAĞILI (Bir mahnının sirri) (+VİDEO)

Pənah Rüstəm: QARA GÖZLƏRİN NAĞILI (Bir mahnının sirri) (+VİDEO)

... “Biri vardı, biri yoxdu” - belə başlayır adətən nağllar. Onların möcüzəli, həm də xəyali ömrü var. Taleyi qəribə olur - maraqlı, yaddaqalan. Belə hadisə mənim də bəxtimə yazılmışdı. Sevimli oxucularımla onu bölüşmək istədim.

Deyirlər söz vaxtına çəkər. 1993-cü ilin son baharı idi. Xoşbəxt dövrümü yaşayırdım - “Bakı” - ”Баку” axşam qəzetində çalışırdım. Əlbəttə, yeni mövzular axtarışındaydım. Elə bu vaxt radiodan həmkarım zəng etdi və xaricdən yeni dönən bəstəkarla görüşməyi təklif etdi: “Müsahibə alarsan, oxuculara da maraqlı olar”. Bir də əlavə etdi:”Şerlərini də götür, bəlkə nəsə alınar”.

Dərhal maestroyla əlaqə saxladım və müsahibə gününü təyin etdim. Bəstəkar da kim olsa yaxşıdır? Sevdiyim mahnıların müəllifi - Eldar Mansurov. Türkiyədən yeni qayıtmışdı. Əlbəttə, söhbət yaradıcılıq məsələləri, gələcək planlardan getdi. Artıq suallarıma ətraflı cavab almışdım. Sağollaşmaq vaxtı idi. Bir neçə şerimi maestroya təqdim etdim: “Bunlara da baxın, bəlkə gərək oldu”.

Redaksiyaya qayıtdım, yazını hazırladım. Redaktor sabahkı nömrəyə qoydu, oxucular müsahibəni maraqla qarşıladı. Gündəlik qəzetdə çalışanlar bilir ki, bu iş rejimi operativliyi sevir, yəni dəlixanadır. Günüm qaçaqaçda keçirdi, səhər tezdən kabinetə girib axşama yaxın evə yorğun gəlirsən. Vaxtın necə keçdiyindən xəbərin olmayır.

Təbii ki, maestroya təqdim etdiyim şerlərin taleyindən xəbərim yox idi. Və bu minvalla bir neçə ay keçdi. O vaxt mobil telefon yox idi - əlaqəni ev nömrəsiylə saxlayırdıq. Ad günüm Yeni ilin ilk günündə olduğundan, yanvarın 2-də bəstəkar məni təbrik etdi və dedi: “Sabah gəl mahnını apar”.

Tarixi duet

Bu gözlənilməz xəbərdən yaxşı mənada şaşırdım. Bir sual çox maraqlandırdı: “O hansı sətirlərdı ki, gözəl melodiyalar müəlifinin qəlbinə yol tapdı?”. Biləndə ki, söhbət “Bir daha”dan gedir, təəccübləndim. Axı, onu heç də uğurlu saymırdım. Amma musiqiçi qəlbi bu misralarda incə lirikanı duydu.

Ifaçıların seçimi də maraqlı oldu - Faiq Ağayev və Flora Kərimova. Hər iki sənətkarın ifası sadəcə möhtəşəm idi.
Mahnı ilk dəfə 1995-ci ildə AzTv-də, Novruz bayramına həsr olunmuş “Mavi işıqda” səsləndi. Bu premyeradan bir qədər sonra duetin remiksi hazır oldu. Aygün Kazımova - Samir Bağırovun ifası mahnıya dinamika və yeni rəng qatdı.

Kimdir qəhrəman?

Hamını, və əsasən xanımları, maraqlandırır - şer kimə yazılıb? Bu misralar 1983-cü ildə qələmə alınıb. O vaxt bəndeyi həqiriniz Bakı şəhər kitabsevərlər cəmiyyətinin sədri idi.

Kollektiv qadınlardan ibarət idi - gənc, gözəl qızlarla çalışırdıq.
Özüm də cavan idim. Həm də rayon təşkilatlarının birinin sədri xoşuma gəlirdi Xanımın qara gözləri qəlbimi ovsunladı. Əlbəttə, bu işdə sevgi macərası deyil, sadəcə istək idi. Şer də məhz ona ünvanlanıb.

Həm də bu əsl sevginin, musiqi dilində desək, prelüdiyası idi. O dərin və səmimi hisslər sonra yarandı və bu günə kimi ürəyimə hakim kəsilib.

Illər sonra

Bu şəkil qəzetçi olduğum vaxta təsadüf edir. Jurnalistlər adətən səfirliklərin tədbirlərini çox sevir. Axı, orada qonaqlar arasında maraqlı müsahiblər olur.

Elə bu kadr da İraqın müstəqillik gününə həsr olunmuş ziyafətdə çəkilib. Dostum Şahin incə məqamı obyektivin yaddaşına köçürüb. Məşhur müğənniylə ifa edəcəyi yeni mahnılardan dnışırıq.

“Bir daha” mahnısı neçə il öncə sənətdə vətəndaşlıq pasportu alıb. Və onun yaranmasının səbəbkarı olan xanımın gözləri bir nağıl yazdı - sevgi adlı...

Dörd xalq artistinin əməyi var bu mahnıda! Üç müğənni: Faiq Ağayev, Flora Kərimova, Aygün Kazımova. Və bəstəçi - Eldar Mansurov...

P.S. Adı çəkilən duet maestro Eldar Mansurovla ilk işimdir. Və ayağı düşərli oldu - sonralar onlarla mahnı işlədik. Əsasən hazır musiqiyə söz, yəni mətn müəllifi statusunu daşıyıram.

Son zamanlara kimi birgə işimiz davam etdi. Axırıncı mahnımız “Bakının cazmenləri” oldu. Təbii ki, Cavan Zeynallının ifasında...

Təssüfki, xəstəliyimlə bağlı mahnı yaradıcılığına ara verdim. Amma hələ xeyli nəğmə ifaçısını gözləyir. İnşallah...

Foto - Şahin Abasəliyev. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !