Əbülfət MƏDƏTOĞLU: - BU QİSMƏTƏ DƏ ŞÜKÜR...

Əbülfət MƏDƏTOĞLU: BU QİSMƏTƏ DƏ ŞÜKÜR...

BU QİSMƏTƏ DƏ ŞÜKÜR...


Bu günümün yaşam payın
Ələdim, üzdə qəm qaldı...
Mən əvvəldən düzdə idim -
Mənimlə düz də qəm qaldı...


İşim anı sarımaqdı...
O da anın sarı vaxtı!
An da mənə sarı baxdı -
Hesabımızda kəm qaldı...


Kim isə bir təklif etdi
Anım qəfil sona yetdi...
Sevinc "Hələlik" lə getdi -
Qəm də mənimlə dəm qaldı...


Məni anla ömrüm, günüm
Yorğun düşdü ahım , ünüm...
Ovcumda soyumuş külüm -
Yanağımda Zəm-zəm qaldı...

 

 

                                                                                   ***

 

SƏSİM


Elə bil daş daşıyıb -
Yorulub, yatır səsim...
Bir az da tənhalıqdan-
Səssizcə batır səsim!..


Sən də məni dur, anla
Əlimdəki Quranla
Dilimdəki duamla -
Allaha çatır səsim!..


Ruhumu söndür - bağla
Məni səhfəndə tağla...
Dəyərsiz sayma, saxla -
Qoy olsun yatır səsim...

 

 

 

 

                                                                                         ***

 

HƏR GÜNÜMÜN SUALI


Dən kimi üyüdürəm
Bu ömrü narın - narın...
Dərə biləcəyəmmi -
Bu ömrün barın - barın?!


Gün ki , bitməyib hələ
Ruhumu nura bələ...
Səndən mənə yol gələ -
Görəm ki, arın -arın!..


Duyğular sarı simdi
Göz yaşlarımda çimdi...
Soruşam gələn kimdi ? -
Deyə ki, yarın, yarın...

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )