Cavadxan QASIMOV: - ƏSRİN MÜQAVİLƏSİ: ÖMÜRLÜK QÜRUR TARİXİMİZ

Cavadxan QASIMOV: ƏSRİN MÜQAVİLƏSİ: ÖMÜRLÜK QÜRUR TARİXİMİZ

Azərbaycan Respublikası ulu öndər böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə müasir müstəqilliyin ilk illərində güclü iradə ilə, qətiyyətlə, uğurlara köklənməklə strateji inkişaf xəttini başlatdı. Bunlar ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından əsaslarını götürən iqtisadi islahatlardan ibarət olmaqla yeni iqisadi şəraitə, sosial mühitə və makroiqtisadi zəminə hesablanan ən mütərəqqi tədbirlərin təməlini təşkil edirdi.
1993-cü ildə xalqımızın tələbi və istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə tarixi QAYIDIŞ edən böyük rəhbər respublikanı daxili və xarici təhlükələrdən xilas etdi, qorudu və dünyanın hörmət etdiyi, hesablaşdığı və tərəfdaş kimi qəbul etdiyi bir ölkəyə çevirdi. Bu ölkə isə siyasi və iqtisadi müstəqilliyini möhkəmlətməyi hədəfləyən, addım-addım buna nail olan, uzaq gələcək üçün güclü perspektivlər açmağı bacaran və müdrik liderinin rəhbərliyi ilə elə müdrikləşən Azərbaycan Respublikası idi. Ulu öndərin ölkəmizdə Prezident kimi fəaliyyətə başladığı ilk gündən artıq dünya ölkələri və onların başçıları Azərbaycan dövlətinin adı qarşısındakı məsuliyyətini hiss etməyə başladı, onu ciddi qəbul etdi və milli maraqlarının qorunması sahəsindəki tədbilərinə hörmətlə yanaşdı. Artıq böyük güclər və onların vuran qolları yaxşı başa düşürdülər ki, Heydər Əliyev adı qarşısında zor və güc deyil, yalnız ağıl və siyasət anlayışları işlədilməlidir və bu keyfiyyətlər isə yalnız böyük şəxsiyyətlə danışa bilmək üçün heç də hamıda olmaya bilər. Ulu öndər öz usta siyasətçi və ən böyük Azərbaycanlı kimliyi ilə bir zamanlar dünyanın siyasi xəritəsində silinmə təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı xilas etdi, qorudu, yaşatdı və dünyanın böyük ölkələri ilə tərəfdaş, iştirakçı və ortaq kimi yüksək zirvələrə qaldırdı. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin düşdüyü gərgin sosial-iqtisadi vəziyyət, siyasi və hərbi nizamsızlıq, müharibə şəraiti və digər sahələrdəki sarsıntılar əhatə dairəsini genişləndirməklə böhranı daha da ağıralaşdırırdı. Ancaq həmin şəraitin neqativliyi Heydər Əliyevin böyüklüyü qarşısında çox aciz qalırdı və bu isə ölkəmizdə xilaskarlıq missiyasını çiyinlərinə alan dahi şəxsiyyətə tükənməz xalq və millət sevgisindən irəli gəlirdi. İlk olaraq tarixi düşmənlərimiz ermənilərin torpaqlarımıza təcavüzünə son qoyularaq davamlı atəşkəsin bərqərar edilməsi, müharibənin dayandırılması və sülh məqsədli danışıqlar prosesinin başlanması istiqamətindəki tədbirlər öz bəhrəsini verdi və bu, ölkəmizin sosial-iqtisadi inkişafı üçün münbit şəraitə çevrildi.
Beləliklə, 1994-cü ilin 12 may tarixindən torpaqlarımızda baş alıb gedən müharibəyə, atəşə son qoyuldu. Analar oğul fəryadından, bacılar qardaş harayından, ailələr başsız qalmaqdan xilas oldu. Hadisələrin belə pozitiv gedişi qətiyyətli rəhbərimizə və Onun yenidən qurduğu Azərbaycana olan hörmətin və rəğbətin ən mühüm ifadəsi idi.
Atəşkəsin bərqərar olması ölkəmizə milli iqtisadiyyat quruculuğunda yeni imkanlar açdı, perspektivlər verdi, inkişaf üçün yolları şaxələndirdi. Nəticədə isə ölkəmizdə beynəlxalq aləmə çıxış üçün səmərəli şərait yarandı. Azərbaycan dövləti öz təbii sərvətlərini həm qiymətləndimək, həm də ondan məhsuldar istifadə etmək üçün inamlı addımlar atdı. Daxildəki xaosun aradan qaldırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, sosial ədalətin, iqtisadi dayanıqlığın bərqarar olması yaranmaqda olan gücümüzə yeni güc qatırdı. Bir sözlə, dünya ölkələri böyük Heydər Əliyevin, onun yaradıcı ideya və təşəbbüslərinin qarşısında həqiqətən də zəif olduqlarını qəbul edirdilər. Və həmin ideyaların, həmin təşəbbüslərin yalnız sülh, əmiəmanlıq, inkişaf və bu kimi humanizm dəyərlərinə xidmət etdiyini anlayırdılar. Təbii ki, belə bir şəraitdə Azərbaycanla tərəfdaş olmaq, dostluq etmək, onun müdrik rəhbərinə səmimiyyətlə yanaşmaq böyük ölkə rəhbərlərinin də ürəyincə idi. Çünki, yeniləşən dünyada siyasət məktəbindən öyrənmək elə həmin ölkələrin iqtisadi inkişafına da xeyirli idi.
1994-cü ilin sentyabr ayı Azərbaycan dövlətinin daxili siyasətinin bazası əsasında, onun səmərəliliyi üzərində yeni inkişaf səhifələrinin açılması üçün başlanğıc oldu. Dahi Heydər Əliyevin müdrikliyi bütün ölkələri Azərbaycanda sağlam siyasi və iqtisadi şəriat üçün münbit zəminlərin olduğuna inandıra bildi. Bu isə təbii ki, əməkdaşlığın təhlükəsizliyinə və inkişafına olan ümidləri də artırırdı. Əlbəttə ki, proseslərin nəzərdə tutulan məqsədləri əhatə etməsi həmin ilin sentyabr ayının 20-də Gülüstan sarayında tarixə haqlı olaraq Heydər Əliyevin neft etrategiyası kimi düşən “Əsrin Müqaviləsi”nin imzalanmasına yol açdı. Bu möhtəşəm tədbir hətta müasir dünya iqtisadiyyatında çox böyük tarixi hadisə olaraq dəyərləndirildi. Müqavilənin imzalanmasında iştirak edən ölkələr həm də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, haqq səsinə dəstək vermiş oldular. Nəzərə alsaq ki, müqavilədə ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və digər ölkələr iştirak edirdi, onda belə məntiqi şəkildə deyə bilərik ki, böyük Heydər Əliyev cəmi on bir ayda Azərbaycanı ABŞ qədər inkişaf etdirdi, Türkiyə qədər dünyaya çıxışını təmin etdi, Səudiyyə Ərəbistanı qədər zənginləşdirdi, Rusiya qədər qüdrətləndirdi.
“Əsrin müqaviləsi” bütün dövrlər üzrə iqtisadi mahiyyəti ilə yanaşı həm də ölkənin:
- siyasi suverenliyinin davamlılığına təminat verdi. Bu dövrdən başlayaraq, Azərbaycan Respublikası siyasi sabitliyinin qorunması, ictimai əminəmanlığının davamlılığı sahəsində çox böyük yol qət etdi;
- iqtisadi siyasətinin ölkə hüdudlarından çıxaraq beynəlxalq mahiyyətə malik olmasında həlledici mərhələnin əsasları qoyulmuş oldu. Beynəlxalq iqtisadi təşkilatlara inteqrasiya prosesləri daha da sürətləndi. Dünya iqtisadiyyatında Azərbaycan Respublikasının mövqeyi və təşəbbüsləri nəzərə alındı;
- sosial dayanıqlığını möhkəmləndirdi. Həyata keçirilən islahatlar iqtisadiyyatın sosiallaşma səviyyəsinin daha da yüksəlməsinə stimul verdi. Bu isə təbii ki, özünü əhalinin rifah göstəricilərinin artmasında göstərmiş oldu;
- hərbi potensialının inkişafına təkanverici təsir etdi. Makroiqtisadi gücün artması ölkənin maliyyə siyasətinin səmərəliliyinə və məqsədyönlülüyünə diqqətin də davamlılığına imkanlar açdı. Bu isə təbii ki, ölkənin hərbi üstünlüklərinin əhatə dairəsini daha da artırmış oldu;
- iqtisadiyyatının hədəf və prioritetlər baxımından çoxşaxəliliyinə zəmin yaratdı. Neft sektorunun inkişafı bu sahədəki məqsədlərin daha da qətiyyətlə gerçəkləşməsini sürətləndirdi. Uzaq gələcək üçün müəyyən edilən məqsədlər çərçivəsində qeyri-neft sektorunun inkişafında stimullaşdırıcı amillərin səfərbər edilməsinə şərait yaratdı.
Artıq bu gün dünyanın yeni çağırışlarına səs verən Azərbaycan iqtisadiyyatı milli iqtisadiyyatın perspektivləri üzrə tədbirlərini daha böyük inamla həyata keçirməkdə, layihələrini qətiyyətlə gerçəkləşdirməkdədir. Bu gün dünya ölkələri Azərbaycandan irəli sürülən təşəbbüslərin fonunda bir-biri ilə dostluq və əməkdaşlıq, tərəfdaşlıq və işbirliyi içərisindədirlərsə, həqiqətən də bu, öz hüquqi, iqtisadi, sosial və beynəlxalq başlanğıc və əhəmiyyətini məhz “Əsrin Müqaviləsi”nin ruhu ilə artırmaqdadır. Bu o deməkdir ki, Azərbaycan Respublikası iştirakçısı olduğu hər bir müqaviləyə, razılaşmaya sadiqdir, onu qorumağı və zənginləşdirməyi bacarır və bundan yalnız sülh, əminəmanlıq və dünyəvi humanizm dəyərlərinin inkişafı üçün istifadə edir. Eyni zamanda bu potensialın təminatında bütün dünya ölkələrinin davamlı inkişafı məqsədləri üstün tutulur.
“Əsrin Müqaviləsi”ndən keçən 24 ildə, daha doğrusu, əsrin dörddə birinə qədər müddətdə Azərbaycan tam olaraq bir əsrə bərabər inkişaf yolu keçdi. İqtisadiyyat yeni perspektivlərə malik oldu. Belə ki, :
- əhalinin sosial rifahı, yaşayış səviyyəsi bütün təbəqələrdən olan insanların dövlət qayğısı ilə əhatə olunması məsələlərinə diqqət artırıldı;
- məşğulluq imkanları daha da genişləndi. Regionların sosial-iqtisadi ikişafında əsas məqsəd bütün tərəfləri ilə yanaşı, həm də məhz əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət oldu;
- istehsal və sosial infrastruktur potensialı daha gücləndirildi. Rayonlarla yanaşı, ucqar kəndlərdə belə kommunal təminatlar yaradıldı. İstehsal münasibətləri inkişaf etdi ki, bu da məskunlaşma siyasətinə səmərəlilik gətirdi;
- artan miqyasda təşkil edilən zəruri təminatlar iqtisadiyyatın sahə strukturu üzrə məhsuldarlıq göstəricilərinə çevrildi. Bununla da mezoiqtisadi mahiyyət milli iqtisadiyyata hərəkətverici təsirlə formalaşdı;
- iqtisadiyyatın təşkili və idarəedilməsində keyfiyyətcə yeni mərhələlər bir-birini əvəz etdi. Özəl bölmənin inkişafına, sahibkarlıq fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsinə diqqət artırıldı və s.
Bu gün ölkə başçısı cənab İlham Əliyev “Əsrin Müqaviləsi”nin dünyaya sülh gətirdiyini hər addımda sübut etməkdədir. Regionda və dünyada gedən proseslərdə Azərbaycanın rolu, mövqeyi və təşəbbüsləri müasir dünyanın da çox zəruri mənzərəsini təmin etdi. Bu gün artıq Azərbaycan “Əsrin Müqaviləsi”ndən yeni Əsrin Müqaviləsinədək, İpək Yolundan Dəmir İpək Yolunadək çox böyük tarixi, iqtisadi, eləcə də bütün sahələrə aid inkişaf yolu keçməkdədir.
Beləliklə, “Əsrin Müqaviləsi” imzalanmasından keçən 24 il Azərbaycanın müasir tarixinin ən qürurverici səhifələrini təşkil etməkdədir. Keçən müddətdə ölkəmizdə artan miqyasda və yüksək göstəricilərlə davam edən iqtisadi proseslər “Əsrin Müqaviləsi”nin önəmini bir daha da artırmaqdadır. Eyni zamanda bu, neftdən gələn gəlirlərin məqsədyönlü və səmərəli istifadə edildiyini ifadə etməkdədir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !