Rüfət Quliyev: - Xəzər dənizinin hüquqi statusuna dair ...

Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair ...

Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalaması tarixi nailiyyətdir. 22 il ərzində bu məsələ ilə bağlı aparılan danışıqlar nəhayət ki, öz müsbət nəticəsini verdi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni perspektivlər açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Milli Məclisin deputatı bildirib ki, Zirvə toplantısında prezidentlər, həmçinin Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri də müzakirə etdilər. Eyni zamanda, Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb.

İmzalanan Konvensiyanın Azərbaycana xüsusi iqtisadi dividendlər vəd etdiyini söyləyən deputat bildirib ki, bu sənəd ölkəmizin milli maraqlarına da tam cavab verir, eyni zamanda, Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı irimiqyaslı iqtisadi layihələrin davamlılığını təmin edir. Belə ki, Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. “Əlbəttə ki, bu sənəd region ölkələri arasında daha geniş əməkdaşlığa yol açır, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrin genişləndirilməsinə imkan yaradır”,-deyə deputat vurğulayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !