Sona Vəliyeva: - Şairlər

Sona Vəliyeva: Şairlər

Şairlər

Şeirlərində hər zaman
sözün ağrısından keçərlər,
söyləməyə
həqiqətin acısını
seçərlər şairlər...
Tanrı aşiqi,
eşq dəlisi olduğundan
çox vaxt sevməzlər
şairləri...
Dostu çox, sirdaşı az,
bostanı daşlı,
könlünün gözü yaşlı olar
şairin...
Bəzən də xəbislər
elə bilərlər
kiminsə yerinə doğulub
kiminsə yerini tutub,
ya da kiminsə qazanacağı
uğuru qazanıb.
Yavanlığı ürəyinin yağı,
şeiri ömrünün çırağı,
dünyanın dərd ortağı
olan şairlər...
Bəzən yanan əlinin sınması,
gözünün kor olması,
isteadının yoxa çıxması
arzulanar şairin...
Qəfil bir ölüm
dəyişər hər şeyi...
Hörmətə, şöhrətə ucalar şair,
Nekroloqlar, uydurulmuş
xatirələr asar özünü
qəzetlərdən...
Həsəd aparar adam
dünən qısqanılana,
qarğanana...
Ölüm bəxtəvərliyə
qaldırar şairi...
Dərindən nəfəs alar
bəzi başsağlığı imzalayanlar,
üstündən yük götürülmüş kimi...
İçimdə bir ağrı
sızlatdı məni,
dinlədim ağrının
səsini...
Ehey, gedənlər, qalanlar,
ölümə tələsənlər,
ölümü yubananlar,
mən ölümdən iyrəndim,
yaşamaqdan bezdim.
Mən insanlıq adına,
şair urvatına görə
əl boyda daş olmaq istədim.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )