Ağalar İdrisoğlu: - Sazın dilini bilən Dədə Ədalət Nəsibov (+FOTOLAR)

Ağalar İdrisoğlu: Sazın dilini bilən Dədə Ədalət Nəsibov (+FOTOLAR)

Sazın dilini bilən Dədə Ədalət Nəsibov

 

Nəriman Həsənzadə: “İcra Hakimiyyəti başçısı işləməyə getdiyi rayon üçün işıq deməkdir. O, həmin yerə işıq aparmalıdır”.

 

Qazax mahalı tarixlər boyu Azərbaycanın həmişə elm, təhsil, ədəbiyyat, incəsənət beşiklərindən biri olub. Hələ bir vaxtlar Qori Müəllimlər Seminariyasını bitirən çoxlu müəllimlər, elm adamları həmin bölgədə təhsilin, mədəniyyətin inkişafına böyük töhfələr veriblər. Qazax mahalı Azərbaycan ədəbiyyatına Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun və başqa çoxlu məşhur şairlər, yazıçılar bəxş edib. Azərbaycanın əfsanəvi ilk artilleriya generalı Əliağa Şıxlinski, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilov, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev həmin torpağın yetirməsidi. Məşhur Qaçaq Kərəmi bu torpaq yetişdirib. Bu torpaq Azərbaycan elminə, səhiyyəsinə onlarla məşhur insanlar bəxş edib. Azərbaycan aşıq sənətinin neçə-neçə ustad sənətkarları yetişib bu torpaqda. Həmin insanlardan biri də aşıq Dədə Ədalət olub. Aşıq Dədə Ədalət XX əsr Azərbaycan aşıq sənətinin ən böyük dahilərindən, ustad sənətkarlarından biri sayılır. O, sazı çalanda hətta aşıq sənətinə marağı olmayan adam belə məcbur olub ona qulaq asırdı. Çünki aşıq Dədə Ədalət sazı təkcə çalmır, onu yana-yana danışdırırdı. Aşıq Dədə Ədalət kimi mənə elə gəlir ki, XX əsrdə və XXI əsrin əvvəlində sazın dilini bilən, onunla danışan ikinci belə dahi sənətkarımız yox idi. Məhz belə sənətkarımızın qədrini doğulduğu Qazax camaatı da yaxşı bildiyinə görə onun şərəfinə çox möhtəşəm bir heykəl ucaltdı. Sentyabr ayının 15-də Qazaxda onun qəbirüstü abidəsinin açılışı həmin bölgə üçün tarixi bir bayram, hadisə oldu. Tarixi bir günə çevrildi. Onu da vurğulamaq istəyirəm ki, Qazax rayonunda 60-dan çox heykəl, abidə ucaldılıb. Azərbaycanın rayonları arasında ən çox heykəl də məhz Qazax rayonunda qoyulub. Bu heykəllərin, abidələrin əksəriyyəti şəhərin mərkəzində olan Mütəfəkkirlər parkında yerləşir. Tək bu parkda dahi Azərbaycan şairləri Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Səməd Vurğunun, yazıçı Mehdi Hüseynin böyük heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin- ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin, Azərbaycanın xalq yazıçıları İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, akademik Teymur Bünyadovun, görkəmli saz ustadı Dədə Ədalət Nəsibovun heykəlləri, abidələri, barelyefləri yer alıb.
Bəli, sentyabr ayının 15-də saz, söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bir tarixi gün yaşanırdı. Hər kəsin “Dədə Ədalət”- deyə müraciət etdiyi Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun günü kimi yaddaşlara yazılırdı. Dədə Ədalətin sazına, sözünə, şəxsiyyətinə, sənətinin böyüklüyünə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər bu tarixi günə şahidlik etmək üçün həmin gün bir yerə toplaşmışdılar.
Sağlığında belə ölməzliyi qazanan Dədə Ədalətin Ağköynək kənd qəbiristanlığında uyuyan qəbrinin başına toplaşan bu insanlar sanki onunla dərdləşmək, öz mənəvi borclarını qaytarmaq üçün ora gəlmişdilər. Böyük ustadın bir il öncə dəfn günündə yaşanan həmin böyük izdiham bu gün bir daha təkrar olunurdu.
Bu tarixi gün isə Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan, Əməkdar incəsənət xadimi Aşıq Dədə Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılış mərasimində yaşanırdı.
Tədbirdə "Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, Qazax rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri də iştirak edirdi.
Qonaqlardan - Akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Bakı Dövlət Universisteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, eləcə də başqa qonaqlardan- Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel İsaqızı, Vidadi Bayramov, Puşkin Əhmədov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, Varis, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman Abdulkərimov, Akif Əmirov və başqa qonaqlar da Dədə Ədalətin sazının, sözünün qüdrətinə, sevgisinə toplaşmışdılar.
Böyük ustad Dədə Ədalətin ruhuna dua oxunduqdan sonra tədbirə toplaşanlar abidə önünə gül dəstələri qoyub onun əziz xatirəsini böyük ehtiramla yad etdilər. Ürək sözlərini bildirərək böyük ustadın sazı, sözü, sənəti qarşısında baş əydilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Abbas oğlu Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri salamlayaraq bu tarixi tədbirin əhəmiyyətindən danışdı. Natiq sözlərini bu fikirlə tamanmladı:
-Bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. 60 ildən çox Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərən Dədə Ədalət bu gün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Bu gün təkcə böyük ustadın ailəsinə deyil, bütün Azərbaycan xalqına, qazaxlılara, Ədalət sevərlərə başsağlığı verirəm. Yaşasın Dədə Ədalətin ölməz sənəti.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal belə dedi:
-Bu gün dahi şəxsiyyətin, sazı, sözü ilə ürəklərdə özünə taxt qurmuş, xalqın
sevgisini qazanmış Dədə Ədalətin ziyarətinə toplaşmışıq. Bu abidə Ədalət sevərlər üçün təqdim olunan ziyarətgahdır. Ədalət sevərlər üçün böyük bir töhfədir.
Sonra söz “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədova verildi. O, dedi:
-Bu bayram, bu tarixi gün bütün qazaxlılar üçün bir töhfə oldu. Ədalət təkcə sazı ilə deyil, eyni zamanda, insanlığı, şəxsiyyəti ilə xalqın qəlbində yaşayır. Mən Ədalətə qoyulmuş abidəni, saza qoyulmuş abidə kimi qiymətləndirirəm. Ulu öndər Heydər Əliyev dahi şair Səməd Vurğun haqqında deyirdi ki, o, şairlər şairidir. Bu gün isə biz, Dədə Ədalət haqqında böyük fəxrlə deyə bilərik ki, o, aşıqlar aşığıdır. Çünki bundan sonra aşıq sənətinə neçə-neçə aşıqlar gəlsə də Ədalət hər zaman birinci olacaq.
Akademik Teymur Bünyadov isə böyük ustad haqqında fikirlərini bu cür ifadə etdi:
- Mən Ədalətdən söhbət açan zaman Xalq yazıçısı Mirzə İbrahimovun ustad haqqında dediyi sözlər yadıma düşür. “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına çıxa bilərdik”. Bəli, bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan Ədaləti ilə, təkcə onun “Yanıq Kərəmi”si ilə bütün dünyada tanınır. Budur, Azərbaycan xalqının və sözünün böyüklüyü. Qazax rayon rəhbərlərinin gördüyü bu böyük iş, aşıq Ədalətə qoyulan bu abidə görülən bütün işlərin şah əsəri oldu. Buna görə də hamınıza minnətdarlığımı bildirdi.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda Ədalət Nəsibovun anım günü deyil, ziyarətgah günüdür. Məhz bu gün Qazaxda 15 sentyabr Dədə Ədalətin ziyarət günü kimi tarixə düşdü.
Sonra natiq vurğuladı ki, prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərin davamıdır. Bu hadisə həm də Beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. O, Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə təbliğ olunması istqamətində mühüm işlər görülüyünü də qeyd etdi. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz açan Məhərrəm Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verdiyini bildirdi. Bu rayonda aşıq Ələsgər və aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşıldığını bildirdi.
Həmin tədbirdə iştirak edib, orada özünün ürək sözlərini deyən, XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, Xalq şairi, məşhur şair, dramaturq, publisist, “Şöhrət” və “Şərəf” ordenli, Heydər Əliyev mükafatı laureatı, Prezident təqaüdçüsü Nəriman Həsənzadə çıxış edərək öz ürək sözlərini belə bildirib:
-Ədalət haqqında söylənən fikirlərdən bir daha əmin oldum ki, bu gün təkcə Ədalətə deyil, saza, sözə abidə qoyulub. Bir ziyalı kimi saza, sözə verilən qiyməti görəndə xalqımla fəxr etdim. Bu gün qazaxlılar fəxr edə bilərlər ki, Dədə Ədalət xalqı tərəfindən sağlığında dəyər qazandı və tarixə düşdü. Səməd Vurğun sözdə necə öz möhrünü vurdusa, Ədalət də sazda öz möhrünü vurdu və xalqının qəlbində əbədiyaşarlıq qazandı.
Biz, Nəriman müəllimlə həmsöhbət olduq. Aşıq Ədalət, Qazax və Ağstafa rayonlarında görülən işlərlə bağlı onunla söhbət etdik. Nəriman Həsənzadə Ağstafanın Poylu qəsəbəsində doğulsa da o, Poylu kimi Qazaxı da çox sevir. Elə Qazax camaatı da onu çox sevir və onunla nəfəs alırlar.
-Nəriman müəllim bilirəm ki, siz həmişə Qazaxa gedəndə çox ülvi, əziz hissələr yaşayırsınız. Bu hissələri siz zaman-zaman öz şeirlərinizdə, publisist yazılarınızda qələmə alıbsınız. Bəs bu dəfə hansı hissləri keçirirdiniz?
-Əlbəttə, mən hər dəfə Qazaxa, Ağstafaya gedəndə çox kövrək hisslər keçirirəm. Atam, anam dünyalarını dəyişiblər. Atamı bir yaşımda, anamı gənclik illərimdə itirmişəm. Orada mənim qohumlarım yaşayır. Əlbəttə, ora gedəndə hər dəfə onlarla görüşə bilmirəm. Amma mənim vaxtı ilə Poyluda gördüyüm adamların demək olar ki, hamısı dünyalarını dəyişiblər. İndi Poyluya gedəndə elə bilirəm ki, başqa bir yerə gəlmişəm. Çox maraqlıdı. Yaş öz sözünü deyir. Kəsəməndə də mənim qohumlarım çox yaşayıb. İndi orada da onların sayı azalıb. Orada dayım, bibim uşaqları qalıb. Ora gedəndə onlarla görüşürəm. Ağstafaya, Qazaxa tez-tez tədbirlərə gedirəm. Sevinirəm ki, axır vaxtlar Ağstafa, Qazax çox gözəlləşib. Ağstafa rayonunun da, Qazax rayonunun da mərkəzi yaraşıqlı şəhərlər olublar. Sevinirəm ki, artıq mərkəzi şəhərlərlə, rayon mərkəzləri arasındakı fərq çox azalır. Azərbaycan rayonlarının təkcə mərkəzləri yox, qəsəbələri və hətta kəndləri də yaraşıqlı məkanlara çevrilirlər. Bütün bunlar da müstəqqillik illərində əldə olunub. Kəndlərimizin siması dəyişdikcə, bu onların mədəniyyətinə də təsir edir. Kəndlərimizdə ziyalıların sayı da axır vaxtlar artıb. Rayonlarımızda çoxlu ali məktəblər, texnikumlar, kolleclər açılıb. Deməli, ziyalıların sayı durmadan artır. Buna sevinmək lazımdır. Ölkə ziyalılaşdıqca mədəniyyət, düşüncə də dəyişir. Hər dəfə Qazaxda, Ağstafada olanda insanlarla təmasda olduqca görürəm ki, onlarda axır vaxtlar elmə, şeirə, poeziyaya, musiqiyə, incəsənətin başqa növrəlinə maraq həddindən artıq çoxalıb. Bu da müstəqilliyimizin böyük qələbələrindən biridir. Yadıma gəlir ki, Sovet dövründə bir məktəbi təmir edirdilər, ya da bir məktəb tikirdilər, hər gün mətbuat yalnız ondan yazırdı. Amma bu müstəqillik illərimizdə 3500-dən artıq təkcə məktəb tikilib. Bir o qədər də məktəblər əsaslı təmir olunub. Görün bu necə böyük qələbədir. Bu doğrudan da bir əfsanədir. Kimin ağlına gələ bilərdi ki, ikinci dəfə müstəqillik qazandığmız 1991-ci ildən bu yana elə təkcə bu qədər məktəb tikilsin. Ora əgər əlavə etsək səhiyyə ocaqlarını, idman Olimpiya komplekslərini, parkları, yaşayış binalarını, Avropa standartlarına cavab verən yolları, ayrı-ayrı sənaye müsəssisələrini, görün 27 ildə necə nəhəng işlər görmüşük. Dünya səviyyəli idmançılar yetişdirmişik. Olimpiya yarışlarında bizdən əhalisi qat-qat çox olan ölkələri idman sahəsində geridə qoyuruq. Axı bunları danmaq olmaz. Özü də müharibə gedən bir ölkədə bu qədər işlər görülüb. Hələ üstəgəl xaricdə təhsil alıb qayıdan cavanlarımızı da ora əlavə etsək, deməli, Azərbaycan MDB məkanında həqiqətən ən qabaqcıl ölkələrdən biridir. Mən də bir ziyalı kimi bundan fərəhlənirəm. Qürur duyuram. Ağstafada da, Qazaxda da bütün uğurların qazanılmasında orada olan İcra Hakimiyyəti başçılarının əməyini danmaq olmaz. Bütün uğurların əldə olunmasında onların xidmətləri əvəzsizdir.
-Siz çox maraqlı bir mövzuya toxundunuz. Ölkə başçımız da deyir ki, rayonların inkişafı, infrastrukturu ora rəhbərlik edən birincilərdən çox asılıdır.
-Bu fikir həqiqətən də düzdür. Bunu Ağstafanın və Qazaxın timsalında çox aydın görürəm. Mən sentyabr ayının 15-də Qazax rayonunda olmuşam. Bildiyiniz kimi böyük, dahi sənətkarımız, aşıq sənətinin dahi ustadı Dədə Ədaləti biz itirdik. Onun dünyasını dəyişməsi aşıq sənətimiz üçün böyük itgi oldu. Sentyabr ayının 15-də Qazaxda onun abidəsinin açılışı oldu. Mən də orada çıxış edib, öz ürək sözlərimi dedim. Aşıq Ədalətlə bağlı xatirələrimi danışdım. O, mənə çox yaxın insan idi. Bəli, ölkə başçımız düz deyir ki, rayonlarda İcra Hakimiyyəti başçılarından çox şey asılıdır. Birinci yaxşı olanda, ikinci və ondan sonrakılar da yaxşı olur. Bizim Qazaxa getməyimizi Bakıda fəaliyyət göstərən “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika -riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov təşkil etmişdi. Elə aşıq Ədalətin heykəlinin qoyulması da Qazax rayon İcra Hakimiyyətinin və “Qazax Xeyriyyə” İctimai Birliyinin birgə təşəbbüsü olub. Həmin heykəlin ərsəyə gəlməsində İlham Pirməmədov Qazaxda çox olub. İcra Hakimiyyəti başçısı Rəcəb Abbas oğlu Babaşovla birlikdə çox işlər görüblər. Qranitdən çox möhtəşəm bir abidə ucaldıblar. Deməli, aşıq Ədalət əbədi yaşayacaq. Bu abidənin ətrafında tez-tez saz-söz bayramları keçiriləcək. Bura bundan sonra sazın-sözün bayramı üçün bir mərkəz olacaq. Bax bu da məhz iki nəfər -Rəcəb müəllim və İlham müəllim başda olmaqla Qazax camaatının ağlının, düşüncəsinin məhsuludur. Mən həmişə deyirəm. Gərək ölünün də, dirinin də yiyəsi olsun. Sahibi olsun. Aşıq Dədə Ədalətin də sahibi Qazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov və “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov oldu. Onların əlaqələri, isti münasibətləri özünün gözəl bəhrəsini verdi. Sentyabr ayının 15-də bütün Qazax camaatı ayağa qalxmışdı. Böyük qəbirstanlığa adamlar o qədər çox gəlmişdi ki, yer yox idi. Eləcə də şəhərin mərkəzində mən axırıncı 30 ildə belə möhtəşəm izdiham, bayram görməmişdim. Oradakı tədbirdə belə qərara alındı ki, hər il bir dəfə burada aşıq festifalı keçirilsin. Bir şeyə də sevinirəm ki, sağ olsun İlham Pirməmmədov, akademik Teymur Bünyadovla məni Ədalətin ölümündən iki saat əvvəl onunla görüşə apardı. Söhbətimiz əsnasında artıq son saatlarını yaşayan Ədaləti mən güldürdüm. Ona dedim ki, “sən böyük sənətkarsan, dahisən. Yadındadımı Qazaxda mənim yubileyimdə sən də saz çalırdın. Axırda gəlib yanımda çaldın. Dedim ki, Ədalət bir “Yanıq Kərəmi” çal ki, ürəyimiz yansın. Sən də dedin ki, elə bayaqdan “Yanıq Kərəmi” çalıram də”. Bu sözləri eşidəndə o, ucadan güldü. Biz, qayıdıb gələndən sonra gecə zəng vurdular ki, Ədalət dünyasını dəyişdi. Ədalətin əməyi də dövlət tərəfindən özünün layiqli qiymətini aldı. Ona Əməkdar incəsənət xadimi kimi fəxri ad, orden verildi. Xalqın məhəbbəti isə ona ən böyük mükafat idi.
Mən yeri düşdüyünə görə onu da vurğulayım ki, Birinci Vitse- prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində muğam sənətimiz, aşıq sənətimiz, ozan sənətimiz YUNESKO-nun siyahısına düşdü. İndi hər il beynəlxaq muğam müsabiqələri keçirilir. Oğlanlara birlikdə çoxlu qızlarımız aşıq sənətini dünyada layiqincə təbliğ edirlər. Artıq Azərbaycan muğam sənətinini, aşıq sənətini Mehriban xanımın sayəsində bütün dünya qəbul edir. Dünya xalqları, maddi mədəni irsimiz olan bunları yüksək dəyərləndirirlər. Sovet dövründə aşıq sənətinə elə də yüksək qiymət verilməsə də Ədalət bütün təpkilərə baxmayaraq sazı ürəkdən çalır və bu musiqi alətini dünyada tanıdırdı. Onun qara sazı vardı. Heç bir bəzəyi də yox idi. Amma Ədalət həmin sazı çalanda elə bil ki, bir ansambl səslənirdi.
-Bəs Qazaxda axır vaxtlar görülən işlərlə bağlı hansı təəssüratlarla qayıtmısınız?
-Çox yüksək təəsüratlarla qayıtmışam. Qazax cammatı çox ziyalı, elmli camaatdı. Onlar yaxşıyla pisi həmin dəqiqə qiymətləndirməyi bacarırlar. Orada İcra Hakimiyyəti başçısı olmaq da asan deyil. İnanın ki, bütün Qazax camaatı Rəcəb müəllimin xeyirxahlığından, rayon üçün gördüyü böyük işlərdən, rüşvətin kökünü necə kəsməsindən danışır. O, insanların güzəranının yaxşılaşması üçün əlindən gələni edir. Rayonun tarixini, ifrastrukturunu mükəmməl bilir. Bütün günü Qazaxın kəndlərini gəzib, orada yaşayanların güzəranı ilə maraqlanır. Bütün problemləri elə oradaca, yerindəcə həll edir. Yüksək yaddaşı var. Rayonun üzdə olan bütün ziyalılarını yaxşı tanıyır. Onun ayrıca qəbul günü yoxdur. Kimlər ona müraciət edirsə elə həmin gün qəbul edib, həmin insanların problemini həll edir. Ali məktəbə qəbul olan imkansız tələbələrin bütün maliyyə xərclərini rayonun gəlirləri hesabına ödəyir. Rəcəb müəllimin yüksək ziyalı mədəniyyətinə, alicənablığına mən heyran oldum. Onda Qazax torpağına, rayon camaatına böyük məhəbbət var. O, cənab Prezidentin dediklərini, tövsiyyələrini yüksək səviyyədə rayonda həyata keçirir.
Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Məhərrəm Böyükağa oğlu Quliyev də onun kimi rayon camaatı üçün əlindən gələni edir. O da Ağstafanın yaxşı inkişaf etməsi üçün gecə-gündüz çalışır. Rayonun mədəni inkişaf etməsi, insanların rifah halının yaxşılaşması üçün bütün bacarığını sərf edir. Ağstafada mənim görüşümü keçirirdilər. Məhərrəm müəllimin göstərişilə bütün Qazax, Tovuz rayonunun da ziyalılarını həmin görüşə cəlb eləmişdilər. Rəcəb Babaşovla, Məhərrəm Quliyev dosturlar. Çox məsələləri də birlikdə həll edirlər. İcra hakimiyyəti başçılarının da bir-birilə dost olması, sirdaş olması yaxşı hadisədir. Hətta onlar yaxşı mənada rəqabət aparacaqlar ki, görək kimin rəhbərlik etdiyi rayon daha yaxşı inkişaf edir.
Cənab prezidentimiz İlham Əliyev axır vaxtlar Ağstafaya, Qazaxa çox gedib. Orada çoxlu obyektlərin açılışında iştirak edib. Cənab Prezidentin Azərbaycanın bütün rayonlarına diqqəti çox olduğu kimi Qazax bölgəsinə də diqqəti böyükdür. Mən də hər iki rayonun rəhbərliyinə gələcək işlərində böyük uğurlar arzu edirəm. İcra Hakimiyyəti başçısı getdiyi rayon üçün işıq deməkdir. O, həmin yerə işıq aparmalıdır. Çünki rayonun başqa rəhbər işçiləri də ona baxıb nümunə götürürlər. Hər bir rayonun rəhbərinin gördüyü yaxşı və pis işlərdə ilk öncə cənab Prezidentin adı hallanır. Çünki onu həmin rayona cənab Prezident təyin edib. İcra Hakimiyyəti başçısı çox məsuliyyətli və çətin işdir. Ölkə başçısına xalqın sevgisini yerli rəhbərlər istəsələr daha çox artıra bilərlər. Onsuz da cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bu müddətdə xalq üçün, ölkə üçün əlindən gələni edir. Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyinin tarixi bayram kimi keçirilməsi və bu ilin Cümhuriyyət ili kimi qəbul olunması böyük tarixi hadisədir. Bakıda belə möhtəşəm Kitab evinin açılması da tarixi hadisədir. Bu, cənab Prezident tərəfindən xalqı mənəvi cəhətdən yaşatması deməkdir. İcra Hakimiyyəti başçıları elə cənab Prezidentin dediklərini layiqincə yerinə yetirsələr bu özü böyük işdir. Bu tarixi ildən bütün rayon rəhbərləri, yüksək rütbəli məmurlar yaxşı mənada, xalq üçün uğurlu işlər görməkdən bəhrələnməlidirlər. Ona görə də hər bir Rayon İcra Hakimiyyəti başçısı özlərindən sonra həmin rayonlarda böyük abidələr, yaraşıqlı binalar, gözəl parklar, abad yollar, çoxlu sənaye, kənd təsərrüfatı obyektləri qoyub getməlidirlər. İnsanların rufah halını yaxşılaşdırmalıdırlar. Bax həmin vaxtı onlar bu rayonun tarixində ən bacarıqlı insanlar, rəhbərlər kimi yaddaşlarda qalacaqlar və şöhrətli olacaqlar. Necə ki, Rəcəb Babaşov Dədə Ədalətin heykəlini ucaltmaqla həmin bölgədə əbədi yaddaşlarda qaldı. O, bu heykəlin ucaldılması ilə öz heykəlini də camaatın qəlbində əbədi ucaltdı.
Bəli, 15 sentyabr 2018-ci il Qazax rayonunun tarixinə, yadda qalan bir gün kimi düşdü. Həmin tədbirin sonunda söz Dədə Ədalət məktəbindən bəhrələnən, ondan bu sənətin sirrlərini öyrənən aşıqlara verildi. Aşıqlar Əli Quliyev, Avdı Musayev və Şaiq İncəli Dədə Ədalətin insanların qəlbini riqqətə gətirən, könüllər oxşayan ifalarını qəbri üstündə böyük coşqu ilə səsləndirdilər.
Sonda Aşıq Ədalət Dəlidağlının ifasında vaxtı ilə Dədə Ədalətin möhrünü vurduğu, insanların qəlbində bu hava ilə özünə yurd saldığı “Yanıq Kərəmi” mahnsının sədaları altında abidənin üzərindəki ağ örpək götürüldü və Ədalət sevərlər abidə qarşısında öz ehtiramlarını bir daha bildirdilər. Abidənin önünə gül dəstələri qoydular. Həmin gün Qazaxda saz-söz bayramı oldu.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !