Satıcı qadınlar "oturmaq haqqını" necə qazana bilərlər?... -

Satıcı qadınlar "oturmaq haqqını" necə qazana bilərlər?...

Hindistanın Kerala ştatında qadın birlikləri ştatda "oturma haqqını" qazanıblar. BBC Hindi müxbiri İmran Qureyşi xəbər verir.

Maya Devi uzun illər parça mağazasında satıcı işləyib. Lakin o deyir ki, işlədiyi müddətdə oturmağa haqqı yox idi.

"Hətta dükanda heç bir müştəri olmayanda belə otura bilmirdik", o xatırlayır. O, hətta tualetə belə gedə bilmədiyini deyir. Onun yaşadıqları qeyri-adi hadisə deyil.

Hindistanın Kerala ştatında zərgərlik və geyim dükanlarında işləyən qadınlar deyirlər ki, bu qaydalara əməl etmədikdə maaşları kəsilirdi.

Bu qaydalar o qədər geniş yayılmışdı ki, artıq işçilər "oturmaq haqqını" əldə etmək üçün mübarizəyə başlamalı olurlar və nəticədə onlar qalib gəlirlər.

Kerala ştatının rəhbərliyi bildirib ki, iyulun 4-dən sonra onlar qanuna dəyişiklik edərək işçilərin oturmasına icazə verəcəklər.

"Əvvəllər mümkün olmayan şeylər indi baş verir", Əmək Departamentindən yüksək çinli məmur belə deyib.

Yeni qaydalara görə, qadınlar tualetə getmək haqqını da qazanırlar. Rəsminin dediyinə görə, qanunu pozduqlarına görə dükan sahibləri cəzalana bilərlər.


Viji Palithodi "oturmaq haqqı" mübarizəsinə rəhbərlik edib.


"Bu elə məsələdir ki, oturmaq, su içmək və ya tualetə getmək haqqını əldə etmək üçün xüsusi qanuna ehtiyac olmadığını fikirləşə bilərsiniz", həmkarlar ittifaqının lideri Maitreyi deyir.

"Bu, təkcə Kerala ştatına xas hal deyil, digər ştatlarda da belədir", o əlavə edir.

Pərakəndə satışla məşğul olan dükanlarda işçilərin əksəriyyətini qadınlar təşkil edir. Onlar isə bir çox hallarda qanunlarla müdafiə olunmurlar.

43 yaşlı Devi deyir ki, 2014-cü ildə iş yoldaşları ilə birgə yükəsk maaş tələb edən həmkarlar ittifaqı yaratmağa cəhd göstərdiyi üçün işdən çıxarılıb.


"Oturmaq haqqı" hərəkatının təşəbbüskarı Penkootam adlı həmkarlar ittifaqıdır


O deyir ki, "oturmaq haqqı" hərəkatına rəhbərlik edən 48 yaşlı Viji Palithodi-dən ilham alıb.

Xanım Palithodi 16 yaşı olanda geyim mağazasında işə başlayıb. Bu müddətdə o, xanım Devi kimi qadınlarla tanış olur və onların hekayələrini eşidir. Qərara alır ki, nəsə eləsin.

2000-ci illərdən o, qadınları bir araya toplayaraq onların maaşlarını və iş şəraitini müzakirə edir.

"Qadınlar öz problemlərindən bəhs edir, yay ərzində heç su da içmədiklərindən danışırdılar", Palithodi deyir. Onlar tualetə gedə bilmədikləri üçün sağlamlıqlarında tez-tez problemlərin olduğunu bildirirlər.

Onun sözlərinə görə, bir çox qadınlar oturmağa icazələri olmadığı üçün şikayət ediblər.

"Menecerlər təhlükəsizlik kameralarından izləyərək oturmağa imkan tapmış qadınların maaşlarını kəsirdilər, hətta dükanda heç bir müştəri olmayanda belə...", o xatırlayır.


Pərakəndə satış dükanlarında işləyənlərin əksəriyyətini qadınlar təşkil edir


Onun sözlərinə görə, menecerləri bəzi qadın işçilərə tualetə getmək istədikləri zaman alt paltarlarına plastik torba bağlamalarını tövsiyə edib.

"Bu təhqir bizi həmkarlar ittifaqı yaratmağa vadar etdi", Palithodi deyir.

2009-cu ildə "Qadın İzdihamı" adlanan qadın qrupunu təşkil edilir. Daha sonralar qrup həmkarlar ittifaqına çevriləcəkdi.

İndi bu hərəkat artıq təkcə "oturmaq haqqı" deyil, həm də daha yaxşı əmək haqları və iş şəraiti uğrunda da mübarizə aparır.Hindistan: necə oldu ki, satıcı qadınlar "oturmaq haqqını" qazandılar? 

BBC AZƏRBAYCANCA

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )