Nəyə görə Boris Ptaşko "Katyuşa"nı oxumaqdan imtina etdi? - (+FOTOLAR)

Nəyə görə Boris Ptaşko "Katyuşa"nı oxumaqdan imtina etdi? (+FOTOLAR)

Nəyə görə bakılı Boris Ptaşko müharibə veteranı olan dostunun yubileyində 1941-45-ci illərin məşhur mahnısı "Katyuşa"nı oxumaqdan imtina etdi?

Bir müddət əvvəl Sumqayıt kimyaçıları və şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycan kimya sənayesinin patriarxı Yuri Vladimiroviç Yermakovun 95 illik yubileyini qeyd etmişlər. Respublikamızın Əməkdar səmərələşdiricisi, keçmiş SSRİ-nin Əlaçı ixtiraçısı, fərdi Prezident təqaüdçüsü, həm də müharibə və əmək veteranı olan bu hörmətli adamı yubileyi münasibətilə təbrik etmək üçün nəinki Bakı və Sumqayıtdan, hətta uzaq İsraildən də dostları və qohumları təşrif buyurmuşdular.
Təbriklərdən, yubilyara deyilən xoş sözlərdən, Azərbaycan və rus musiqisinin sədaları altında rəqslərdən sonra kimsə Yuri Vladimiroviçin müharibə veteranı olduğunu nəzərə alaraq, 1941-45-ci illərin ən məşhur, populyar mahnısı olan "Katyuşa"nı oxumağı təklif etdikdə və hamı o mahnının melodiyasına köklənərək oxumaq istərkən məclisin ən fəal, şən iştirakçısı olan Boris Yakovleviç gözlənilmədən barmaqları ilə stola melodik tərzdə döyəcləyərək, gözəl bir səslə və xüsusi şövqlə, həvəslə oxumağa başladı:

Qol çırmayıb sən tarlaya çıxanda
Səs yayılır hər mahala, Sürəyya!
Ağ pambığı becərəndə-yığanda
Gəlməyəsən heç zavala, Sürəyya!..
Əməyin azad, diləyin azad, ay ellər qızı,
Bu şən ölkəmin bəxtəvər qızı!

Məclisin digər iştirakçıları da gülə-gülə onun səsinə səs verərək, xorla oxumağa başladılar: "Qol çırmayıb sən tarlaya çıxanda..."
Azərbaycanın yetirməsi olan, bir-neçə il əvvəl qızının israrlı dəvəti ilə İsrailə köçmüş Boris Yakovleviçdən soruşanda ki, "axı, nə səbəbə veteran üçün "Katyuşa"nı yox, "Sürəyya"nı oxudunuz?", tərtəmiz Azərbaycan dilində ikibaşlı şəkildə cavab verdi ki:
- Azərbaycanlı Sürəyyanın rus Katyuşadan nəyi əskikdir ki? Həm də axı, hər iki mahnının melodiyası, musiqi tempi də bir-birinə çox yaxındır, uyğundur. Və, düzü, bu, ekspromt olaraq, birdən-birə belə alındı...
Boris Ptaşkoya Azərbaycana, onun musiqisinə olan sevgisinə görə minnətdarlığımı bildirib, yalnız onu öyrənə bildim ki, o, əsli-kökü ilə bakılıdr, vaxtilə Bakı Konservatoriyasını bitirib, lakin öz ixtisası üzrə çox az işləyə bilib, sonralar müxtəlif məsul vəzifələrdə çalışıb. Son iş yeri isə Bakı meriyası olub. Boris Yakovleviç orda meriya şöbələrindən birinə rəhbərlik edib, lakin hər zaman qəlbən musiqiçi olub. Və, özünün də etiraf etdiyinə görə, gözəl, əfsanəvi Bakı mühitində böyüyən bir oğlanın "Katyuşa"nı yox, "Sürəyya"nı oxuması tamamilə təbiidir.
Dostlarının dediyinə görə, hazırda Boris Ptaşko İsraildə yaşasa da, Bakı, Azərbaycan üçün çox darıxır və imkan düşdükcə Bakıya gəlməyə can atır, dostları və yaxınları ilə birgə doğma paytaxtın küçə və meydanlarını, sahil parkını gəzməyi çox xoşlayır, dəniz kənarındakı çayxanaların birində oturub mavi Xəzəri seyr etməkdən, qayıqla onun qoynunda üzüb-dolanmaqdan doymur.
Sonda üzümü Boris Yakovleviçə tutub demək istərdim:
- Çox sağ olun, var olun, Boris kişi! - Azərbaycana, onun musiqisinə, mədəniyyətinə olan böyük, sonsuz sevginizə, məhəbbətinizə görə!


Rəhman ORXAN.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !