AMEA Mərkəzi Elmi Kitabxanasında elmi seminar keçirilib - (+FOTOLAR)

AMEA Mərkəzi Elmi Kitabxanasında elmi seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sentyabrın 20-də AMEA Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminarı keçirilib. Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, KİV nümayəndələri iştirak ediblər.

Seminarı AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri açaraq S.Qarayevin son dövrlərdəki araşdırmalarından söz açıb. Bildirib ki, o, dünya folklorşünaslığının inkişaf tendensiyaları ilə bağlı orijinal, elmi müzakirələrə səbəb olan mühüm tədqiqatlar ortaya qoyub, əsərlər yazıb. Məruzənin olduqca aktual olduğunu deyən S.Xavəri seminarın mövzusu ilə bağlı tezislərin beynəlxalq miqyasda ABŞ alimləri ilə müzakirə edilərək hazırlandığını diqqətə çatdırıb.

Sonra S.Qarayevin elmi məruzəsi dinlənilib. Bildirib ki, folklorda məna konsepti son illər dünya folklorşünaslığının aktual elmi istiqamətlərindən birini təşkil edir: “Nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daima dəyişən “məna konsepti”nin bu və ya digər aspektləri Alan Dandes, Elliot Orinq, Saymon Bronner, Benqt Holbek, Lats Röhrik kimi tanınmış tədqiqatçılar tərəfindən araşdırılıb. Dünya folklorşünaslığının ümumi inkişaf tendensiyalarına uyğun olaraq müasir mərhələdə Azərbaycan folklorşünaslığında da bu problemin aktuallaşdırılması zəruridir. Folklorşünas alimlərin tədqiq etdikləri müxtəlif elmi problemlərin bu və ya digər aspektlərinin daha dərindən anlaşılması üçün “məna konsepti” xüsusi əhəmiyyətə malikdir. Çünki kollektiv ünsiyyət prosesində folklor faktının sosial qrup və fərdi maraqlarla uzlaşması onun özündə ehtiva etdiyi çevik məna dinamikası ilə bilavasitə əlaqədardır”.

S.Qarayev folklorda “məna” anlayışına üç aspektdən baxmağın mümkün olduğunu bildirib: mədəniyyətin özündə məna konsepti, fəlsəfi-psixoloji yanaşma kontekstində məna konsepti, tədqiqatçıların aşkarlama və yaxud şərhlər əsasında müəyyənləşdirdiyi məna konsepti. Tədqiqatçıların folklor faktında “məna axtarışı” zamanı özünü göstərən məntiq fərqlərini də diqqətə çatdırıb. Strukturalist və psixoanalitik folklorşünasların məna axtarışı konseptini diqqət mərkəzinə gətirən tədqiqatçı vurğulayıb ki, bu nəzəri yanaşmalar müstəvisində folklor faktının mənası onun yaranmasına və aktuallaşmasına təsir edən faktorlar kontekstində dəyərləndirilir. Bu istiqamətdə olan tədqiqatlarda məna folklorik faktı yaradan psixoloji, sosioloji və kulturoloji səbəblərin, “söyləyici və sosial mühitə bəlli olmayan kontekstin” aşkarlanması şəklində anlaşılır. Əsasən 70-ci illərdən sonra meydana gələn postsrukturalizmin məna axtarışı məntiqinə diqqət yetirən müəllif qeyd edib ki, bu araşdırmalarda mənalar daha çox şərhlər formasında müəyyənləşdirilir. Bu yanaşmalarda folklor prosesləri bir-birindən fərqli, bəzən də bir-birinə zidd şəkildə şərh olunur. Bu baxışın nümayəndələri sahədə anlaşılmayan mənaların folklorşünaslar tərəfindən "aşkarlanmasını" məqbul hesab etmirdilər.

Daha sonra S.Qarayev bildirib ki, fərqli məktəblərə aid olan tədqiqatçılar əsasən 4 yanaşma üsulundan istifadə etməklə folklor faktının mənasını müəyyənləşdirməyə çalışıblar: Birinci qrup tarixi inkişafın və orijinal formanın rekonstruksiyası ilə mətndən məna çıxarmaq istəyən alimlər qrupunu əhatə edir. İkinci qrupa mətn söyləyicisi və auditoriyanın sosial və mədəni vəziyyətindən məna çıxarmağa çalışan şərhçilər aiddir. Üçüncü qrup folklor faktındakı mənanı düşüncənin tədqiqi ilə əldə etmək istəyən şərhçiləri əhatə edir. Dördüncü qrupa isə mənanı təhkiyə, yaxud konseptual strukturdan əldə etməyə çalışan şərhçilər aiddir.

Folklor faktlarının mənasının öyrənilməsində etik və emik yanaşmaların spesifik mahiyyətinə toxunan məruzəçi bildirib ki, etik yanaşma mənaların tədqiqatçı və müşahidəçilərin baxışları kontekstində öyrənilməsini əhatə edir. Bu zaman mədəni faktlar elmi müstəviyə aid olan terminlər və müşahidəçinin nəzəri görüşləri əsasında təhlilə cəlb olunur.

Emik yanaşma isə mənaların onun öz “aktyorları”nın baxış və yanaşmaları kontekstində öyrənilməsidir. Son dövrlər antropologiya və folklorşünaslıq sahəsindəki tədqiqatlardan belə bir qənaət hasil olur ki, elmi araşdırmaların daha effektiv aparılması məhz bu iki yanaşma arasındakı balansın qorunması sayəsində mümkündür.

Daha sonra seminarist “mədəniyyətin güzgüsü”, “cəmiyyətin gözü” “davranışların açarı”, “düşüncənin proyeksiyası” kimi çoxparametrli xüsusiyyətə malik olan folklorik mənanın anlaşılması üçün onu şərtləndirən faktorların sistematik dəyərləndirilməsinin vacibliyini diqqət mərkəzinə gətirib. Folklordakı mənaların fərdi faktorlardan, qrup maraqlarından, mövqe statusundan və performans kontekstindən asılılığına diqqət yönəldən tədqiqatçı, eyni bir folklor faktının tarixi zamanla, o cümlədən fərqli sosial qrupların maraqları ilə şərtləndiyini vurğulayıb.

Qeyd edilənlərə əyani nümunə olaraq məruzəçi Avropada çox geniş yayılan və fərqli yanaşmalar kontekstində tədqiqata cəlb olunan “Usta Manola haqqında“ əfsanəyə diqqəti yönəldib. Məruzəçi bildirib ki, əfsanə Avropada millətçi baxışlar, ritualist yanaşmalar və metaforik-psixoloji oxunuşlar əsasında daim diqqət mərkəzində saxlanılıb. Avropanın müxtəlif xalqlarında rast gəlinməsinə baxmayaraq, hər bir millətçi folklorşünas onu öz regionu ilə əlaqələndirməyə çalışıb. Ritualistlər isə əfsanədəki insan qurban vermə aktının aktual mədəni hadisə olub-olmamasına diqqət yetirmədən onu “tikililərə insan qurban vermə“ kimi şərh etmişlər. Məruzəçi Alan Dundesin fikirləri əsasında bildirib ki, ritualist yanaşmalar mətnin bəzi faktlarının semantikasını izah etmək gücündə deyil. Metaforik oxunuş isə mətnin bütün variantlarına cavab verməklə yanaşı, sözügedən əfsanə mətninin sosial-mədəni mühitdəki komplekslərin simvolik ifadəsini aşkarlayır.

Daha sonra S.Qarayev sosial-mədəni kontekstin nəzərə alınması şərtilə metaforik-simvolik oxunuş əsasında mənanın aşkarlanmasına nümunə kimi, Azərbaycan ərazisində geniş yayılmış “Yeddi qardaş ilan” haqqında inanc və əfsanə mətnlərini diqqət mərkəzinə gətirib. Məruzəçi bildirib ki, sosial-mədəni davranış və münasibətlərin analizindən aydın olur ki, ilanlarla bağlı mətndə söhbət cəmiyyətin özündə “qardaşın öz qardaşının qisasını almaq məcburiyyətində olması” ilə bağlı dünyagörüşün simvolik ifadəsindən gedir. Müəllif bildirib ki, elmi-nəzəri yanaşmalar kontekstində “məna” ənənəvi mədəniyyəti dərk etmək üsulunu təcəssüm etdirirsə, mədəniyyətin özündə bu, folklorun mövcudluq şərti kimi anlaşılmalıdır.

Sonda Səfa Qarayev folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında geniş müzakirə aparılıb.

Mövzu ətrafında AMEA Rəyasət Heyətinin elmi katibi Hikmət Quliyev, filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !