Ağalar İdrisoğlu: - Vətəni iman əsəri bilənlər (+FOTOLAR)

Ağalar İdrisoğlu: Vətəni iman əsəri bilənlər (+FOTOLAR)

Vətəni iman əsəri bilənlər

 

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ətrafında sıx birləşməli və sarsılmaz həmrəylik nümaiş etdirməlidirlər. Yalnız bu yolla biz Azərbaycanı dünyanın ən qüdrətli dövlətilərindən biri edə bilərik.
Heydər Əliyev.


İlk dispor təşkilatımızın həyata vəsiqə alması Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin adı ilə bağlıdır. O, 1949-cu ildə Türkiyədə “Azərbaycan Kültür Dərnəyi” yaratmaqla bu müqəddəs işin əsasını qoyub. Yeddi il sonra isə Azərbaycan Xalq Cumhuriyyətinin başqa bir aparıcı nümayəndəsi və həmin vaxtlar Amerikada yaşayan Nağı Şeyxzamanlının oğlu Saleh Şeyxzamanlı ABŞ-da “Amerikanın Azərbaycan Cəmiyyəti” təşkilatını yaradıb. Hər iki təşkilat az bir zamanda xaricdə yaşayan azərbaycanlılar tərəfindən çox müsbət hal kimi qarşılanıb və onlar həmin təşkilatların üzvü olublar. Bundan sonra bir-birinə daha yaxından köməkliklər ediblər.
Beləliklə də, bu gün həmin estafetin davamı olaraq, dünyada 400-dən artıq Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu gün Müstəqil Azərbaycan ölkəsinin rəhbərinin və əsas aparıcı liderlərinin vəzifəsi də bu olmalıdır ki, həmin tışkilatları vahid mərkəzdə birləşdirməyi qarşılarına əsas məqsəd kimi qoysunlar. Çünki bunu bizdən bu günkü zaman tələb edir. Necə ki, dünyanın çox ölkələri yüz ildən artıqdır ki, bu işləri görürlər. Elə bədnam qonşularımız erməni gavurlarının pullu adamları bu sahədə çox böyük həvəslə milyonlar xərcləyirlər. Hətta ermənilərin guya genasidə məruz qaldıqları ağ yalanı bütün dünya xalqlarına sübut etməkçün milyardlarla dollarından belə keçirlər. Dünyanın çoxlu aparıcı informasiya vasitələrini pulla ələ alıb, bu işə, bədnam əmələ, ağ yalana yönəldirlər…
Bütün bu xaoslarla, hərc-mərcliklə birlikdə sevindirici hal odur ki, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin axırlarından baslayaraq, bu sahədə maraqlı islər görülməyə baslanılıb. Belə ki, 1991-ci ilin dekadr ayının 16-da Naxçıvan Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması təklifi, təşəbbüsü ilə çıxış edib və bu haqda Naxçıvan Ali Məclisində qərar qədul olunub. Yenə də ümummilli liderimizin təşəbbüsü ilə 1997-ci ilin dekadr ayının 27-də Respublika Sarayında keçirilən toplantı da bu sahədə əsas addımlardan biri olub.
Ulu öndərin həmin toplantıda dediyi bu sözlər bura toplaşan həmvətənlərimizi həqiqi mənada silkəliyib: “Biz bu torpaqda yaşayan azərbaycanlılar, basqa ölkələrdə yaşayan soydaşlarımız haqqında həmişə düşünürük. Onlarla əlaqə yaratmaq istəyirik və həmimşə onlarla həmrəyliyimizi bildirməyə çalışırıq... Bu günkü müstəqil Azərbaycan Respublikası bilin ki, bütün dünya azərbaycanlılarının dayağıdır. Və bütün dünya azərbaycanlıları üçün örnəkdir. Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və yaşayacaqdır!”
Heydər Əliyev həmişə dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli munasibətlərini möhkəmləndirməyi, milli özunəməxsusluğu qorumağı, diasporlar arası əlaqələri genişləndirməyi, xaricdə yasayan soydaşlarımızın hüquqlarının müdafisini qorumağı çox vacib hesab edirdi. Onun bu arzusu reallaşır və dünyada yaşayan azərbaycanlılar artıq başa düşür ki, bir təşkilat ətrafında birləşməklə çox şeylər əldə etmək olar.
2001-ci ilin noyabr ayının 9-10 tarixlərində dünya azərbaycanlılarının Bakıda keçirilən I Qurultayı böyük tarixi hadisə olmaqla bütün həmvətənlərimizin vahid ideya-azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda əhəmiyyətli bir addım oldu. 2002-ci ilin iyun ayında prezident Heydər Əliyevin Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması böyük tarixi hadisə olmaqla Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında müstəsna əhəmiyyət kəsb etdi. Bu Komitə işə başladığı qısa bir vaxtda Dünya Azərbaycanlılarının həmrəyliyinə, soydaslarımızın mənəvi birliyinin yaradılmasına mühüm təkan verdi. 2002-ci ilin dekadr ayının 27-də isə növbəti maraqlı bir addım atıldı. “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun da xaricdə yaşayan azərbaycanlılar arasında çox böyük perspektivlər açdı. Və onların Azərbaycanın mənafeyi ətrafında sıx birləşməsinə yaxşı şərait yaratdı. Azərbaycanın həyatında ən böyük tarixi hadisə isə axırıncı yüzillikdə Heydər Əliyevin ideyası, uzaqgörən siyasəti ilə Bakı, Tbilisi, Ceyhan neft kəmərinin çəkilməsi oldu. Təsəvvür edin ki, məşhur türk fatehləri Çingiz xan, Əmir Teymur, İldırım Bəyazit, Şah Ismayıl, Sultan Səlim və başqaları türkdilli xalqları qılınc gücünə birləşdirmək istəsələr də tarixlər boyu bu istəklərinə nail ola bilmədilər. Amma Heydər Əliyev neft və artıq çəkilişi İlham Əliyev tərəfindən başa çatan qaz kəmərləri, tikintisi artıq başa çatan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə həm iqtisadi, həm sənaye, həm mənəvi, həm mədəni və həm də ədəbiyyat sahələrilə bütün türkdilli xalqları birləşdirildi və onlar bir müqəddəs ideya ətrafına cəlb olundular. Yəqin elə buna görədir ki, Heydər Əliyev sağlığında tez-tez bu atalar sözlərini işlədirdi: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.
Azərbaycan diasporunun həyatında ən mühüm hadisələrdən biri də 2004-cü ilin oktyabr ayında oldu. Bu da Azərbaycan və Rusiya prezidentlərinin istirakı ilə Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayının keçirilməsi idi. Bu Qurultay da azərbaycanlıların Rusiyada sıx birləşməsinə, eyni fikrə gəlməsinə böyük təkan verdi. 2006-cı ilin mart ayının 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi böyük tarixi hadisə olmaqla sübut elədi ki, həmvətənlərimiz istəsələr tezlikə böyuk birlik, milli həmrəylik yarada bilərlər.
2008-ci ilin dekabr ayının 18 və 19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası da böyük tarixi hadisə oldu. Belə ki, toplantıda yeddi yüz nəfərdən artıq həmvətənlərimizin, xarici qonaqların, bütün ölkələrdəki diaspor rəhbərlərinin iştirak etməsi maraqlı hadisə idi. Bu tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının layihəsi müzakirə olunaraq qəbul olundu. Bu sənədin də əsas məqsədi diaspor təşkilatlarının qarşısında duran vəzifələri müəyyənləşdirmək, Azərbaycan lobbiçiliyini qurmaq, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə dəstək vermək, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fəaliyyət istiqamətlərini müəyyən etmək idi. Bu sənədin yekdilliklə qəbul olması doğrudan da böyük tarixi hadisə oldu. Və millətimizin böyük qələbəsi oldu. Onu da vurğulamaq istəyirəm ki, Dünya Azərbaycanıllarının Əlaqələndirmə Şurasının bu toplantısının keçirilməsində ölkə başçımızın əməyi çox olub.
Qeyd edək ki, bu gün diaspor işimizdə uğurlarımız olmaqla, hələ görüləsi çox işlərimiz var. Çünki, başqa millətlər bu sahədə bizdən daha çox işlər görüblər və görürlər. Biz yazarların da əsas məqsədlərindən biri bu olmalıdır ki, xaricdə yaşayan və Azərbaycan üçün işlər görən həmvətənlərimiz haqqında yazıb, onları xalqımıza daha yaxından tanıtmalıyıq. Onları yaşadıqları xarici ölkələrdə daha çox işlər görməyə həvəsləndirməliyik.
Qarşımda cəmi 30 yaşı olan, amma öz yaşından daha cavan görünən, gülər üzlü, həlim sifətli, yüksək düşüncə, ağıl sahibinə malik bir xanım əyləşib. Əgər özü düməsə heç cür təsəvvür etmək olmaz ki, bu xanım polis sistemində işləyir. O, daha çox incəsənət işçisi- musiqiçi, rəssam təsiri bağışlayır. Nərgiz Fərda qızı Məmmədova. Mən istəyirəm ki, bu adı və soy adı oxucular yaddaşlarında saxlasınlar. Çünki dünyanın ən aparıcı ölkələrindən biri olan İngiltərədə yaşayan Nərgiz xanımla apardığım müsahibədən onun Vətən üçün necə yanıb-döndüyünün şahidi olacaqlar. Nərgiz xanımın İngiltərədəki Azərbaycanlı Qadınlar Konqresindəki fəaliyyətindən, oradakı diaspora təşkilatımızla əlaqələrinin sıx olmasının şahidi olacaqlar. İlk öncə bu xanımla oxucularımızı daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Nərgiz Fərda qızı Məmmədova 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun babası Kamal Məmmədov Böyük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb və müharibədən sinəsi dolu orden-medallarla qayıdıb. Övladlarına vətəni sevməyi, yeri gələndə onun azadlığı yolunda vuruşmağı, mübarizə aparmağı da öyrədib. Məhz buna görə də Nərgiz xanımın atası Fərda müəllim də ali təhsilli mühəndis kimi ordu sıralarında xidmətdən sonra Azərbaycanın bir çox neft müəssisələrində mühəndis işləyib və bu gün də yaxşı mütəxəssis kimi öz işini davam etdirir. İşlədiyi kollektivdə hamının sevimlisidir. Anası Bilqeys xanım da Neft Akademiyasını bitirsə də ömrünü yetim uşaqların tərbiyəsinə, onlara maliyyə yardımı olunmasına sərf edib. 2006-cı ildə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbi bitirən Nərgiz xanım yüksək balla Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olub. Amma ailələri elə həmin il İngiltərəyə köçdüyünə görə Nərgiz Məmmədova da ora yaşamağa gedib. Orada Kollecə daxil olub və paralel şəxsi sektorlarda işləməyə başlayıb. Kolleci yüksək balla bitirən Nərgiz xanım ali təhsili olmasa da imtahan verib və magistraturya qəbul olub. İngiltərənin Liverpul şəhərində magistraturanı bitirən Nərgiz xanım üçün yüksək vəzifələrdə işləməyə yaxşı şanslar yaranıb. Amma Nərgiz Məmmədova bu işlərdən yalnız Polis sistemində işləməyi üstün tutub. Baxmayaraq ki, valideyinləri 26 yaşlı zərif bir qızın polis sistemində işləməsinə razı olmayıblar. Lakin Nərgiz xanım öz inadından dönməyib. İmtahan verərək yüksək balla polis sisteminə qəbul olub və artıq polis zabitidir. Özü də London şəhərinin mərkəzində, insanların daha çox gur olduğu Bukingem sarayının yanındakı Polis idarəsində çalışır. O, təcili tapşırıqlar üzrə polis zabitidir. Bu da İngiltərədə ən cavabdehli polis sistemi sahəsidir.


-Siz artıq 12 ildir ki, Azərbaycandan İngiltərəyə yaşamağa gedibsiniz. Bəs Azərbaycanda yaşadığınız illəri necə xatırlayırsınız?


-Mən təhsil aldığım 23 nömrəli tam orta məktəb, beynəlmiləl məktəb idi. Bu məktəbdə oxumağımla fəxr edirəm. Burada oxuyan bütün millətlərin nümayəndələri bir-birilə çox mehriban idilər. Mənim uşaqlıq illərim 1990-cı illərdəki xaos dövrünə düşdü. Az qalmışdı ki, vətəndaş müharibəsi olsun. Yaxşı ki, həmin vaxtı ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və vətədaş müharibəsinin qarşısını aldı. Sonra təhsilə də ciddi fikir verildi. Ümumiyyətlə Azərbaycanda yavaş-yavaş hər şey yaxşılaşdı. İndi Azərbaycan dünyanın ən çiçəkləyən ölkələrindən biridir. Axırıncı 10-15 ildə Azərbaycan çox sürətlə inkişaf edir. Mən hər dəfə doğma yurdum Azərbaycana gələndə və burada görülən uğurlu işləri görəndə çox sevinirəm. Hər dəfə Azərbaycana gələndə əlbəttə, uşaqlıq illərim tez-tez yadıma düşür. Həmin vaxtı Bakıda köhnə evlər və ümumi həyətlər vardı. Biz, ayrı-ayrı millətlərdən olan uşaqlar həmin həyətdə yığışıb mahnı oxuyur, hətta bir həyət o biri həyətlə futbol yarışı da oynayırdıq. Bax həmin günləri heç vaxt unuda bilmirəm. O illər mənim həyatımın ən əziz illəri, ülvi xatirələri kimi yaddaşıma əbədilik yazılıb.
-Siz deyirsiniz ki, Azərbaycana tez-tez gəlirsiniz. Hər dəfə gələndə hansı yeniliklərlə rastlaşırsınız?
-Mən səmimi deyim ki, Azərbaycan çox yüksək səviyyədə və elə bil hər gün dəyişir və gözəlləşir. Bunu siz Azərbaycanda olanlar ola bilər ki, lazım olan kimi görmürsünüz. Amma biz 2-3 ildən bir gələn adamlar daha yaxşı görürük. Əlbəttə, mən bura gələndə əsasən Bakıda oluram, amma Azərbaycanın rayonlarına gedəndə də bu inkişafı görürəm. Azərbaycan gözəlləşir və dünyanın gözəl ölkələrindən birinə çevrilir. Əlbəttə, mən də bir azərbaycanlı kimi bundan qürur duyuram. Sevinirəm ki, burada mədəniyyət də çox sürətlə inkişaf edir. Azərbaycan Avropa ölkələrinin mədəniyyətinə doğru sürətlə irəliləyir. Açığı mən İngiltərəyə köçəndə gördüm ki, orada yaşayanların Azərbaycan haqqında təsəvvürü çox azdır. Amma axır vaxtlar Azərbaycanın Eurovizion yarışında qalib gəlməsi, Azərbaycanda Formula-1 yarışlarının, Avropa Olimpiya oyununun və İslam Ölkələri Həmrəyliyi yarışlarının keçirilməsi bu ölkəyə marağı çox artırdı. Artıq İngiltərədə də Azərbaycan haqqında çox danışmağa başladılar. Əlbəttə ki, yalnız xoş sözlər.


-Siz ömrünüzün 18 ilini Azərbaycanda, 12 ilini İngiltərədə yaşayan bir gənc xanım kimi bu ölkələr arasında hansı fərqi görürsünüz?


-Azərbaycanda ailə maraqları, ailəyə diqqət, sevgi daha çoxdur. Valideyinlər istəyirlər ki, onların övladları yanlarında qalsın. Başqa yerlərə köçüb getməsinlər. Onlar öz övladlarına çox şeyi diqtə edirlər. Çox işi onların əvəzinə özləri görürlər. Amma İngiltərədə bu tamam başqa cürdür. İngiltərədə yaşayan valideyinlər çalışırlar ki, övladlarını sərbəst yaşamağa öyrətsinlər. Valideyinlər uşaqları şəxsiyyət kimi yetişdirməyə çalışırlar. Onlara daha çox sərbəstlik verirlər ki, özləri-özlərinə şərait yarada bilsinlər. Cəmiyyətdə öz yerlərini məhz öz bacarıqları, öz savadları, ağılları ilə tuta bilsinlər. İngiltərədə şəxsiyyətə daha çox fikir verilir. Azərbaycandan fərqli olaraq orada qohumbazluq, yerlibazlıq, tayfabazlıq, pulla vəzifəyə qoymaq əlaqələri yoxdur. Əgər sənin biliyin, savadın, bacarığın, yüksək təşkilatçılığın varsa sənin qarşını heç kim ala bilməz. Əslində hamı sənə köməklik edəcək ki, sən inkişaf edəsən. Orada həm də milli ayrı-seçkilik, qohumbazlıq ənənələri demək olar ki, yox dərəcəsindədir. Bunu mən özüm də hər an hiss eləmişəm. Mənə bacarığıma, savadıma, təşkilatçılığıma görə hər yerdə köməklik ediblər. Hər cür şərait yaradıblar ki, arzularımı reallaşdırım. Bilirsiniz ki, dünyada 2 mindən çox xalq və 3 mindən çox danışıq dili var. Onların da dilləri, məşğuliyyətləri, mədəniyyətləri, ictimai-iqtisadi quruluşları və dinləri müxtəlifdir. Maraqlıdır ki, bu millətlərin nümayəndələrindən demək olar hamısı İngiltərədə yaşayır. Bütün millətlərə və onların dini etiqadlarına da eyni gözlə baxılır. Aralarında heç bir fərq qoyulmur. Onların hamısı İngiltərənin vətəndaşıdır və bir vətəndaş kimi ona hər cür şərait yaradılıb. Ona görə də orada bütün millətlərin qarışığı olan mədəniyyət var. Orada tolerantlıq çox inkişaf edib. Bütün millətlərin mədəniyyətinə yüksək səviyyədə hörmət olunur. İngiltərədə demokratiya, söz azadlığı çox yüksək səviyyədədir. Hər insan, millətindən asılı olmayaraq öz fikirlərini və tənqidi sözlərini istədiyi kimi deyə bilər. Öz dini etiqadlarını lazım olan səviyyədə tıbliğ edə bilər. Bu fikirlərinə, əməllərinə görə ona qarşı heç kimin cəza tətbiq etməsi və ya həmin adamı təhqir etməsi mümkün deyil. Orada insan hansısa cinayət etsə yalnız həmin vaxtı onu həbs edirlər. Ölkə başçısını, yüksək rütbəli məmuru tənqid etdiyinə görə yox.


-Siz neçə ildir ki, polis sistemində işləyirsiniz?


-Artıq 4 ildir ki, polis zabitiyəm. Mənim iş yerim də Londonun mərkəzindədir. Harada kı, insanlar daha çox olur. Belə yerdə işləmək də əlbəttə, çox çətindir. Çünki belə yerə yalnız yüksək təfəkkürlü, yaxşı təşkilatçı, insanlarla tez dil tapmağı, asayişi yüksək səviyyədə qorumağı bacaran polis işçilərini təyin edirlər.
-Sizin kimi belə zərif qızı, həm də azərbaycanlını belə cavabdehli işə necə təyin ediblər?
-Mən yuxarıda dedim ki, İngiltərədə millətlər arasında heç bir ayrı-seçkilik yoxdur. Qohumbazlıq, yerlibazlıq, yüksək rütbəli məmurun övladı olmaq və rüşvət orada heç bir rol oynamır. Məni yüksək səviyyədə imtahan etdilər. Biliyimi, bacarığımı, peşəkar, əlbəyaxa idmanla yüksək səviyyədə məşğul olduğumu görüb, polis sisteminə işə götürdülər. Onu da vurğulayım ki, bu gün İngiltərədə polis sistemində işləyənlərin ən azında 30 faizi qadınlar, qızlardır.
-Sizdən başqa İngiltərədə polis sistemində işləyən azərbaycanlı qız varmı?
-Mən hələ ki, orada polis sistemində heç bir azərbaycanlı qıza, qadına rast gəlməmişəm. Amma başqa millətlərdən olan qadınlar, qızlar çoxdur.


-Siz neçə dil bilirsiniz?


-Mən azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirəm. Bunlardan başqa fransız, alman, slavak, serb dillərini də bilirəm. Həm də kar və lallarla da sərbəst danışmağı bacarıram.
-İngiltərədə Azərbaycan Diaspora Mərkəzi fəaliyyət göstərir. Sizin onlarla əlaqələriniz varmı?
-Mən Xaricdə yaşayan Azərbaycan Qadınları Konqresinin İngiltərə üzrə təşkilatının üzvüyəm. Tez-tez onların tədbirlərində iştirak edirəm. Biz orada həm də imkansız azərbaycanlı ailələrinə ianə toplayırıq və onların təhsil almasına, ingilis dilini mükəmməl öyrənməsinə köməklik edirik. Azərbaycan Diaspor Mərkəzi ilə də əlaqələrim var. Amma orada az oluram. Əsasən də onlar Qarabağla, Xocalı ilə, dövlətçiliklə, müstəqilliklə bağlı tədbirlər keçirəndə orada yüksək səviyyədə iştirak edirəm. Azərbaycan incəsənət işçiləri Londona gələndə onların tədbirlərində oluram. Bu yaxınlarda Bakılı Oğlanlar KVN qrupu Londonda olmuşdu. Min nəfərə yaxın adamın iştirak etdiyi həmin konsert zalındakı tədbirdə iştirak etmişəm. Həmin tədbirdə olanlar demək olar ki, hamısı azərbaycanlılar idi. Onlar İngiltərənin hər yerindən bura gəlmişdilər. Orada çoxlu azərbaycanlılarla da tanış oldum. Bu tədbirə biletlər üç ay əvvəldən satılmışdı. Həmin tədbirdən sonra bir daha qürür duydum ki, mən azərbaycanlıyam.
-Londonda azərbaycanlılar çox yaşayır?
-Başqa millətlərə nisbətən Londonda azərbaycanlılar az yaşayır. Amma aralarında yaxşı birlik, mehribanlıq var. Axır vaxtlar isə bu daha çox inkişaf edir. Çünki hamı başa düşür ki, bizim birliyimiz yalnız işlərimizin xeyrinədir.


-Polis sitemindəki işiniz sizi yormur ki? Zərif qızın belə cavabdehli işdə işləməsi çətin deyil ki?


-Hər gün işə gedəndə bilmirsən ki, nə hadisələr baş verəcək. Bizim işimiz elədir ki, sən iş başında dünyanı da dəyişə bilərsən. Çünki birdən təcili zəng gəlir ki, hadisə baş verib və orada olmalısan. Amma bilmirsən ki, nə hadisə baş verib. Çünki rəhbərlərimiz bunu bizə əvvəlcədə demirlər ki, orada nə baş verib? Neçə nəfər ölüb? Bu hadisədə zərər çəkənlər kimlərdir? Biz yalnız həmin yerə gedib çatanda nə hadisə baş verdiyini bilirik. Həmin dəqiqə də düzgün qərar qəbul etməyi bacarmalısan. Burada da vəziyyətdən çıxmaq, cinayətkarı zərərsizləşdirmək üçün ağıl, savad, yüksək təfəkkür böyük rol oynayır. Ona görə də əvvəlcədən hər şeyə hazır olmalısan. Mən həmin yerlərə gedəndə məşhur sərkərdə Şeyx Şamilin bu sözlərini həmişə yadıma salıram: “Ölümünü düşünərək döyüşə atılandan qəhrəman olmaz”. Azərbaycana gəlməmişdən əvvəl məni göndərmişdilər ki, gülləbarana məruz qalan jurnalistləri qoruyaq. Bacardığım qədər bu işin öhdəsindən gəldim və bütün jurnalistlər sağ qaldılar. Həmin işimə görə şahzadə Çarliz mənim əlimi sıxıb, bu xidmətimə görə öz təşəkkürünü bildirdi. Keçən il mənim iş günümdə terroristlər Parlamentə hücum edib, Qremfel Ticarət Mərkəzində çoxlu adamları güllələdilər. Bilirsiniz ki, Qrenfel Ticarət Mərkəzi dünyanın ən böyük ticarət mərkəzlərindən biridir. Biz, bütün gücümüzü sərf edib terroristləri zərərsizləşdirdik. Həmin gün mənim iş yoldaşım olan polis də dünyasını dəyişdi. Mən onu şəxsən yaxından tanımasam da hamı deyirdi ki, çox vətənpərvər oğlandı. Həmin güllə mənə də dəyə bilərdi. Çünki mən də atışma olan mərkəzdə idim. Bizim bu uğurlu işimizə görə şahzadə Çarlis bizə öz təşəkkürünü, minnətdarlığını bildirdi.


-Sizə bu işlərinizə görə mükafatlar verilirmi?


-Bu bizim işimizdir və biz də öz işimizi vicdanla yerinə yetiririk. Buna görə heç kimdən təşəkkür gözləmirik. Bu işdə gərək elə gözlənilməz qəhrəmanlıq eləyəsən ki, əməyini orden-medalla təltif etsinlər. Bu da çox təsadüfən olur. Çünki İngiltərədə yaşayanların hər biri öz işini vicdanla yerinə yetirir və heç kimdən mükafat gözləmirlər. Orada ən böyük mükafat İngiltərənin maraqlarına xidmət etməkdir.


-İngiltərədə insanların güzəranı necədir? Adamlar necə yaşayırlar?


-Orada həyat səviyyəsi əlbəttə, çox yaxşıdır. Onlar inanırlar ki, gələcəkləri yaxşı olacaq. Orada dövlət tərəfindən insanlara təminat çox yüksəkdir. Ölkə rəhbərliyi çalışır və əlindən gələni edir ki, orada hər bir adam yaxşı yaşasın. İşsizlik olmasın. Ən əsası isə millətindən asılı olmayaraq heç kim arasında ayrı-seçkilik qoyulmur. Ölkə başçısı hamını öz vətəndaşı bilir. Onların güzəranının yaxşı olması, həyat səviyyələrinin yüksəlişi, təminatı ölkə rəhbərlərinin ali məqsədidir.
-Gələcək arzularınız haqqında danışın.
-Mənim gələcək arzularım yenə də polis sistemində öz işimi davam etdirməkdir. Gələcəkdə məqsədim polis sisteminin insan alveri ilə bağlı sahəsində çalışmaqdır. Çünki bu gün dünyada insan alveri özünün pik nöqtəsinə çatıb. Bu sahədə çoxlu qadınların həyatı faciə ilə bitir. Hətta mən Londonda insan alveri ilə məşğul olan bir neçə adamı da zərərsizləşdirmişəm. Onların həbs olunmasında xidmətlərim də olub. Ona görə də bu sahəyə marağım çox böyükdür. İnanıram ki, bu sahədə də özümü doğruldacam.


-Siz ailə həyatı qurmusunuz?


-Nişanlıyam. Gələcək həyat yoldaşım Riçard milliyatca ingilisdir. Liverpul şəhərindəndir və həm də “Liverpul” futbol komandasının böyük azarkeşidir. Gələn il ailə həyatı quracağıq və gələn dəfə Azərbaycana gələndə onunla birlikdə gələcəm. Ona Azərbaycan haqqında çox danışmışam. Bizim ölkə haqqında məlumatları çoxdur. Böyük həvəslə bura gəlmək istəyir. Onu da vurğulayım ki, baxmayaraq mən 12 ildir İngiltərədə yaşayıram, amma Azərbaycana, doğma yurda çox bağlıyam. Mənim üçün Vətən iman əsəridir. Ona görə də fikirləşirəm ki, hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, öz doğma ölkəsini orada təbliğ etməli, öz həmvətənlərini uca tutmalıdır. Azərbaycanın dünya millətləri arasında öz imzası, öz sözü hökmən olmalıdır. Bu müqəddəs işdə əsas missiya da biz, xaricdə yaşayan azərbaycanlıların ali məqsədi olmalıdır.

Ağalar İDRİSOĞLU
Əməkdar inəsənət xadimi

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )