Əbülfət MƏDƏTOĞLU: - MASAZIRDAN NAXÇIVANA...(Asim Yadigara məktub)

Əbülfət MƏDƏTOĞLU: MASAZIRDAN NAXÇIVANA...(Asim Yadigara məktub)

Salam Asim müəllim!

Mən köhnə zamanın adamı olduğum üçün fikirlərimi məktub vasitəsilə sizə çatdırmaq qərarına gəldim. İstədim ki, üzbəüz demək imkanımı zamana, şəraitə, maddi duruma rəğmən onu kağıza köçürüm, məktub edim. Çox götür-qoydan sonra ağlıma gələni gerçəkləşdirmək üçün dayandım bilgisayarın önündə.

İndi düşünəcəksiniz ki, ilin-günün bu vaxtında bu nə məktub sevdasıdı? Hardan qaynaqlanır bu məktub məsələsi?

Tələsməyin, bir az səbr edin. Onsuz da sizli-bizli hamımız bu xalqın övladıyıq və biz də dözümlü xalqıq. Ona görə dözümlüyük ki, Göyçəsiz qalmağa, Dərbəndsiz qalmağa, Borçalısız qalmağa, Təbrizsiz qalmağa, indi də Şuşasız qalmağa dözürük.

Hətta Təbriz, Dərbənd, Borçalı ayrılığını artıq arxivin hansısa bir küncünə atmışıq. Sadəcə bayatılarımızla, nağıllarımızla, dastanlarımızla və bir də bugünkü qələm adamlarının yazı-pozularıyla xatırlayırıq dediyim o yerləri. Həmin torpaqların adını beləcə anırıq, beləcə dilimizə "inşallah, qovuşarıq!" kəlamını gətirirk.

Hə, məlumdu ki, Kərim də, İnşallah da, elə Lazımın özü də oturub yol gözləyir. Onlar da bizim kimi həsrət çəkirlər. Biz isə dözürük... Və... Dözümümüzü ürəyi dolu olanlarımız, ürəyi o torpaqlarla döyünən yazarlarımız sinəsini masaya söykəyir, gözünün nuruna ürəyinin pıçıltılarını qatır. Sonra da əvvəl özü-özünü oxuyur, səsi oxuculara gedib çatır. O sözlər bəzən nəğmə də olur, şüar da, çağırış da.

Əzizim Asim müəllim!

Azərbaycan ədəbiyyatında Araz dərdini Azərbaycanın hüdudlarından çox-çox uzaqlara aparan böyük şairlərimiz, söz adamlarımız olub və bu gün də var. Təkcə xalqın yaddaşına həkk olunmuş və ədəbi yaşama haqqını qazanmış Süleyman Rüstəm, Rəsul Rzanı, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, xatırlamaq, məncə, özü-özlüyündə çox mətləblərə aydınlıq gətirə bilər. Xüsusilə Məmməd İnfil oğlu İbrahimovun Məmməd Araz olması Araz sevgimizin, Araz həsrətimizin ölçülərini dünya xəritəsinin maştabından çıxarır. Bax, mən də bu yaşıma qədər oxuduğum cənub həsrətli şeirlərimizi, Araz yanğılı poeziya nümunələrimizi xatırlaya-xatırlaya gəlib çıxmışam sizin şeirlərin qapısına...

Əzizim Asim Yadigar!

Doğrusunu deyim ki, mənə bağışladığınız kitabların içərisində bu şeirlərin ayrıca bir bölüm olduğuna öncə diqqət yetirməmişdim. Amma bu günlərdə təkrar qayıtdım sizin kitablara və seçilmiş əsərlərinizin birinci cildinin 115-ci səhifəsində "Döyüş bayraqlı şəhərim" başlığı diqqətimi çəkdi. Yenə tam səmimi deyirəm. Həmin səhifədə cəmi dörd misra var idi. Oxudum həmin misraları. Amma hiss etdim ki, bu dörd misra hardansa qopub ayrılıb. Burda başlıq kimi verdiyiniz bənd ifadə olunmur.

 

 

Ona görə də tez növbəti səhifəyə keçdim. Vərəqlədim və nəhayət mənə aydın oldu ki, bu bölümdəki şeirlər təbriz həsrətli şeirlərdi, Cənub nisgilli şeirlərdi, Təbrizə qədəm qoymuş şairin duyğularıdı, Təbrizi ziyarət etmiş Asim Yadigarın könül pıçıltılarıdı. Özü də bütün bunlar təkcə Təbrizin, Cənubun ifadəsi, təqdimatı, tərənnümü deyil. Bu şeirlər həm də Göyçə nisgillidi... Dərbənd ağrılıdı... Borçalı haraylı... Şuşa fəryadlıdı... Çünki siz bu dərdləri köynəyindən keçirən, özünün bir parçasına çevirən şairsiniz. Ona görə də o yaşam, o duyğular, o ifadələr sizi mənim gözlərimin önündə daha da ucaltdı, bütövlüyünüz daha da möhtəşəm oldu. Siz yazmısınız:

 


Səni gördüm, yenə könlüm açıldı,

Düşdü burda yada Şuşam, Tərbizim.

Elə bil ki, yaralandım sinəmdən,

Sənə necə nəğmə qoşum, Təbrizim.

 


Ürəyimi namərd oxu deşibdi,

Dərd dağlayıb qəlbim dərddən şişibdi.

Qismətimə ayrılıqlar düşübdü,

Mən burda da qərib quşam Təbrizim.

 


Bir zamanlar Təbriz deyib ağlardım

Öz ahımla neçə sinə dağlardım.

Bir bulaq tək bu dərd ilə çağlardım,

Bilməm indi necə coşam, Təbrizim!

 


... Tarixdə çox sərtləşməyin olubdu,

Sərtləşməyin, mərdləşməyin olubdu,

Heç Şuşanla dərdləşməyin olubdu?

Düşürmü heç yada Şuşam, Təbrizim?!

 


Əziz dostum!

Bir parçasını təqdim etdiyim "Təbrizim" şeirin məni uşaqlığıma, məktəb illərimə qaytardı.

Onda Dağlıq Qarabağın Tuğ kəndində yaşayırdım. Və xalq şairi Süleyman Rüstəmin "Təbrizim" şeirini təkcə məktəbli kimi yox, həm də böyüklərimlə Araz qırağına gəlib ordan cənuba boylanıb haldan-hala düşən bir ailənin nümayəndəsi kimi içimdə çox pıçıldamışam, çox söyləmişəm.

 

 

Və elə bilmişəm ki, bu şeiri nə qədər yaxşı əzbərləsəm, nə qədər ürəkdən ifadə etsəm, onda Arazı daha tez keçəcəm, onda Təbrizə daha tez çatacam...

Təbii ki, bu uşaq istəyi idi, uşaq arzuları idi. Və bu gün də o istək, o arzu öz yerindən bir iynə boyu da olsun geri çəkilməyib.

Amma istəyə, arzuya baxmayaraq, həyatın öz diktəsi, öz gerçəklikləri də var. Neçə-neçə ailəyə, yüzlərlə insana, o cümlədən də sizə sovet dönəmindən fərqli olaraq indiki dövrümüzdə Arazın üstündən keçmək, Təbrizi, Ərdəbili, daha haraları görmək nəsib olub. Deyəcəksiniz ki, bu bir turistin, bu bir gəzmək, görmək istəyən insanın gerçəkləşən arzusu idi.

Sizinlə razılaşıram. Amma siz də etiraf edin ki, bu bizim müstəqillikdən əldə etdiyimiz böyük uğurlardan biri idi. Heç olmasa azad vətəndaş kimi istənilən ölkəyə gedib görüb gəlmək imkanımız var...

 

Bəli, dəyərli qardaşım, yazırsan ki:


Xəyal məndən öndə çapır

Düzü Təbrizə, Təbrizə.

Yol gedirəm, Ulu tanrım,

Üzü Təbrizə, Təbrizə.

 


Bu yol Təbrizin yoludu,

Əsrin ən uzun yoludu.

Aparıram qəlbdə odu,

Közü Təbrizə, Təbrizə.


Söz şəkərdi, baldı deyin,

 

Ürək susub, laldı deyin.

Saxlamışam şirin-şirin

Sözü Təbrizə, Təbrizə.


Yanıq həsrət - yalan olub

Məndən dalda qalan olub.

 

Məndən qabaq salan olub

İzi Təbrizə, Təbrizə.


Yer-göy həsrət ahı çəkir

Neçə arzu, duyğu çəkir.

Xətainin ruhu çəkir,

 

Bizi Təbrizə, Təbrizə.


...Gəldim, gördüm qəlb sevindi

Gözəldən doymaq çətindi.

Düşüb Asimin indi

Gözü Təbrizə, Təbrizə.

 


Və bir də yazırsan ki:

 


Culfadan Təbrizəcən şeir dedik, söz dedik,

Sinəmizi yandırıb həsrət adlı köz dedik,

Ürək vüsal istədi, vədəsi var, "Döz” dedik.

Bu gün vüsal günüdür, sinəm sözlə doludur,

 

Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur...

Nə kiriyib susmusan, Elçi dağı, dinsənə,

Təbrizə qonaq gəlir, köhlən atı minsənə,

Sən Təbrizə müjdə ver, müjdə verim mən sənə,

 

Bu gün vüsal günüdür, sinəm sözlə doludur,

Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.


Həsrətdən don biçmişəm, göynəyim var, göynəyim,

Əynimdə həsrət adlı köynəyim var, köynəyim.

 

Qoyma həsrətdən donum, göyüm-göyüm göynəyim,

Bu gün vüsal günüdür, sinəm sözlə doludur,

Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.


Canım qəmdən bezibdir, qəm də canımdan bezir,

 

Mən dərdə dözməsəm də canım hər dəfə dözür,

Bu yolda Xətainin ruhu sərgərdan gəzir,

Bu gün vüsal günüdür, sinəm sözlə doludur,

Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.

 


Təbriz şirin ləhcəli dilimin paytaxtıdır,

Bölüm-bölüm bölünən elimin paytaxtıdır.

Azərbaycan adlanan gülümün paytaxtıdır,

Bu gün vüsal günüdür, sinəm sözlə doludur,

Bu yol Təbrizə gedir, bu yol Təbriz yoludur.

 


Şair qardaşım!

Bu bölümdəki şeirlərinin hər biri məni sənə yol yoldaşı etdi - Təbrizdə, Ərdəbildə, Zəncanda, Tehranda. Gəzdim, gözlərimlə baxdım sən görən yerlərə.

Gözlərimdən köçürdüm sənin gördüklərini.

Və bir də şeirlərindən tamamladım görə bilmədiklərimi. Ona görə də bu məktubu yazmaq və şeirlərində mənə bağışladığın Təbrizə görə, Zəncana görə, bütövlükdə Arazın o biri üzünə görə, sənə təşəkkür edirəm.

Özün yazmısan ki, şairlər kövrək olur. Və vurğulamısan:

 

Naxçıvana gələndə şairlər kövrək olur,

Bir kövrəklik duyulur söhbətində, sözündə.

Bir həsrətin kök salmış izini görmək olur,

Hər şairin buludlu baxışında, gözündə.

 


Naxçıvandan Təbrizin yolu yaxın görünür,

Burda vüsalla hicran üç qardaşdı elə bil.

Burda neçə şairin bağrı al-qana dönür,

Araz duymur bunları - qəlbi daşdır elə bil.

 


Arazın mürgü vuran quzu dalğaları tək,

Uyuyur qeyrətimiz, cürətimiz bu yerdə.

Gündən-günə böyüyən xan Arazın özü tək,

Gündən-günə böyüyür həsrətimiz bu yerdə.

 


Naxçıvana gələndə şairlər kövrək olur

Bu kövrəklik, həzinlik sormayın ki, nədəndi.

Bu yurda qonaq gələn şairlər kövrələndə

Bütövlüyə can atan paralanmış Vətəndi.

 


Əziz qardaşım, dostum Asim Yadigar!

 

Sənə ünvanladığım bu məktubda Cənub nisgilli şeirlərinlə bağlı yaşadığın ovqatın müəyyən hissəsini ifadə etməyə çalışdım. Bilmirəm alındımı, demək istədiklərimi çatdıra bildimmi? Amma inan ki, bu gözəl duyğu çələnginin içərisində mən çox zamanları bir araya gətirə bildim. Çox düşüncələri bir kök altına saldım. Və nəhayət, sənin ürəyinə, qələminə ehtiram əlaməti olaraq "min yaşa! dedim. 

adalet.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !